Əlaqə Arxiv
news Image
2018.10.23
07:00
| A A A
Peşə təhsili müəssisələrinin kadr hazırlığı hələ də qeyri-qənaətbəxşdir
Kamran Əsədov: “İlk növbədə əmək bazarında hazırlanan kadrlara ehtiyacın olub-olmamasına baxmaq lazımdır” Məlahət Mürşüdlü: “Mövcud peşə-texniki məktəblərinin maddi-texniki, pedaqoq hazırlığı baxımından müasir üslubda qurulması prosesi tam başa çatmayıb”

Ötən həftə Baş nazir Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planına” uyğun olaraq, Nazirlər Kabinetinin növbəti iclası keçirilib. İclasda “Peşə təhsili müəssisələri şəbəkəsinin təşkili, idarə edilməsi və maliyyələşdirilməsinin təkmilləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün mövcud vəziyyət və qarşıda duran problemlər” və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icra vəziyyəti müzakirə olunub. 

Müzakirə olunan sahədəki mövcud problemlərə də toxunan Baş nazir Novruz Məmmədov bildirib ki, müasir çağırışlara cavab verən, əmək bazarının tələblərinə uyğun peşələr üzrə kadr hazırlığını təmin edən ixtisaslaşdırılmış peşə tədris mərkəzlərinin yaradılması xüsusilə önəmlidir: “Lakin peşə təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması, yeni peşə təhsili mərkəzlərinin yaradılması bu tipli müəssisələrdə müasir tələblərə cavab verən maddi-texniki baza və təhsil şəraiti olmadan səmərə verə bilməz. Bu baxımdan "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın əsas məqsədləri ölkədə ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələrinə və əhatəliliyinə görə qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaq, Azərbaycanın təhsil sistemini iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğunlaşdırmaq, nəticə etibarı ilə ölkənin davamlı inkişafını təmin etməkdir”.
Mütəxəssislərin sözlərinə görə, problemə ölkənin baş naziri səviyyəsində toxunulması işin ciddiliyindən xəbər verir. Lakin nöqsanların aradan qaldırılması bir sıra tədbirləri tələb edir ki, bunun üçün də zaman lazımdır.
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirir ki, təhsil müəssəsinin ilkin məqsədi təhsilin inkişafı, kadr hazırlığı olmalıdır: “Ancaq təəssüf ki, biznes maraqları daha üstün tutulur. Onun nəticəsidir ki, ölkədə bu qədər təhsil müəssisələrinin olmasına baxmayaraq, rəqabətədavamlı iqtisadiyyatın qurulması üçün təhsil müəssisələrimiz yoxdur. Burada ən pis vəziyyət məhz peşə təhsil müəssisələrindədir”.
Ekspert əlavə etdi ki, ilk növbədə əmək bazarında hazırlanan kadrlara ehtiyacın olub-olmamasına baxmaq lazımdır: “İkincisi, hazırlanan kadrların keyfiyyət göstəriciləri əmək bazarının tələblərinə cavab verməlidir. Çünki xərclənən vəsaitə xaricdə daha yaxşı təhsil almaq mümkündür. Təhsil müəssiələri isə plan yerinə yetirmək və ya maddi maraq xatirinə açılmamalıdır. Məsələn, Sinqapurun iki universiteti var. Lakin həmin universitetlərdə yalnız xaricdən 80 min tələbə təhsil alır. Sinqapur iqtisadiyyatının da necə inkişaf etdiyi bütün dünyaya məlumdur. Yəni, əsas olan keyfiyyətdir. Bu gün özəl universitetlərimizdə çalışanların böyük əksəriyyəti dövlət təhsil müəsisəsində işləyənlərdirlər. İkinci, üçüncü iş yeri kimi özəl təhsil müəssisələrində də fəaliyyət göstərirlər. Yəni, bir gün ərzində aşağı keyfiyyətli tədrisi 2-3 təhsil müəssiəsində deyirlər. Nəticə isə heç nədir. 1992-ci ildən bu günə qədər 1 milyondan çox insan ali məktəbə qəbul olub. Kifayət qədər də professorumuz var. Lakin Azərbaycan elminin səviyyəsi heç də yuxarı qalxa bilməyib. 1992-ci ildə də 150 balla universitetə qəbul olmaq mümkün idi, indi də. Hələlik kəmiyyət artımını daha çox müşahidə edirik. Universitetlərə gəlir mənbəyi kimi baxmaq olmaz. Azərbaycan təhsili hələlik dünya reytinqində yoxdur. Bu günə qədər yol tikintisinə milyonlarla pul ayrılıb. Araşdırsaq görərik ki, yol tikintisində peşə məktəblərinin tələbələri işləmir. Hansısa layihələrin reallaşmasında peşə məktəblərinin məzunları yoxdur”.
Təhsil üzrə digər ekspert Məlahət Mürşüdlü bildirdi ki, peşə təhsilinin inkişafı istiqamətində Dövlət Proqramı var: “Bunun üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi də yaradılıb. Agentliyin peşə məktəblərinin maddi-texniki bazasının yenidən qurulmasında Koreya Respublikası ilə əməkdaşlığı nəzərdə tutulub. Həmçinin pedaqoji işçilərin hazırlanmasında işlər həyata keçirir. Ancaq təəssüf ki, nümunə olaraq, heç bir peşə-təhsil məktəbini göstərə bilmərik ki, əmək bazarının tələbatını ödəyən işçilər hazırlayıb. Yəni, işlər başlanğıc səviyyəsindədir. Bu baxımdan haqlı iraddır. 
Mövcud peşə-texniki məktəblərinin maddi-texniki, pedaqoq hazırlığı baxımından müasir üslubda qurulması prosesi tam başa çatmayıb. Bu fonda yeni məktəblərin yaranması doğru olmazdı”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz