news Image
2018.10.11
14:42
| A A A
İtaliya Prezident Sarayında Azərbaycan musiqisi səslənəcək

İtaliya Prezidentinin Kuirinale Sarayında hər həftənin bazar gün “Rai Radio 3” ictimai radiosu ilə canlı yayımlanan məşhur “Kuirinale konsertləri”nin 14 oktyabr buraxılışı Azərbaycan musiqisinə həsr olunacaq.

AZƏRTAC xəbər verir ki, konsert Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi və muğamın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə təşkil ediləcək. Heydər Əliyev Fondu, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və ölkəmizin İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə reallaşacaq konsertdə Azərbaycan və italyan musiqiçiləridən ibarət Belcan-Tar ansamblının ifasında klassik musiqi nümunələrimiz və Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam ansamblının ifasında Azərbaycan muğamları və xalq mahnıları səsləndiriləcək.

Eyni zamanda, bu konsert proqramı oktyabrın 12-də İtaliyanın Abruzzo Regional Şurasının binası olan Emiçilo Sarayında təqdim olunacaq.

Qeyd edək ki, hər iki konsert barədə İtaliya Respublikası Prezidentinin və Abruzzo Regional Şurasının internet səhifələrində məlumatlar yerləşdirilib.