Əlaqə Arxiv
news Image
2018.11.09
11:24
| A A A
Xalq artisti Amaliya Pənahova dəfn olunub

Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Amaliya Pənahova dəfn olunub.

Trend-in məlumatına görə, dəfn mərasimində mərhumun ailə üzvləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, rəsmi şəxslər iştirak ediblər.

A.Pənahova “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimindən əvvəl Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında aktrisa ilə vida görüşü keçirilib.

Aktrisanın uzun illər çıxış etdiyi teatrın səhnəsində qoyulmuş cənazəsi önündə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Mədəniyyət Nazirliyi, digər qurumlar adından əklillər qoyulub. Yüzlərlə şəhər sakini, sənətsevərlər tanınmış aktrisa ilə vidalaşmaq üçün Akademik Milli Dram Teatrının binasına gəliblər.

Vida mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Amaliya Pənahova Azərbaycan teatrı üçün əvəzolunmaz şəxslərdən biri idi. Onun vəfatı Azərbaycan mədəniyyəti, teatr sənəti üçün ağır itkidir. Diqqətə çatdırılıb ki, görkəmli aktrisanın dünyadan köçməsinə cəmiyyətimiz tərəfindən verilən reaksiya, bu gün bu qədər insanının bu mərasimə gəlməsi bir daha onu göstərir ki, teatr sənəti çox vacib bir sənətdir. Teatr Azərbaycan xalqının mədəni həyatının, irsinin ayrılmaz bir hissəsidir. Nazir Amaliya Pənahovanın həyat və yaradıcılığından danışaraq, onun milli teatr və kino sənətinə dəyərli töhfələr verdiyini, peşəkar ifa tərzi və yüksək səhnə mədəniyyəti ilə sənətsevərlərin rəğbətini qazandığını vurğulayıb.

Mərasimdə Akademik Milli Dram Teatrının direktoru, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov, xalq artistləri Rafael Dadaşov, Nurəddin Mehdixanlı, Hacı İsmayılov, digər çıxış edənlər Amaliya Pənahovanın sənət yolundan, teatr və kino yaradıcılığından söz açıblar. 

Amaliya Pənahovanın ailəsi adından oğlu İlqar Muxtarov çıxış edərək anasının sənətinə verilən yüksək qiymətə və xatirəsinə göstərilən dərin ehtirama görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, aktrisa 2018-ci il noyabrın 8-də 73 yaşında vəfat edib.

O, 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirib. 1964-cü ildən bu günədək teatr və kino sahəsində 500-dən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar. 1968 və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülüb. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Azərbaycan SSR-in Əməkdar artisti, 1985-ci ildə isə Xalq artisti fəxri adı verilib.

1982-ci ildə “İlin aktrisası” elan edilib, 1998-ci ildə isə Türk dünyasının Birinci kino festivalında Türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunub.

Aktrisa bacarıqlı rejissor kimi də özünü sınayıb. 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş verib ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ.Əfəndiyevin "Mənim günahım", M.Muradın "Təkan", M.Qurbanovun "Sənsiz", O.Altunbayın "Tomris", A.Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.

1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb, bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaradıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib, ali məktəbin professoru olub.

17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Allah rəhmət eləsin!

Sizin Reklam Yeriniz