Əlaqə Arxiv
news Image
2018.11.13
13:47
| A A A
Sintetik liflərdən hazırlanan geyimlər bu xəstəliklərə yol aça bilər-Təhlükə

Geyim insanın xarici görünüşünü formalaşdırır. Buna görə də geyim alarkən çoxumuz əsasən estetik tələblərimizə uyğun olanını seçirik. Amma aldığımız geyimlər həm də səhhətimizə təsir etdiyindən, mütəxəssislər aldığımız paltarların keyfiyyətinə diqqət göstərməyin çox vacib olduğu barədə həyəcan təbili çalırlar. Alimlər sintetik liflərdən hazırlanan geyimlərin insanları bəşəriyyətin ən böyük bəlası olan xərçəng xəstəliyinə belə mübtəla etdiyini söyləyirlər. 


Tanınmış modelyer, “Fikrət Collection” geyim evinin  rəhbəri Fikrət Əliyev də bu gün mənşəyi bəlli olmayan tullantılardan hazırlanan liflərin orqanizm üçün təhlükəli olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, mənşəyi naməlum olan, süni liflərdən hazırlanan geyimlər dəridə qaşınmadan tutmuş ən təhlükəli xəstəliklərə belə yol aça bilər: “Liflər tərkibinə görə, təbii və kimyəvi liflərə bölünür. Təbii liflərə bitki mənşəli pambıq, kətan və sairə, eləcə də heyvan mənşəli yun, ipək və sairə aiddir. Kimyəvi liflər isə tərkibinə görə süni və sintetik liflərə bölünür. Süni liflərə viskoz, asetat, sintetik liflərə lavsan, kapron və sair aiddir.  Hazırda Avropada, İnkişaf etmiş ölkələrin çoxunda kapron qablardan, sallofan torbalardan istifadədən imtina prosesi başlayıb. Buna da səbəb kapron qabların insan orqanizmi üçün zərərli olması, bu məhsulların istifadəsindən sonra tullantılarının belə ekologiyanı zəhərləməsidir. Hər kəsə bəllidir ki, polimer məhsullardan  tekstil sənayesində də istifadə edilir. Bu gün istehsal olunan parçaların bir qisminin tərkibi təbii və sintetik liflərin qarışığı olsa da, əksər hissəsi, deyərdim ki, 99 faiz sintetik liflərdən hazırlanır. Tərkibi 99 faiz sintetik liflərdən ibarət olan parçalardan hazırlanan geyimlər insan səhhəti üçün ən ciddi xəstəliklər yaratmağa qadirdir”.
F. Əliyev deyir ki, hazırda tekstil sənayesində istifadə üçün neft  tullantılarından da liflər hazırlanır: “Amma bu liflərin mənşəyi bəlli olduğundan, orqanizm üçün elə bir zərəri yoxdur. Buna süni viskoz deyirlər. Bu gün  viskoz qarışığı olan parçalardan ən məşhur brendlərin geyimlərində istifadə edilir. Yun, pambıq parçalara qarışdırılan viskoz əsasən parçanın dayanıqlığını təmin etmək məqsədi daşıyır. 100 faiz yun, yaxud da pambıq parçadan tekstil sənayesində istifadə əlverişli deyil. Belə parçalar qısa müddət istifadədən sonra aralanır. Ona görə də parçanın sərtliyini təmin etmək üçün tərkibinə süni liflərin qatılması vacibdir. Amma bu faiz o qədər də yüksək olmamalıdır. Parçanın tərkibində təbii liflərin faizi ən azı 40 faiz civarında olmalıdır”.
Modelyer  bu gün satışda sintetik liflərdən istehsal edilən geyimlərin pambıq, yun qarışığı olan parça adı altında satışa çıxarıldığını söyləyir: “Ən təhlükəlisi odur ki, bəzən parçaların etiketinə tərkibi barədə yalandan məlumat vurulur. Bəzən 100 faiz pambıq olduğu göstərilir. Amma qeyd etdiyim kimi, parçaların tərkibi onların sərtliyini təmin etmək məqsədilə sintetik liflərlə qarışdırılır. Bəzən isə parçanın tərkibində pambıq və yun qarışığın faizi şişirdilmiş rəqəmlə göstərilir. Belə parçalara ütü vurduqda parça qısalır”.

F. Əliyev mənşəyi naməlum olan, polimer məhsullardan hazırlanan liflərin tekstil sənayesində istifadəsinin çox təhlükəli olduğunu bildirir: “Təsəvvür edin ki, polimer qablar, sallofan torbalar uzun müddət məişət tullantıları poliqonunda günəşin altında qalır. Bu zaman o məhsullarda kimyəvi proses gedir. Üstəlik onları sənaye üsulu ilə əridib kimyəvi yolla  liflər hazırlayırlar. Bu liflərdən hazırlanan parçalar hava keçirtmir. Ona görə də müxtəlif dəri xəstəlikləri yaradır. İç geyimlərin bu liflərdən istehsal edilən parçalardan hazırlanması daha təhlükəlidir. Ona görə də, insanlar maksimum dəri ilə təmasda olan geyimləri alanda tərkibinə diqqət yetirməli, pambıq qarışığı olan parçalara üstünlük verməlidirlər”.
Modelyer xarici ölkələrdə insanları sintetik liflərdən hazırlanan geyimlərdən çəkindirmək üçün müxtəlif kampaniyalar aparıldığını söyləyir. Onun sözlərinə görə, sintetik geyimlərlə bağlı sosial layihələrin məqsədi polimer qabların insan orqanizminə vurduğu ziyan qədər onun tullantılarının təkrar emalının tekstildə istifadəsinin də bir o qədər təhlükəli olduğu mesajını çatdırmaq məqsədi daşıyır. 
Dermatoloq Bella Sultanova da sintetik liflərdən hazırlanan parçaların dəri xəstəlikləri yaratdığını söyləyir. Onun sözlərinə görə, tərkibi 99 faiz süni lif olan parçalardan hazırlanan geyimlər hava buraxmadığı üçün orqanizmdə hava sirkulyasiya etmir: “Bundan əlavə sintetik lif faizi yüksək olan geyimlər bir sıra parazitlərin inkişafına əlverişli mühit yaradır. Qoturluq, göbələk kimi dəri xəstəlikləri bu mühitdə baş qaldırır. Ona görə də insanlar maksimum yun, pambıq faizi yüksək olan parçalardan hazırlanan geyimlərə üstünlük verməlidirlər”.

Zülfiyyə QULUYEVA   

 

Sizin Reklam Yeriniz