Əlaqə Arxiv
news Image
2018.11.14
08:07
| A A A
Əmlakın, təsərrüfatın sığortasında hələ də qeyri-qənaətbəxş vəziyyət hökm sürür
Rəşad Həsənov: “Təsərrüfatların sığortalanmasında dövlətin iştirakını genişləndirmək lazımdır”

Son dövrlərdə intensiv yağışlar yenidən fərdi təsərrüfatlara ciddi zərər vurub. Bu da yenidən əmlakın, təsərrüfatın sığorta məsələsini aktuallaşdırır. Amma bu istiqamətdə vəziyyət hələ də ürəkaçan deyil. Vətəndaşlar əmlak və təsərrüfatlarını sığortalamağa ciddi maraq göstərmir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, köhnə qanunun işlək olmaması əmlak və təsərrüfatların sığortalanması prosesinin zəif olmasının başlıca səbəbidir: “Son zamanlar dövlət tərəfindən aqrar sığortaya bir manat belə xərclənməyib. Amma özəl sektorda, dövlət proqramından kənar sığorta prosesində müəyəyn irəliləyişlər var. Ancaq struktura baxanda görürük ki, bu da sadəcə, iri şirkətlərin tərkibində olan təsərrüfatların sığortalanması nəticəsində baş verib. Bu istiqamətdə yeni qanunun hazırlanması prosesi gedir. 3 ildir bununla bağlı öhdəlik ortaya qoyulub.

Maliyyə Bazarına Nəzarət Palatası və digər aydiyyatı qurumlar tərəfindən bu istiqamətdə qanun layihəsi hazırlanıb. Amma indilikdə bu qanunun qəbulu məsələsi gecikir. Eyni zamanda, köhnə qanun da işlək deyil. Bu da bir sıra səbəblərdən qaynaqlanır. Sığortalanma prosesində güzəştlərin tətbiq edildiyi məhsul növlərinin sayı azdır. Sığorta hadisələrinin sayı da kifayət qədər məhduddur, cəmi 4 sığorta növü üzrə əməliyyatlar həyata keçirilə bilər. Digər tərəfdən, mexanizmin özü mürəkkəbdir. Təsərrüfatların böyük əksəriyyəti ailə təsərrüfatlarından ibarətdir. Onların da hansısa formada tələb olunduğu kimi öz gəlirlərini müəyyən etməsi mümkün deyil.  Hansı ki, sığortalanma da məhz bunun əsasında həyata keçirilir.

Bundan başqa sığorta sisteminin özündə müəyyən çatışmamazlıqlar var. Xüsusən də təkrar sığorta bazarında dövlətin iştirakçılığı zəifdir. Aqrar sığorta isə o sığorta növündəndir ki, dünyanın hər bir yerində bu sahənin sığortalanması prosesində dövlət əhəmiyyətli şəkildə iştirak edir. Çünki aqrar sektor kifayət qədər risqli sektordur. Bu mənada da özəl sığorta şirkətlərinin həmin istiqamətdə sığorta prosesində maraqlı olduqlarını düşünmək də doğru olmazdı. Onlar sadəcə, dövlətdən gələn təkliflər fonunda bu istiqamətdə fəaliyyət göstərir.

Deməli, təsərrüfatların sığortalanmasında dövlətin iştirakını genişləndirmək lazımdır. Hələlik isə Azərbaycanda bu sistem donmuş vəziyyətdədir. Bu istiqamətdə qəbulu gözlənilən qanun layihəsində həm məlumat bazasının formalaşdırılması, həm də müasir sığorta alətlərinin tətbiq edilməsi, dövlətin bu istiqamətdə məsuliyyət payının artırılması kimi məqamlar nəzərdə tutulub. Sığorta hadisələrinin və ona cəlb edilən məhsul növlərinin sayının artırılması nəzərdə tutulur. Bu addımlar son nəticədə həmin institutun formalaşmasına təsir göstərəcək. Hələlik isə təəssüf ki, bu istiqamətdə fəaliyyət yox dərəcəsindədir. Onun nəticəsidir ki, aqrar sektorun ümumi sığorta payında çəkisi cəmi 0,7 faizdir”.

Digər ekspert Yaşar Əsədovun fikrincə, problemin kökündə sığorta məsələsinə əhalinin ciddi yanaşmaması dayanır: “Vətəndaşlar arasında əmlak və təsərrüfatların sığortalanmasına meylin az olması ilk növbədə əhalinin bu istiqamətdə istəyi, bura vəsait qoymaq niyyətinin olmamasından  qaynaqlanır. Bir sözlə, əhali sığorta məsələsinə ciddi və qanunauyğun hal kimi yanaşmır. Görünür, əhalimizin bu istiqamətdə fəal olması üçün müəyyən zaman lazımdır. O zamanın yetişməsi üçün isə dövlət səviyyəsində əhali arasında ciddi izahat, təbliğat işləri aparılmalı, sığortanın əhəmiyyəti insanlara başa salınmalı, bu istiqamətdə nümunələr göstərilməlidir. Burada məcburi hallara yol verilməməlidir. Yəni, təbliğat yolu ilə əhalini prosesə meylləndirmək lazımdır”.

Rüfət NADİROĞLU   

Sizin Reklam Yeriniz