Əlaqə Arxiv
news Image
2018.11.17
14:05
| A A A
Xırdalandakı uşaq bağçasında fövqəladə hallarla bağlı maarifləndirici tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin Abşeron rayon Xırdalan şəhər 23 saylı körpələr evi-uşaq bağçasında təşkil etdiyi “Uşaq hüquqları aylığı” çərçivəsində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda keçirilən maarifləndirici tədbir böyük marağa səbəb olub. Əvvəlcə, bağça uşaqlarının əl işləri nümayiş olunub.

Movqe.az xəbər verir ki, nəzəri və praktiki hissələrdən ibarət olan tədbirin birinci hissəsində Mərkəzin əməkdaşları “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Dəm qazı”, “Çimərliklərdə təhlükəsizlik qaydaları” və “112” qaynar xətti” mövzularında məlumat veriblər.

Daha sonra uşaqlarla dialoq qurulub, onların sualları cavablandırılıb və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılıb.

Tədbirdə “Uşaq Hüquqları Konvensiyası” barədə, eləcə də uşaq hüquqlarının qorunması və təşviqi sahəsində ölkəmizdə həyata keçirilən tədbirlərdən danışılıb.

Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyinin hazırladığı “Uşaqları çimərlikdə nəzarətsiz qoymayın” və “Uşaqlarımızın həyatını təhlükəyə atmayaq” adlı videoçarx nümayiş olunub.

Tədbirin praktiki hissəsində şərti olaraq bağçanın həyətində süni yanğın səhnəsi təşkil edilərək Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən baş verən yanğın lokallaşdırılaraq söndürülüb. Həmçinin Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvə və texnikasına baxış keçirilib, onların təyinatı və istifadəsi qaydaları haqqında məlumat verilib.

Sonda bağçanın tərbiyəçisi Vüsalə Nəsibovanın təşkilatçılığı, rus bölməsi üzrə məktəbəhazırlıq qrupunun körpə fidanlarının iştirakı ilə hazırlanmış ədəbi-bədii hissə nümayiş olunub.

Sizin Reklam Yeriniz