Əlaqə Arxiv
news Image
2018.10.11
16:08
| A A A
Tbilisidə görkəmli azərbaycanlıların adına olan küçələrdəki lövhələr gələn il yenilənəcək

Gürcüstan paytaxtı Tbilisi şəhərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını daşıyan küçələrdəki lövhələrin gələn il yeniləri ilə əvəzlənməsi nəzərdə tutulub.

Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Tbilisi Şəhər Şurasının Adlar və Simvolika üzrə Komissiyasının sədri Tinatin Nibloşvili bildirib.
O deyib ki, hər il Tbilisi küçələrinin adlarını bildirən köhnə lövhələrin dəyişdirilməsi üçün 500 min lari həcmində büdcə ayrılır: “Bu məbləğ azdır və paytaxtın bütün küçələrindəki köhnəlmiş lövhələrin yenilənməsinə kifayət etmir. Builki büdcə artıq xərclənib. Ona görə də gələn ilki büdcə vəsaiti hesabına azərbaycanlıların şərəfinə verilən küçələrin adlarının qeyd olunduğu lövhələr mərhələli şəkildə yenilənəcək”.
T.Nibloşvili Tbilisinin İsani rayonunda yerləşən və Azərbaycanın məşhur şairi Əhməd Cavadın adını daşıyan küçədə lövhələrdəki səhv barədə məlumatlı olduğunu da bildirib: “Bu, texniki səhvdir və mütləq aradan qaldırılacaq”.
Qeyd edək ki, Tbilisidə Mirzə Fətəli Axundovun adını daşıyan küçədə lövhələr köhnəlib, Mirzə Şəfi Vazeh, İbrahim İsfahanlı və Nizami Gəncəvi küçələrində isə lövhələr ümumiyyətlə yoxdur.
Əhməd Cavad küçəsindəki lövhələrdə isə şairin soyadı ingilis dilində Cavadan (Djavadan) olaraq səhv göstərilib. 

Sizin Reklam Yeriniz