Əlaqə Arxiv
news Image
2018.09.14
13:37
| A A A
Çirkab suları dənizə axıdılır - 46 fakt aşkar edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Xəzər dənizində mövcud vəziyyəti yaxşılaşdırmaq və çirkləndirmənin qarşısını almaq məqsədilə Xaçmaz, Astara, Lənkəran rayonları, Sumqayıt şəhəri və Bakı şəhərinin Binəqədi və Sabunçu rayonlarının Xəzər sahili ərazilərində birgə reydlər keçirilib.

Movqe.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov deyib. Onun sözlərinə görə, reydlər zamanı Xəzər sahilində yerləşən bəzi istirahət mərkəzlərində və ictimai-iaşə obyektlərində formalaşan məişət tullantılarının və çirkab suların düzgün idarə olunmadığı müəyyən edilib. Məişət tullantılarının qalaqlanması və çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizə axıdılması ilə bağlı 46 fakt aşkar olunub.

F.Mütəllimov əlavə edib ki, nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib və onlar inzibati qaydada cərimə ediliblər: "Sevindirici haldir ki, keçirilən reydlərin nəticəsi olaraq artıq bəzi obyekt sahibləri tərəfindən verilən göstərişlərin icrası təmin edilib. Lənkəran və Astara rayonları və Bakı şəhərinin Sabunçu rayonunda obyektlər tərəfindən məcburi göstərişlər yerinə yetirilib və tullantıların təmizlənməsi təmin olunub. Digər rayonlarda isə hazırda bu istiqamətdə tədbirlər görülməkdədir".

Nazirlik rəsmisi bildirib ki, ETSN tərəfindən görülən tədbirlər Xəzər dənizinin çirklənməsinin qarşısını almağa hədəflənib: "Tərəfimizdən mümkün olan hər şey edilir ki, Xəzər ekoloji sabitlik zonasına çevrilsin".

F.Müətllimov qeyd edib ki, həmçinin Xəzərin Azərbaycan sektorunda üzən gəmilərdə formalaşan maye və bərk tullantıların düzgün idarə olunması və gəmilərdən çirkləndirmənin qarşısının alınması istiqamətində nəzarətin gücləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən reydlərin keçirilməsinə başlanılıb.

“ETSN-in Ətraf Mühitin Mühafizə Departamenti tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda gəmiçilik təsərrüfatı ilə məşğul olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətində, Xəzər Dəniz Neft Donanma İdarəsində, Dəniz Nəqliyyat Donanma İdarəsində və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Təlim Tədris Mərkəzində “Ətraf mühitin mühafizəsi haqqında”, “Su məcəlləsi haqqında”, “İstehsalat və məişət tullantıları haqqında” qanunların və digər qəbul olunmuş normativ hüquqi aktların tələblərinin icra vəziyyəti araşdırılıb. Aparılmış araşdırmalar zamanı adıçəkilən hər bir müəssisədə bu və ya digər qanuna riayət edilmədiyi faktları aşkar edilib və protokollar tərtib edilərək cərimələr tətbiq olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan müddətli məcburi göstərişlər verilib. Bu istiqamətdə reydlər davam etdirilir".
Sizin Reklam Yeriniz