Əlaqə Arxiv
news Image
2013.04.18
14:06
| A A A
18 yaşa çatmış internat uşaqlarının üzləşdiyi problemlər hələ də tam çözümünü tapmır
Pərviz Əliyev: «İnternat uşaqlarının tam şəkildə işlə təmin olunması problemli məsələ olaraq qalır» Mehriban Zeynalova: «Bu gün o cür uşaqlar üçün hər bir məlumatı əldə etmək əlçatan olmalıdır»

Araşdırmalar internat, uşaq və körpələr evi kimi müəssisələrdə hələ də valideyn himayəsindən məhrum olan minlərlə uşağın olduğunu göstərir. Kimsəsiz uşaqlarla bağlı indi Azərbaycanda ən böyük problem 18 yaşdan sonra onların bu müəssisələrdən məcburən uzaqlaşdırılması və sonrakı talelərinin necə olmasıdır. Məsələ hələ də aktuallığını qoruyub saxlayır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdir müavini Pərviz Əliyev bununla bağlı Mövqe.az-a açıqlamasında bildirir: "Bizim komitə bu məsələ ilə bağlı dəfələrlə araşdırmalar aparıb. Qanunvericiliyə əsasən, uşağın internatı tərk etməsinə 6 ay qalmış həmin insanlar haqqında qeydiyyatda olduqları rayon icra hakimiyyətlərinə məlumat verilir. İnternat rəhbərliyi tərəfindən siyahı rayon icra hakimiyyətlərinə təqdim olunur. Uşağın işlə təmin olunması belə həllini tapır".

"Dediyiniz vasitə ilə həmin uşaqların hamısı işlə və yaşayış yeri ilə təmin oluna bilirmi" sualına P.Əliyev belə cavab verdi: " Deməzdim ki, bütün icra hakimiyyətləri bu işi tam yerinə yetirə bilirlər. Paytaxtda, iri şəhərlərdə icra hakimiyyətləri internat uşaqlarını işlə təmin edə bilsələr də, Bakıdan kənarda rayon icra hakimiyyətlərinin heç də hamısı bu işi yerinə yetirmir. Gəncə, Sumqayıt, Mingəçevr kimi istehsalat işləri olan şəhərlər o uşaqları işlə təmin edə bilir. İnternat uşaqlarının tam şəkildə işlə təmin olunması problemli məsələ olaraq qalır". Onun sözlərinə görə, son dövrlərdə internat uşaqları ilə bağlı yeni təkliflər təhsil məsələləri ilə bağlıdır: "Bu cür uşaqlar ali təhsil almaq üçün universitetə daxil olduqda bəzən ödənişli ixtisasa qəbul olunurdular. Lakin maddi vəziyyət gərgin olduğu üçün həmin uşaqlar ödənişli yerlərdə oxuya bilmirdilər. Ancaq indi Milli Məclisdə o tip uşaqların ali təhsil aldıqları zaman ödənişli ixtisas qrupu seçərlərsə, orada tam pulsuz şəkildə təhsil ala bilmələri haqqında qərar qəbul olunacaq. Bu zaman onlar universitetin yataqxanalarında da qala bilərlər".

"18 yaşı tamam olan, heç bir ailə məktəbə qəbul olunmayan, gedəcək yeri və işi olmayan, uşaqların aqibəti necə olur" sualına P. Əliyev belə cavab verdi: "Oğlan uşaqları 18 yaşı tamam olduqda ali məktəbə daxil olmadığı zaman əsgər gedir. Qızlar isə 18 yaşı tamam olduqdan sonra gedəcək yeri və işi olmadığı halda internatlarda qalırlar. Düzdür, dövlət tərəfindən buna icazə yoxdur, lakin istisnalar olur. Əsas o cür uşaqlar üçün iş yerlərinin olmasıdır. İş olandan sonra onlar 3-4 nəfər yığışıb bir yerdə də kirayə qala bilərlər.

Hazırda internatda olan uşaqların sayı 8336 nəfərdir. Onların 4665-i burada ancaq təhsil alırlar. Yəni valideyn himayəsindən tam məhrum deyillər, evlərinə gedirlər. Ancaq təhsil almaq üçün internat məktəbinə gəlirlər. 3671 nəfər uşaq isə internatda daimi yaşayır. Hər il internatda yaşayan uşaqların sayı 1000-2000 civarında azalır".

"Təmiz Dünya" ictimai birliyinin sədri Mehriban Zeynalova isə məsələ ilə bağlı bildirir: "18 yaşı bitdikdən sonra internatı tərk edən uşaqların həyatı həmişə müzakirə olunur. Bir neçə il öncə Heydər Əliyev Fondu tərəfindən bu tip uşaqlar üçün bir bina tikildi. Hazırda Təhsil Nazirliyində institutlaşma proqramı var. Bu cür uşaqların poster ailələrə verilməsinə dair bir proqram layihəsidir. Amma bununla da problemin həlli tam əhatə olunmur. Uşaqların cəmiyyətə inteqrasiyası üçün həmin məktəblər uşaqların peşə bacarığını artırmaq və ya onların peşə seçimləri haqqında mütamadi məlumatlar verilməlidir.Biz mexaniki məlumatlandırma barədə danışırıq. Bu gün o cür uşaqlar üçün hər bir məlumatı əldə etmək əlçatan olmalıdır".


Sizin Reklam Yeriniz