Əlaqə Arxiv
news Image
2018.09.08
09:00
| A A A
Mobil telefonlar orta məktəblərdə təhsilin keyfiyyətinə mənfi təsir edir
Kamran Əsədov: “Hətta müəllimlərin belə mobil telefonla dərsə daxil olmasını məhdudlaşdırmaq lazımdır”

Azərbaycanda məktəbəqədər və orta təhsil müəssisələrində mobil rabitə vasitələrinin istifadəsinin qadağan olunması təklif olunub. Bununla bağlı yeni hazırlanan “Orta ümumtəhsil məktəbləri haqqında” qanun layihəsində xüsusi bənd, İnzibati Xətalar Məcəlləsində isə əlavələrin edilməsi gözlənilir. Yeni qanun layihəsinin hazır olduğu təqdirdə Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarıla bilər. 

Mütəxəssislər isə bu qadağa fərqli yanaşırlar. Belə ki, qadağanın artıq olduğunu düşünənlərlə yanaşı, bunun təhsilin keyftiyyətinə müsbət təsir göstərəcəyini düşünənlər də var. Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov ilk növbədə onu qeyd etdi ki, ölkəmizin təhsil müəssisələrinin elektron resurslardan istifadəsinə görə dünyanın bir sıra aparıcı ölkələri ilə müqayisədə geridə qalır: “Hər bir orta məktəb şagirdi tədris ilində minimum 11 fənn oxuyur, onların kitablarını əldə edir. Halbuki sosial şəbəkələrdə qeydiyyatdan keçən şagirdlərin sayı faydalı elektron resurslardan, dərsliklərdən istifadə edənlərdən qat-qat çoxdur. Ona görə orta ümumtəhsil müəssisələrində yaşanan bəzi xoşagəlməz hadisələr də telefonun gətirdiyi nəticələrdir. Bütün bunları nəzərə alaraq, orta məktəblərdə mobil telefon istifadəsinin qadağan olunması məqsədəuyğundur. 
Əlbəttə ki, orta məktəb şagirdinə mobil telefon yalnız valideynləri ilə əlaqə saxlamaq üçün vacibdir. Yəni, onun məktəbə daxil olması, məktəbdən çıxması barədə valideyininə operativ məlumat verir. Amma təklif edirəm ki, bunun üçün orta məktəblərin girişində turniketlər quraşdırılsın. Əl izi, yaxud hansısa vasitə ilə şagirdlərin məktəbə daxil olması həyata keçirilsə, valideynlər də bundan xəbərdar olar. Həmçinin, məktəblərin girişində böyük şkaflar yerləşdirib, hər bir şagirdə nömrə vermək, dərs vaxtı elektron vasitələrini, mobil telefonlarını orada saxlamağa şərait yaratmaq olar”.
Ekspert əlavə etdi ki, qanunvericilik aktlarına uyğun olaraq, məktəbin daxili nizam-intizamının təmin olunmasına birbaşa məsuliyyət daşıyan məktəb rəhbəri şagirdlərin məktəbdə telefondan istifadəsi məsələsinin tənzimlənməsi ilə bağlı bu və ya digər qərarı verməkdə müstəqildir: “Qüvvədə olan qanunvericiliyə görə, təhsil müəssisələrində zərurət olduğu təqdirdə, yalnız araşdırma və hər hansı müvafiq tətqiqat aparmaq məqsədilə mobil texnologiyalardan - mobil telefonlardan, planşetlərdən istifadə edilə bilər. Elektron vasitələr, mobil telefonlar şagirdlərin dərsə diqqətinin yayınmasına gətirib çıxarır. Ona görə, hətta müəllimlərin belə mobil telefonla dərsə daxil olmasını məhdudlaşdırmaq lazımdır. Çünki, dərs zamanı müəllimə zəng gəlir, o bayıra çıxdıqda dərsin gedişatı pozulur. 
Ümumiyyətlə, tədris prosesinin gedişatını pozan vasitələrin orta məktəblərdə səmərəsiz istifadəsinə yol verməmək lazımdır. Amma elektron lövhələr, dərs izah etmək üçün istifadə edilən cihazlar, tədris prosesində faydalı məlumatlar almaq üçün işlədilən vasitələr məktəblərdə ola bilər. Sadəcə, elektron dərsliklər istifadə olunmadığına görə, orta məktəblərdə mobil telefon qadağasını gündəmə gətirmək doğru olar”.
Kamran Əsədov əlavə etdi ki, dünya ölkələrində də bundan istifadə olunur: “Belə ki, Fransa parlamenti ölkədə cari tədris ilində 15 yaşından aşağı olan şagirdlərə məktəb ərazisində telefondan istifadəni qadağan edib. Fransa ilə yanaşı, Avropanın 4 dövləti və ABŞ-ın 13 ştatında məktəb ərazisində telefondan istifadə qadağan edilib. Ölkəmizdə belə bir qadağanın tətbiq olunması yalnız təhsilin keyfiyyətinə müsbət təsir göstərə bilər”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz