Əlaqə Arxiv
news Image
2018.09.20
07:00
| A A A
Azərbaycanda ev sahibi olan ərəblərin sayı artır
Rövşən Talıbzadə: “Azərbaycanın təhlükəsiz ölkə olması və mənzil bazarındakı sabitlik ərəbləri əmlak sahəsinə yatırımları artırmağa sövq edir”

Son zamanlar Azərbaycanda əmlak sahəsinə ərəblərin yatırım etməsi hallarının artması müşahidə olunur. Ümumiyyətlə, son illər Azərbaycana gələn turistlər arasında ərəb ölkələrindən olan vətəndaşlar üstünlük təşkil edir. Həmçinin, son zamanlar Azərbaycana ərəb investisiyasının da axını başlayıb. Belə bir durumda ərəblərin ölkəmizin daşınmaz əmlak bazarına daha geniş həcmdə meyl etməsi təbii sayıla bilər.

Əmlak Ekspert Mərkəzinin eksperti Rövşən Talıbzadənin fikrincə, təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi və iqtisadi sabitliyin hökm sürməsi ərəbləri Azərbaycanda əmlak sahibi olmağa həvəsləndirib: “Ümumiyyətlə, ərəbdilli ölkələrdən olan insanların son zamanlar Azərbaycanın daşınmaz əmlak bazarına yatırım etmələri bir neçə səbəbdən qaynaqlanır. İlk növbədə burada mənəvi amil, din, adət-ənənə birliyi rol oynayıb. Ona görə də ərəb ölkələrindən olan vətəndaşlar Avropa ölkələri və hətta Türkiyə ilə müqayisədə daha çox Azərbaycanı seçir. Onlar özlərini ölkəmizdə doğma yerdə olduqları kimi hiss edirlər. 
Ərəblər Azərbaycanda özlərini ilk növbədə təhlükəsiz hiss edirlər. Əsas məsələ də budur. Həmçinin ölkəmizdə mövcud olan iqtisadi sabitlik də ərəbləri Azərbaycanda daşınmaz əmlak almağa meylləndirib. Ölkəmizdə son illər daşınmaz əmlak bazarında nə sürətli qiymət artımı, nə də sürətli azalmalar müşahidə edilir. Azərbaycanda bu mənada daşınmaz əmlak bazarı da stabildir. Belədə ərəblər çəkinmədən ölkəmizin daşınmaz əmlak bazarına investisiya yatırmağı özlərinə rəva görürlər”. 
Digər tərəfdən, ekspertə görə, son zamanlar daha çox ərəbdilli ölkə vətəndaşının ölkəmizi ziyarət etməsi də sonda gətirib daha çox ərəbin buradan daşınmaz əmlak almasına səbəb olub: “Ərəblər adətən, əksər hallarda toplum şəkildə, ən azından bir neçə ailə birlikdə gəlir. Bu baxımdan da onlar üçün otellərdə qalmaq əksər hallarda əlverişli olmur, oteldə qalmaq onlara sərf etmir. Ona görə də ərəblər oteldə qalmaqdansa, daha çox daşınmaz əmlaka yatırım etməyə üstünlük verməyə başlayıb. Belə olan halda onlar ölkəmizdə uzun müddət də qala bilirlər. Belədə də əlavə məsrəflərdən xilas olurlar. Azərbaycanda olmayanda da ərəblər həmin sahib olduqları daşınmaz əmlakı kirayəyə verməklə qazanc əldə edirlər”. 
R. Talıbzadə qeyd etdi ki, daha çox ərəbin Azərbaycanda daşınmaz əmlaka sahib olmasına baxmayaraq, bu tendensiyanın sözügedən bazarda qiymət artımı və yaxud enməsi prosesinə hər hansı bir ciddi təsiri yoxdur və olmayacaq: “Xaricilərin burada ev almasının həmin sahədə qiymət artıb- azalmasına təsir edəcəyini düşünmürəm. Hesab etmirəm ki, xarici turistlərin ölkəmizdə əmlak bazarına yatırım etməsi həmin sahədə defisit və yaxud tələbat yarada bilsin. Bu sahədə qiymət artımı adətən, daşınmaz əmlak bazarına kütləvi axın olanda baş verir. Məsələn, hər hansı bir ərazinin sökülməsi və yerində yenilərinin tikilməsi fonunda qiymətlərdə artımlar gözə çarpır. 
Bundan başqa, əvvəllər qiymət artımları ən çox alqı-satqı şirkətlərinin istəyi nəticəsində baş verirdi. Elə olurdu ki, onlar bir mənzili 4 dəfə alıb satırdı. Belədə piramida şəklində görürdük ki, mənzilin qiyməti yüksək həddə çatır. Ona görə də ərəblərin burada daşınmaz əmlak alması tendensiyası qiymət artımına ancaq cüzi şəkildə təsir göstərə bilər. Çünki bazarda olan mənzillər artıq doymuş həddədir”. 
Rüfət NADİROĞLU          

Sizin Reklam Yeriniz