Əlaqə Arxiv
news Image
2018.11.15
09:15
| A A A
Əmək münasibətlərinin leqallaşdırılması daha geniş vüsət alır
Radil Fətullayev: “Növbəti ildən etibarən əmək haqqı məbləğlərindən tutulan vergilərdə, sosial müdafiə fonduna olan ayırmalarda dəyişiklər olacaq” Fuad İbrahimov: “Düzgün əmək münasibəti işçinin özüdən də asılı olan məsələdir”

Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılır. Bu istiqamətdə qanunverciliyin dəyişdirilməsi nəzərdə tutulub. 

Ekspertlərin fikrincə, bu hal büdcə gəlirlərinə, vergilərin həcminə, sosial sığorta ödənişlərinə müsbət təsir göstərəcək. İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin eksperti Radil Fətullayev bildirir ki, növbəti ildən etibarən əmək haqqı məbləğlərindən tutulan vergilərdə, sosial müdafiə fonduna olan ayırmalarda dəyişiklər olacaq: “Hazırki qanuna görə, əmək haqqından 14 faiz gəlir vergisi tutulur. Gəlir vergisinin tutulmasının da qaydası var idi. 2500 manata qədər minimum əmək haqqı çıxılandan sonra 14 faiz tutulurdu. Dəyişikliyə əsasən, gəlir vergisi 8000 min manata qədər məbləğdən tutulmayacaq. Bu, dövlət  müəssisələrinə aiddir. 
Layihəyə görə, stimullaşdırıcı tədbir olaraq özəl sektorda əmək münasibətlərinin tənzimlənməsi üçün gəlir vergisi tutulmayacaq. İşçilərin gəlir vergisindən azad olunmasına baxmayaraq, dövlət sosial müdafiə fonduna ayırmalarda dəyişiklilər olacaq. Hazırda bu ödəniş 3 faizdir. 2019-cu ildən isə 10 faizə qaldırılır. 200 manat məbləğə qədər olan əmək haqqından  3 faiz, 200 manatdan yuxarı olan məbləğdən isə 10 faizə qədər dövlət sosial müdafiə fonduna ayırmalar ediləcək. Bu da işçinin xeyrinə olan amildir. Belə ki, gəlir vergisinin qarşılığını  görmürdürsə, bunun əvəzinə dövlət sosial müdafiə fonduna ayırmaların qarşılığını pensiya yaşına çatanda görəcək. Əmək müqaviləsinin imzalanmasında müəssisəyə faydası isə odur ki, Dövlət Sosial Müdafiə Fonduna əvvəl 22 faiz ayırma edirdisə, indi 15 faiz ayırmalar edəcək. Sadəcə, differnsiallıq ondan ibarətdir ki, 200 manata qədər olan məbləğdən 22 faiz, 200 manatdan yuxarı olan əmək haqqından isə 15 faiz miqdarında dövlət sosial müdafiə fonduna ödəmə olacaq. 
Həmçinin xidməti müqavilənin ləğvi məsələsi var. Əgər sadələşdirilmiş vergi ödəyiciləri  VÖEN açan şəxslərə, müəssisələrə, hüquqi şəxslərə xidmət göstərərsə, onlar məcburən sadələşmiş vergi ödəyicisi olmamaq ehtimalı var. Bu da onu göstərir ki, yeni qanunvericilik layihəsi işçi ilə əmək müqaviləsi bağlamağı tövsiyə edir. Yəni, yeni dəyişikliyə əsasən, müəssisələr daha çox əmək haqqı müqaviləsi bağlayacaqlar”.
Digər iqtisadçı-ekspert Fuad İbrahimov bildirdi ki, bu problemin həlli istiqamətində mətbuatın da üzərinə müəyyən qədər iş düşür: “Düzgün əmək münasibəti işçinin özüdən də asılı olan məsələdir. Yəni, bu işdə yalnız dövlət maraqlı olmamalıdır. 
Nəzərə alaq ki, əmək müqaviləsindən ilk mənfəəti götürən elə müqavilə iştirakçısının özüdür. Odur ki, bu istiqamətdə ciddi maariflənmə prosesi həyata keçirilməlidir. Hansı ki, bu işdə də mətbuatın üzərinə böyük iş düşür. Əmək müqaviləsinin bağlanmasını ilk növbədə işçinin özü tələb etməlidir. Gələcək pensiya ödənişləri üçün bu göstərici mütləq amildir. 
Bundan başqa, leqal əmək münasibətləri istənilən ölkədə kölgə iqtisadiyyatının həcminin azalmasına köməklik göstərir. Eyni zamanda leqal əmək münasibətləri dövlət büdcəsinə ödəniləcək verginin həcmini artırır. Həmçinin vətəndaş gələcəkdə pensiya problemi ilə üz-üzə qalmır. Bununla da vəsaitlərin şəffaf axını təmin olunmuş olur. Nəticədə dövlət nəzarəti orqanları da öz işlərini rahat şəkildə həyata keçirmiş olacaqlar. O baxımdan problemin həlli ilk növbədə maarifləndirmə işinin həyata keçirilməsində asılıdır.  Bundan başqa, əmək müqaviləsinin bağlanmasında iş verən tərəf də maraqlı olmalıdır. Əks təqdirdə cərimələrlə üzləşə bilər”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz