Əlaqə Arxiv
news Image
2018.10.17
11:38
| A A A
Energetiklər gününə həsr olunmuş tədbirdə qalib jurnalistlər mükafatlandırılıb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və "Azərişıq" ASC-nin birgə təşkil etdikləri "İstehlakçıların keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar. 
Mükafatlandırma mərasimi "Azərişıq" ASC-nin Tədris Mərkəzində keçirilib. Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, "Azərişıq" ASC-nin sədr müavini Ramil Yusifov, "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açan "Azərişıq" ASC-nin sədr müavini Ramil Yusifov qonaqları salamlayaraq son illər istehlakçıların keyfiyyətli enerji təminatı sahəsində kompleks tədbirlərin həyata keçirildiyini, infrastrukturun müasirləşdirildiyini, qabaqcıl texnologiyaların tətbiq edildiyini diqqətə çatdırıb. "Azərişıq" ASC-nin sədr müavini ölkə rəhbərliyi tərəfindən müəyyənləşdirilmiş strateji vəzifələrə müvafiq olaraq "Azərişıq" ASC-nin istehlakçıların etibarlı və dayanıqlı elektrik enerji ilə təchizatı istiqamətində sistemli iş apardığını xüsusi vurğulayıb. O, həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə "Bakıelektrikşəbəkə" ASC-nin bazasında "Azərişıq" ASC-nin yaradılması bu sahədə həyata keçirilən islahatların səmərəliliyini və miqyasını daha da artırıb. R. Yusifov 20 oktyabr energetiklər gününə həsr olunan tədbirdə
“Azərişıq” ASC-nin 2015-2018-ci illərdə görülən işlərlə bağlı  hesabatı təqdim edib:" 
Cənab Prezident İlham Əliyevin sərəncamına əsasən 2015-ci ilin fevral ayının 10-da “Bakıelektrikşəbəkə”nin bazasında “Azərişıq” ASC yaradıldıqdan sonra 2015-2018 ci illərdə Səhmdar Cəmiyyət tərəfindən kifayət qədər ciddi işlər görülüb.
Belə ki, 34 ədəd 110 kV-luq müasir tipli yeni yarımstansiya tikilib və tam yenidən qurulub. Yarımstansiyalar elektron tipli rele mühafizəsi və avtomatik sistemlərlə təchiz edilib, yarımstansiyalar məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sisteminə qoşulub.
96 ədəd 35 kV-luq yeni yarımstansiya tikilib və yenidən qurulub. Bununla da Respublika üzrə ümumi qoyuluş gücü 2015-ci ilin əvvəlində 9 500 MVA-dan 12 820  MVA-ya qədər yüksəldilib.2015-2018 ci illərdə “Azərişıq” ASC tərəfindən 3490 ədəd 10-6 kV-luq yeni TM və KTM qurlaşdırılıb və dəyişdirilib.125 000 km müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib və yenidən qurulub. 700 000 ədədə yaxın dayaq basdırılıb.Silsilə və kompleks tədbirlər hesabına “Azərişıq” ASC-nin regional elektrik şəbəkələrində texniki itkilər  15,6 %-dən 9,8 %-ə endirilib.Faydalı elektrik enerjisinə görə yığım Respublika üzrə 93 %, Bakı şəhəri üzrə 99% -ə qaldırılıb.
ASAN xidmət və ASAN kommunal vasitəsi ilə təkcə 2018-ci ilin arxada qalan 9 ayı ərzində 13 xidmət üzrə 120 000 artıq müraciət edilib ki, onlardan 15 000-dən çoxu əhali, 2 500-dən çoxu qeyri-əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması ilə bağlı olub. 150 kVt-a qədər sahibkarlıq obyektlərinin mövcud 0,4 kV-luq elektrik şəbəkəsinə qoşulması üçün vahid tarif tətbiq edilib,  prosedurlar 7-dən 3-ə, qoşulma müddəti 69 gündən 24 günə endirilib.
