news Image
2018.10.13
08:00
| A A A
Demoqarafiya sahəsində cins nisbəti problemi böyüyür

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyin məlumatına görə, doğulan uşaqlar arasında cins nisbətinin bioloji normaya əsasən 105-106 olmasına baxmayaraq, məhz bu münasibət nəticəsində Azərbaycanda bu rəqəm 114 təşkil edir. Bu durumla qarşılaşan ölkələrin təcrübəsinə nəzər salsaq aydın olar ki, bu gedişatla Azərbaycan cəmiyyəti qarşısı çox çətin alınan bir sıra problemlərlə üzləşə bilər. 

"Vəfa" Sosial Problemlərə Dəstək İctimai Birliyinin sədri Fatimə Hacıbəyli bildirir  ki, əhalinin cins tərkibi son illər pozulur: “Bu problem özünü gələcəkdə da göstərəcək. Xüsusən də həmin uşaqlar nikah yaşına çatanda problem özünü ciddi şəkildə büruzə verəcək. Belə ki, oğlan uşaqları gələcəkdə ailə qurmaq üçün xanım tapmaqda  çətinlik çəkə bilərlər. Belə olan təqdirdə isə xarici ölkə vətəndaşarı ilə evlənmə prosesi sürətlənə bilər”.
Fatimə Hacıbəyli əlavə etdi ki, bunun qarşısını almaq üçün tədbirlər görülməli, nəzarəti gücləndirməlidir: “Bu problemin qarşısını almaq üçün ultrasəs müayinəsindən keçən qadınlara dölün cinsi barədə abort müddətində məlumat verilməməlidir. Xüsusən də bu sahədə kişilərin məlumatlandırılması vacib şərtdir.  Ümumiyyətlə, uşaqların ana bətnində cinsiyyətinin məlum olduğu zamandan sonra məhv edilməsi beynəlxalq təcrübədə də yolverilən hal deyil. Ancaq çox təəssüf ki, bizdə bu proses gedir. Təəssüf ki, o an ana da  sağlamlığını məhv etmiş olur. Bu qadınlara qarşı ayrı-seçkiliyin başlanğıc nöqtəsidir. Amma əsas məsələ odur ki, cəmiyyətdə bu istiqamətdə maarifləndirmə işi aparılmalıdır. Əsas olan övladın cinsi yox, onun sağlam və cəmiyyətə yararlı formada yetişdirilməsidir”.
Hüquq müdafiəçisi Mehriban Vəzir bildirdi ki, selektiv abortlar bütün dünya, xüsusi ilə də geridə qalmış dövlətlər üçün problemdir: “Təəssüf ki, Azərbaycan da selektiv abortlardan əziyyət çəkən ölkələrin sırasında gedir. Hətta 2012-ci ildə ölkəmizdə selektiv abortlar daha böyük olmuşdu. Bu isə təhlükəli bir haldır”.
Mütəxəssisin fikrincə, bu, psixoloji aspektlərlə bağlıdır: “Dövlət buna qarşı tədbirlər görməli, əhali ilə maarifləndirmə işi aparılmalıdır. Ancaq nəsil artımı məsələsi əhalinin rifah halı ilə bağlıdır. Dünyanın müxtəlif ölkələrində əhalinin artımını təşviq edən  proqramlar həyata keçirilir. Bizdə də bu cür proqramların həyata keçirilməsinə ehtiyac var”. 
Mübariz BAYRAMOV