Əlaqə Arxiv
news Image
2018.11.15
09:50
| A A A
Büdcə gəlirlərinin artımı əhalinin sosial rifah halını daha da yüksəldəcək
Fikrət Yusifov: “Gələn ilin büdcəsinin pozitiv bir büdcə olduğu heç bir şübhə doğurmur” Natiq Cəfərli: “Maaş və pensiyalar ən azından 5 faiz artacaq”

2019-cu ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri artması gözlənilir. Belə ki, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsində dövlət büdcəsinin gəlirləri 22 917,5 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu da 2018-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 768,5 milyon manat və ya 3,5% çoxdur. 

İqtisadçıların sözlərinə görə, bu hal əhalinin sosial rifah halının artmasına ciddi şəkildə təsir göstərəcək. Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov bildirir ki, 2019-cu ilin büdcəsi cari ilin büdcəsindən ilk öncə gəlir və xərclərinin daha böyük olması ilə fərqlənir: “Lakin büdcənin gəlir və xərclərinin strukturunda diqqəti cəlb edən elə məqamlar var ki, bunları növbəti ilin büdcəsində keyfiyyət dəyişiklikləri kimi dəyərləndirmək lazımdır. Məsələn, növbəti ildə fiziki şəxslərin gəlir vergisindən tutulmaların 26%-dən çox azalması nəzərdə tutulur. Gələn ildən tətbiq ediləcək vergi yeniliklərinin anonsunu bu ilin oktyabr ayının əvvəlində Nazirlər Kabinetinin cari ilin 9 ayının yekunlarına həsr olunmuş müşavirəsində vergilər naziri Mikayıl Cabbarov vermişdi. 
Yeni vergi islahatları qeyri-neft sektorunda  vergi yükünün azaldılmaqla kölgə iqtisadiyyatının səviyyəsinin aşağı salınmasını hədəfləyir. Bir başqa məqam bəzi vergi daxilolmalarının əsaslı şəkildə artması ilə bağlıdır. Məsələn, gömrük sistemində aparılan islahatlara rəğmən, gələn il bu sistemdən idxal əlavə dəyər vergilərinin 34,5%, gömrük rüsumlarının 49,7% artımı nəzərdə tutulur. Bu, artıq büdcəyə gömrük daxilolmaları üzrə keyfiyyət dəyişikliklərindən xəbər verir. Gələn ilin büdcəsində dövlət əsaslı vəsait qoyluşunun 41,5% artımı nəzərdə tutulur ki, bu da iqtisadiyyatda ümumi artım templərinin təmin edəcək əsas şərtlərdən biridir. Çünki tikinti sektoru hərəkətə keçdiyi zaman iqtisadiyyatın qalan digər sahələrini də öz ardınca apara bilir. Bir sözlə, gələn ilin büdcəsinin pozitiv bir büdcə olduğu heç bir şübhə doğurmur”.
Digər iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, gələn ilin dövlət büdcəsinin xərc hissəsində 2 milyard manatdan bir qədər çox artım var: “Bu artımın bir hissəsinin sosial layihələrə yönəlməsi nəzərdə tutulub. İlk dəfədir ki, uşaq bağçalarına ayrılan vəsaitin artımı öz əksini tapıb. Bu da sosial istiqamətlərdən biridir. 
Maaş və pensiyalar ən azından 5 faiz artacaq. Digər sahələrdə də artımın olacağı ehtmal olunur. Bütövlükdə sosial layihələr üçün büdcə xərclərinin təxminən 35 faizi nəzərdə tutulur. Bu da 2018-ci ilin göstəricisinə nisbətdə 3 faiz çoxdur. Ancaq bunların hamısı gəlirlərin artımı fonunda proqnozlaşdırılır. Gələn ilin büdcə parametrlərinin normal yerinə yetirilməsi üçün gəlirlərin artması vacib şərtlərdən biridir. Bu, həm neftin qiyməti, həm də toplanan vergidən asılı olacaq. Bu fonda may ayında büdcəyə yenidən baxılması mümkündür. Hansı ki, son  illərdə bu tendensiya var. May ayında müxtəlif istiqamətlərdə xərclərin arıtırılması nəzərdə tutula bilər”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz