Əlaqə Arxiv
news Image
2018.11.19
16:02
| A A A
Azərbaycan İlahiyyat İnstitutunda BDU-nun ilahiyyat fakültəsinin məzunları ilə görüş keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Bakı Dövlət Universitetinin (BDU) ilahiyyat fakültəsinin məzunları ilə görüş keçirilib.

Aİİ-dən Movqe.az-a bildirilib ki, rektor Ceyhun Məmmədov BDU-nun ilahiyyat fakültəsini müxtəlif illərdə bitirmiş məzunların iştirakı ilə keçirilən görüşü əlamətdar hadisə adlandırıb. Onları bir arada görməkdən məmnunluğunu ifadə edən rektor vaxtilə ilahiyyat fakültəsində təhsil alan gənclərin hazırda dövlət qurumlarında, qeyri-hökümət təşkilatlarında və özəl şirkətlərdə peşəkar kadr kimi müxtəlif vəzifələrdə çalışdığını bildirib.

Rektor Azərbaycanda din sahəsinə böyük diqqət və qayğı göstərildiyini, bu siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyevin həmin siyasəti hazırda böyük uzaqgörənliklə və uğurla davam etdirdiyini vurğulayıb. Ölkəmizdə bir çox dini ibadət ocaqlarının təmir və bərpa olunduğu, yeni dini təhsil müəssisələrinin yaradıldığı, dini icmalara mütəmadi olaraq maliyyə vəsaiti ayrıldığı, Heydər Əliyev Fondu tərəfindən bu sahədə məqsədyönlü işlər görüldüyü və uğurlu layihələrə imza atıldığı diqqətə çatdırılıb.

C.Məmmədov BDU-nun ilahiyyat fakültəsinin məzunlarının gələcəkdə Aİİ-də keçirilən layihələrə dəstək olacaqlarına, həmçinin tələbələrin müxtəlif müəssisələrdə təcrübə keçmələri və işlə təmin olunmaları üçün mümkün şərait yaradacaqlarına əminliyini ifadə edib.

İlahiyyat fakültəsinin 2004-cü il məzunu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, Azərbaycanda dini etiqad azadlığı, əsrlərdən bəri xalq arasında mövcud olan dini dözümlülük və multikulturalizm ənənəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu baxımdan Azərbaycan İlahiyyat İnstitutunun yaradılması Prezident İlham Əliyevin azərbaycançılıq ideologiyasının inkişafını və milli-mənəvi dəyərlərin qorunmasını daim diqqət mərkəzində saxladığını göstərir.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov məruzəsində Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını ölkə rəhbərliyinin milli dəyərlərimizə göstərdiyi diqqətin bariz nümunəsi adlandırıb. “Məzun olaraq borcumuz İlahiyyat İnstitutuna dəstək olmaq, ali təhsil müəssisəsinin qarşısına qoyduğu məqsədlərin həyata vəsiqə qazanmasında əlimizdən gələn səyi əsirgəməməkdir”, - deyə Ə.Zülfüqarov bildirib.

1995-2000-ci illərdə ilahiyyat fakültəsində oxumuş Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov vurğulayıb ki, Aİİ-nin hazırlayacağı kadrlar milli-mənəvi dəyərlərimizin qorunmasına, xalqımızın əsrlərin sınağından süzülüb-gələn mental ənənələrinin mühafizəsinə layiqli töhfələrini verəcəklər.

“Şəms” Tərcümə Mərkəzinin direktoru Nəsimi Həsənov məzunlarla bir arada olmaqdan məmnunluğunu ifadə edib. O, belə görüşlərin hər il təşkil edilməsinin vacibliyini vurğulayıb, hər bir məzunun Aİİ-yə dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər dini radikalizmə qarşı mübarizədə, milli-mənəvi və dini dəyərlərin qorunması istiqamətində ilahiyyatçıların danılmaz rolunu qeyd edib. O, Aİİ-nin maarifləndirmə işinin təşkilində mühüm işlərə imza atacağına ümidvar olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sizin Reklam Yeriniz