“Azərişıq” ASC-nin elektron xəritəsi “ASAN xidmət”in işinə inteqrasiya edilib. Elektron xəritə vasitəsi ilə abonentlərin elektrik şəbəkəsinə qoşulması prosesini daha da asanlaşıb. İndi “ASAN xidmət” mərkəzlərinə müraciət daxil olan kimi əraziyə getmədən, yerindəcə elektron xəritədə dərhal evin, yaxud obyektin məkanı, ona ən yaxın məsafədəki güc mənbəyi müəyyənləşdirilir və qoşulma haqqı ödənilməklə  sənədləşdirmə işi daha tez formada həyata keçirilir.
Elektrik enerji uçotunun təkmilləşdirilməsi məqsədilə müasir tipli SMS və Smart tipli sayğaclar quraşdırılıb. SMS sayğacların tətbiqi ilə elektrik enerjisi ilə dəqiq uçotun aparılmasına, elektrik enerjisi itkilərinin minimuma çatdırılmasına, yığım səviyyəsinin artırılmasına nail olunur. Mərkəzləşdirilmiş DATA CENTER qurulub. Milliön və bu kimi ödəmə məntəqələrində, o cümlədən bank kartları, mobil telefon və internet və s vasitələrlə ödəniş və abonentin öz balansına nəzarət etməsi təmin edilib". R.Yusifov Fondla birgə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin ölkənin elektrik enerjisi təsərrüfatının müasirləşdirilməsi və əhalinin enerjiyə tələbatının ödənilməsi istiqamətində görülən işlərin ictimaiyyətə dolğun şəkildə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb. Sədr müavini müsabiqənin nəticələri barədə ətraflı danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.Tədbir iştirakçılarını salamlayan Vüqar Səfərli bütün sahələrdə dinamik inkişaf edən Azərbaycanda enerji təsərrüfatının təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində ardıcıl islahatların həyata keçirildiyini, nəticədə ötən əsrin 90-cı illərində bu sahədə mövcud olan problemlərin tamamilə aradan qalxdığını diqqətə çatdırıb.
Vüqar Səfərli oktyabrın 20-si tarixinin ölkəmizdə Energetiklər günü kimi qeyd olunduğunu diqqətə çatdıraraq "Azərişıq" ASC-nin rəhbərliyini və çoxsaylı kollektivini media nümayəndələri adından peşə bayramı münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
Çıxışını davam etdirən Vüqar Səfərli bildirib ki, Fondun əsas fəaliyyət istiqamətlərindən biri də mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsidir. Bu məqsədlə Fond müxtəlif dövlət qurumlarında görüşlər, habelə birgə fərdi jurnalist yazıları müsabiqələri təşkil edir. İcraçı direktor qeyd edib ki, "Azərişıq" ASC ilə birgə keçirilmiş müsabiqənin məqsədi Azərbaycanda enerji təsərrüfatının inkişafı və infrastrukturun yenidənqurulması sahəsində həyata keçirilən tədbirlərin ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaq, jurnalistlərin peşəkarlıq səviyyəsini yüksəltmək və sosial vəziyyətlərini yaxşılaşdırmaq olub.
Vüqar Səfərli sentyabırn 11-dən oktyabrın 12-dək davam edən müsabiqəyə 25 KİV-dən 42 yazının təqdim edildiyini, yazıların 3 ekspert tərəfindən qiymətləndirildiyini bildirib: "Müsabiqənin elanında göstərilmiş şərtlərə əsasən, 6 nəfər jurnalistə əsas, 10 nəfərə həvəsləndirici mükafatların verilməsi  qərara alınmışdı. I yer üçün 1 nəfər olmaqla 1000, II yer üçün 2 nəfər olmaqla 800 manat, III yer üçün 3 yer olmaqla 600 manat mükafat nəzərdə tutulub. 10 nəfər jurnalist hər biri 300 manat olmaqla həvəsləndirici mükafatlara layiq görülüb". 
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.
Qalibləri təbrik edən icraçı direktor Vüqar Səfərli eyni zamanda media ilə səmərəli əməkdaşlığa görə "Azərişıq" ASC-nin rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbiri yekununda "Azərişıq" ASC-nin sədr müavini Ramil Yusifov qurumun media ilə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Fondun rəhbərliyinə, eləcə də müsabiqədə iştirak edən jurnalistlərə təşəkkürünü bildirərək belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

Zülfiyyə Quluyeva

Sizin Reklam Yeriniz