Əlaqə Arxiv
news Image
2018.11.20
17:28
| A A A
Yeni Azərbaycan Partiyası dövlətimizin inkişafı naminə geniş fəaliyyəti ilə cəmiyyətimizin dəstəyini qazanıb

Tarixi zərurət nəticəsində yaranan Yeni Azərbaycan Partiyası (YAP) qısa müddətdən sonra Azərbaycanda hakimiyyət partiyasına çevrilib və o zamandan da məhz xalqımızın rifahı, dövlətimizin inkişafı naminə geniş fəaliyyəti ilə cəmiyyətin hər bir təbəqəsinin möhkəm dəstəyini qazanıb.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən Movqe.az-a bildirilib ki, bu fikir YAP-ın yaradılmasının 26-cı ildönümünə həsr olunan konfransda səsləndirilib.

Universitetdə keçirilən konfrans Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov 1992-ci ildə əsası Ümummilli Liderimiz tərəfindən qoyulan partiyanın yaranma zərurətindən, keçdiyi inkişaf yolundan danışıb. Qeyd edilib ki, bu gün ölkəmizin sürətli iqtisadi inkişaf yoluna qədəm qoyması məhz Ulu Öndərin düşünülmüş siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsinin nəticəsidir.

“Yeni Azərbaycan Partiyasının dünəni və bu günü” mövzusunda çıxışında YAP Universitet ərazi ilk təşkilatının sədri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Asəf Əliyev qeyd edib ki, universitetin müəllim-professor və tələbə kollektivinin ictimai-siyasi cəhətdən fəal hissəsi tam şəkildə YAP-ın sıralarında, partiyanın Universitet şəhərciyi ərazi ilk təşkilatında birləşib. Bildirilib ki, YAP Naxçıvan Şəhər Təşkilatının ən böyük ərazi ilk təşkilatı olmaqla, öz sıralarında 1939 nəfər partiya üzvünü birləşdirən Universitet ərazi ilk təşkilatı üzvlərinin 181 nəfərini müəllimlər, 41 nəfərini tədrisə köməkçi heyət, 1717 nəfərini isə tələbələr təşkil edir. Üzvlərdən 3 nəfəri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 7 nəfəri elmlər doktoru, 89 nəfəri fəlsəfə doktorlarıdır, 53 nəfər partiya üzvü isə ölkənin və muxtar respublikanın ali dövlət mükafatları, fəxri adları, orden və medalları ilə təltif olunublar. Ölkəmizdə gəncliyə göstərilən yüksək dövlət qayğısının ifadəsidir ki, ərazi partiya təşkilatının 89 faizini gənclər təşkil edir.

“Yeni Azərbaycan Partiyası və Azərbaycan gəncliyi” mövzusunda çıxış edən elektroenergetika mühəndisliyi ixtisasının II kurs tələbəsi Asim Abdulla bildirib ki, dahi rəhbərin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Ulu Öndər hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycan gənclərinin müasir tələblərə cavab verən, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşması üçün çalışıb.

Partiya üzvlüyünə yeni qəbul edilən tələbələrə vəsiqələri təqdim olunduqdan sonra YAP-nın 26 illik fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.

Sonra incəsənət fakültəsi tələbələrinin ifasında musiqi, rəqs nümunələri təqdim edilib.

Sizin Reklam Yeriniz