Əlaqə Arxiv
news Image
2018.11.14
10:46
| A A A
Nəsimi rayon məktəbliləri növbəti dəfə "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasında iştirak edəcəklər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 14-17 noyabr 2018-ci il tarixlərdə «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün növbəti maarifləndirici tur-aksiyası təşkil olunmuşdur. Bu tur aksiyada Nəsimi rayon məktəbliləri Gəncə-Şəmkir - Göygöl rayonlarına səfər edəcəklər.

"Ölkəmizi tanıyaq" adı altında maarifləndirici tur –aksiyada iştirak edəcək Nəsimi rayon məktəbliləri ilə İcra Hakimiyyətində məktəb direktorlarının, valideynlərin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir.

Görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov şagirdlərə turun məqsədi barədə məlumat vermiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulamışdır. Bildirmişdir ki, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan regionların, şəhər və rayonlarımızın yeniləşən siması ilə şəhər məktəblilərinin yaxından tanış olması onlarda xüsusi təsüratlar yaradacaqdır. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi və Azərbaycanın üçüncü peyki olan “Azərspace-2” peykinin orbitə buraxılması xalqımızın tarixinə yazılmış əlamətdar tarixlərdir. Bu gün Azərbaycanın üç rəngli bayrağının Lələ Təpədə, “Böyük Qayıdışın” ilk müjdəsi olan Cocuq Mərcanlı kəndində dalğalanması və Silahlı Qüvvələrin hərbi paradının keçirilməsi Azərbaycan xalqının, xüsusilə gənclərin qürur mənbəyidir.

 

Natiq çıxışına davam edərək “Əsrin müqaviləsi” adını almış neft kontraktının vaxtının uzadılması, TAP və TANAP layihələrinin uğurla icra olunması, istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyəti barədə görüş iştirakçılarına geniş məlumat vermiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafına, ekologiyanın qorunmasına diqqəti, hər il ölkə vətəndaşlarının pulsuz müayinəyə cəlb olunması, şəhid və əlil ailələrinə, qaçın və məcburi köçkünlərə, aztəminatlı ailələrə, internat və qocalar evlərində yaşayanlara qayğısını xüsusi vurğulamışdır.

Natiq bildirmişdir ki, tur aksiya zamanı məktəblilərin Gəncə şəhərində Qədim Qala divarlarına, Nizami Gəncəvinin məqbərəsinə, Nizami Gəncəvi adına mərkəzə, Cavad xan Məqbərəsinə, Cümə məscidinə, Şah Abbas məscidinə, Xan bağına, Amfiteatra, Gəncə Dövlət Filarmoniyasına , Gəncə bulvarına, Gəncə avtomobil zavoduna, Göygöl rayonunda Hacıkənd qəsəbəsi və Göygöl milli parkına, Şəmkir

rayonunda Abidələr parkına, İstiqlal parkına, “Nəfis”çörək zavoduna, Şəmkir Aqroparkına ekskursiyaları təşkil olunacaqdır. Həmçinin bu şəhərlərdə Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkərinə, Bayraq Meydanına, tarix diyarşünaslıq muzeylərinə və digər tarixi yerlərə də səfərləri təşkil olunacaqdır.

«Ölkəmizi tanıyaq» tur aksiyasında iştirak üçün rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 40 nəfər şagird seçilmişdir. Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən qrupa rəhbər təyin olunmuş, şagirdləri müşayət edəcək müəllim və həkim heyəti seçilmişdir. Şagirdlər xususi geyimlər və tələb olunan ləvazimatlar ilə təmin olunmuşdur.

Nəsimi rayon İcra Hakimiyyətində keçirilən görüşdə valideyinlər və şagirdlər çıxış edərək doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur aksiyaların əhəmiyyətindən danışmış, onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətarlıqlarını bildirmişlər.

Tədbirin sonunda təşkil olunmuş konsert proqramı tədbir iştirakçılarında, valideynlərdə və məktəblilərdə xoş ovqat yaratmışdır. Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdirmişlər.

Sizin Reklam Yeriniz