Əlaqə Arxiv
news Image
2018.09.15
09:00
| A A A
Xəzər quruyur?!
Ənvər Əliyev: “İqlim göstəricilərinə uyğun dənizin səviyyəsi düşə də bilər, arta da bilər” Telman Zeynalov: “Dənizin səviyyəsinin aşağı düşməsinin səbəbləri var”

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsinin bir qrup əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktorları Elxan Məmmədbəyov, Müseyib Yunusov, Səidə Zeynalova şöbə müdiri, c.ü.f.d. Mirnuh İsmayılovun rəhbərliyi ilə bu ilin iyulunda Xəzər sahillərindən Qarabağ düzünə qədər geniş bir ərazidə çöl ekspedisiyasında olublar. Salyan düzündə Xəzər sahili ərazilərin landşaftlarının dinamikası tədqiq edilib. İlkin olaraq məlum olub ki, son 3-4 il ərzində Xəzər dənizinin səviyyəsi sürətlə aşağı düşüb. 

Qeyd olunan müddətdə Salyan düzünün dəniz sahili ərazilərində relyef xüsusiyyətlərindən asılı olaraq, dəniz Züd-Ost Kultuk körfəzi sahillərində 1200-1500, bəzi sahillərdə isə 200-300 m-ə qədər geri çəkilib və nəticədə geniş ərazi kontinental rejimə keçib. Məlum olub ki, dəniz altından çıxmış ərazilərdə şiddətli dərəcədə şorlaşmış tipik yarımsəhra və səhralaşmış landşaftlar əmələ gəlib. Dənizin geri çəkilməsi ilə qurunun içərilərinə doğru iqlimin yumşaldıcı təsiri zəifləyib. Qeyd olunur ki, Xəzər dənizinin Salyan düzündə, Qultuk və Qızılağac körfəzi sahillərində sürətlə geri çəkilməsi təbii landşaftlarda aridləşmə və səhralaşma meylini gücləndirəcək və sosial-iqtisadi sahələrdə ciddi fəsadlara səbəb olacaq.
Mütəxəssislərin fikrincə, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə səbəb yağıtıların az və buxarlanmanın isə çox olmasıdır. Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun əməkdaşı, dosent Ənvər Əliyev bildirir ki, Xəzər dənizinin səviyyəsi bəlkə də 100 illərin problemidir: “Yəni, Xəzərin səviyyəsinin dəyişməsi tarixən baş verib. Odur ki, dənizin səviyyəsi haqqında konkret fikir demək çox çətindir. Bu, dinamiki bir prosesdir. İqlim göstəricilərinə uyğun dənizin səviyyəsi düşə də bilər, arta da bilər. 
Nəzərə  alaq ki, Xəzər dənizinin əsas su mənbəyi Volqa çayıdır. Ola bilər ki, ərazilərə yağan yağıntıların miqdarı azalıb. Hansı ki, bu da gələn il, növbəti illər təkrarlana bilər. Ancaq 20-30 ildən sonra bərpa olunur. Uzun illəri götürdükdə isə, Xəzər dənizinin səviyyəsi aşağı düşüb. Xəzərin suları hətta indiki Qız Qalasına qədər gəlib çatıb. Bunu görənlər olub. Lakin bu proses daimi deyil. Hətta bəzən fikirlər səslənir ki, Xəzər dənizi quruya bilər. Bunun üçün onun su mənbələri qurumalıdır. Volqa, Kür çayları qurusa, sanitar problemlər yarana bilər. Hazırda Xəzər dənizinin  səviyyəsinin göstərilən qədər aşağı düşməsi o qədər də təhdidlər yarada bilməz. Müşahidə illərində elə də ciddi səviyyədə düşmə olmayıb. Lakin dənizin səviyyəsinin qalxması problem yaradır. Xüsusən də sahillərdəki infrastrukturu dağıdır”.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov bildirdi ki, təmsil etdiyi təşkilat bu istiqamətdə analiz aparmayıb: “Lakin Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi Bakı Bulvarında özünü büruzə verməlidir. Göstərilən müddət ərzində isə Bakı Bulvarında bunu müşahidə etməmişik. Əgər Xəzər dənizinin səviyyəsi göstərilən qədər aşağı düşübsə, Rusiyanın şimal bölgəsi, Volqa çayı qurumalıdır. 
Ümumiyyətlə, dənizin səviyyəsinin aşağı düşməsinin səbəbləri var. Bu, ilk növbədə buxarlanmanın çox və yağıntının miqdarının az olması ilə əlaqədardır. Düzdür, son dövrlər Azərbaycana yağıntı az düşüb. Amma Rusiya haqqında bunu demək olmaz. Orada yağıntı çox düşüb. Rusiyanın əksər hisəsi suyun altında qalır”.
Ekspert əlavə etdi ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi öz növbəsində qurunt sularının da səviyyəsinin aşağı düşməsinə səbəb olacaq: “Bu da sahilboyu ərazilərinin hamısının səhralaşmasına gətirib çıxara bilər. Həmçinin orada yaşayan canlı aləm qaçıb digər ərazilərə gedəcək”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz