Əlaqə Arxiv
news Image
2018.09.18
07:00
| A A A
Xürafat yayan qadın mollalar
“Xüsusi maarifləndirici proqramlar həyata keçirilməlidir”

“Bu gün Azərbaycanda qadın mollaların çoxu yas mərasimlərinə dəvət edildikdə yalnız xürafatı yayırlar”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova bildirib: “Biz görürük ki, yas mərasimlərini heç bir dini təhsili, din barədə ətraflı məlumatı olmayan qadınlar aparırlar. Onlar hansısa ayini, mərsiyəni əzbərləyirlər, yaxşı ağlaşma qururlar. Belə qadınlar məclislərə dəvət edildikdə orada yalnız xürafat yayırlar. İnsanlar heç bir şəkildə maariflənmir".

İlahiyyatçıların sözlərinə görə, belə xurafatın qarşısını almaq üçün addımlar atıla bilər. Belə ki, bu, dini təhsilin səviyyəsinin yüksəldilməsindən keçir.
İlahiyyatçı alim Əkrəm Həsənov bildirir ki, bu, bizim cəmiyyətin çox böyük problemlərdən biridir: “Hətta bu barədə səhih hədis mənbələrində hədis var ki, Allah rəsulu buyurub: "Kim ağladan bir qadını yas yerinə insanları ağlamaq üçün gətirərsə, həmin qadınla bərabər bütün məclisdəkilər cəhənnəmə daxil olacaqlar". Bu hədisi alimlər şərh edərək bildiriblər ki, dünyasını dəyişmiş bir şəxsi ağlamaq üçün istər kişi, istər qadın olsun, gətirmək böyük günahdır. Ona görə ki, burada Allaha üsyan xarakterli ifadələr işlədilir. 
Bütün Allaha iman edənlər əmindirlər ki, hər kəsin əcəl vaxtı,  yəni ölüm vaxtı yazılıb. Bu, Qurani-Kərimdə olan bir ayə ilə sabitdir. Allah-təala Qurani-Kərimdə bildirir ki, biz hər kəsə bir əcəl vaxtı, ölüm vaxtı müəyyən etmişik. Heç kim ona yazılan ölüm vaxtından nə bir saat ləngiyə bilər, nə də önə keçə bilər. Həmçinin insanın dünyadan köçməsi onun yaxınları üçün bir müsibətdir. Müsibətlərə isə səbr etməklə qalib gəlmək olar. Əksinə, özünü vurmaq, saçını yolmaq, üzünü cırmaq dinimizə görə cəhalətdən, bilməməzlikdən yaranır. Bilməməzlik isə insanı hər iki dünyada uçuruma aparır. Bu səbəblə ölü üçün edilən şəriət qaydaları bizə bildirilib. Bunlar cənazəni yumaq, kəfənləmək, cənazə namazı qılmaq, borcu varsa, mümkün qədər yaxınlarının onun borcunu ödəməsi, haqlarının halal edilməsini haqq sahiblərindən istənilməsi və dəfn olunmasıdır. Bundan sonra isə dünyadan köçən şəxs üçün dua edib, Allahdan onun bağışlanılmasını istəmək lazımdır. Hətta dünyadan köçən şəxsin adından onun varisləri kiməsə sədəqə verə bilər, ehsan verib savabından ona çatmasını istəyə bilər. 
Quran oxunması məsələsində də alimlərin müxtəlif rəyləri və görüşləri var. Ancaq ölü üçün ağlamaq və ağlayan qadın gətizdirmək dinimizdə qadağan olunub. Çünki, bəzi səhih hesab edilən hədislərdə Allah Rəsulu bildirib ki, ölü üçün çox ağlayıb sızlayanda, ona ağlayan gətizdirəndə ölüyə qəbirdə əzab verilir. Hətta ona deyilir ki, sən buna layiq olmadığın halda insanlar sənə niyə belə edirlər. Ona görə ölən şəxs məsuliyyət daşıyır ki, qabaqcadan yaxınlarına vəsiyyət etməli idi ki, belə hallara onun yaxınları yol verməsinlər. Bu baxımdan yanaşdıqda, görürük ki, şəriət mətnlərində ölü üçün ağlamaq, üsyan etmək, ağlayan gətizdirmək qadağan olunub”.
Ekspert əlavə etdi ki, ağlamaq insanların dini cəhətdən savadsız olduğunun göstəricisidir: “Bunun üçün xüsusi maarifləndirici proqramlar həyata keçirilməlidir. Efirlərdə ali təhsilli ilahiyyatçıları bu mövzularda cəmiyyəti maarifləndirmək üçün dəvət edib insanlara kömək göstərilməlidir. Əlbəttə, bu sahədə dövlət qurumları maarifləndirmə işləri aparırlar. Sadəcə, bunu kütləviləşdirmək, efirlərdə insanlara bildirmək lazımdır. Hətta şou proqramlar olsa belə, savadlı ilahiyyatçıları dəvət edib bu istiqamətdə cəmiyyəti maarifləndirmək olduqca vacibdir. Bu məsələdə hətta müəllimlərin üzərinə də böyük məsuliyyət düşür. Həm orta təhsil,  həm də ali təhsil müəllimləri bu məsələni elmlə, məntiqlə uşaqlara,  öyrətməlidirlər. Bunun dinlə, elmlə, ağılla, məntiqlə doğru olmadığını aşılamalıdırlar”.
Digər ilahiyyatçı alim Kənana Rövşənoğlunun sözlərinə görə ümumiyyətlə, İslam dinində din xadimi anlayışı yoxdur: “Məclislərə din xadimi, yəni molla dəvət olunması sonradan meydana çıxmış haldır. Əsasən sovet dövründə, dini biliklərin az olduğu zaman gündəmə gəlib. Yəni, belə bir dini vəzifə yoxdur. 
Ölən insan üçün vacib olan bir neçə iş var. Bunlar  ölünün yuyulması, kəfənə bükülməsi, meyit namazının qılınıb basdırılmasıdır.  Bundan sonrakı işlər sadəcə, əlavələrdir. Yəni molla dəfn və namaz işlərini bildiyi üçün edir. Bu gün yayılmış məclislərdəki molla işi, həm də bir mənada dini təbliğ etmək məqsədlidir, insanlara dini, əxlaqi mövzularda söhbətlər edir. Qadın molla isə ümumiyyətlə, yeni fenomendir. Dində elə bir rütbə, vəzifə yoxdur. Amma ümumilikdə kişi və ya qadın olmasından asılı olamayraq, dini mərasim və qaydalarla bağlı çatışmazlıqlar təhsillə əlaqədardır. Din xadimləri yüksək təhsilə malik, savadlı insanlardan seçilməlidir. Çünki din ruha xitab edən bir sahədir. İnsanların ruhani ehtiyaclarını savadsız adamlara etibar etmək olmaz”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz