Əlaqə Arxiv
news Image
2018.11.22
15:29
| A A A
Portuqaliya, Türkiyə və Rusiyada “Azərbaycan multikulturalizmi” fənninin tədrisi uğurla davam edir

Türkiyənin Ərciyes, Rusiyanın Ural Federal və Portuqaliyanın Lusofona Humanitar Elmlər və Texnologiya universitetlərində Azərbaycanın multikulturalizm modeli ilə bağlı müntəzəm dərslər uğurla davam etdirilir. Dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) ilə adları çəkilən universitetlər arasında əldə edilən razılaşma əsasında keçirilir.

BBMM-dən Movqe.az-a bildirilib ki, Türkiyə universitetində “Azərbaycan multikulturalizmi” fənni professor Qafar Mehdiyev, Rusiyada professor Aleksandr Nesterov, Portuqaliyada isə professor Gülnar Hüseynzadə tərəfindən tədris olunur. Dərslər üçün qeydiyyatdan keçən tələbələr arasında gələcəkdə ölkəmizdə təhsil almaq, iş qurmaq, həmçinin öz universitetlərində Azərbaycanla bağlı dərs demək və bu məqsədlə mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız, habelə multikultural vəziyyət ilə bağlı biliklərə yiyələnmək istəyənlər çoxluq təşkil edir. Seçilən tələbələr Azərbaycanda qış və yay məktəblərində iştirak etmək üçün şans qazanacaqlar. Bu da öz növbəsində tələbələrə stimul verən amillərdən biridir.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsini uğurla davam etdirir. Hazırda bu layihə çərçivəsində respublikamızın 38, dünyanın 19 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur.

Xatırladaq ki, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və təşəbbüsü ilə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra, sözügedən layihəyə start verilib. Sevindirici məqam ondan ibarətdir ki, artıq fənnin tədrisində müəyyən müsbət təcrübə əldə olunub. Bu yaxınlarda ingilis dilində nəşr olunan “Azərbaycan multikulturalizmi” dərsliyinin istifadəsi tədrisin keyfiyyətinin daha da yüksəlməsinə imkan yaradır. Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində xaricdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi daha geniş coğrafiyanı əhatə etməkdədir.

Sizin Reklam Yeriniz