news Image
2018.12.04
09:48
| A A A
Dizellə işləyən avtobuslar dövriyyədən çıxarılır
Ərşad Hüseynov: “Hərəkət təhlükəsizliyi ilə yanaşı, ekoloji təhlükəsizlik də önə çəkilməlidir” Azər Allahverənov: “Dizellə işləyən avtobusların istismardan çıxarılması tendensiyası Avropanın bir çox dövlətlərində həyata keçirilir”

“Bakıda dizel yanacağı ilə işləyən avtobuslar istifadədən çıxarıla bilər”. Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib. V.Kərimli deyib ki, avtobuslara, taksilərə, sürücülərə və daşıyıcılara dair yeni tələblər hazırlanıb: “Həmin tələblər hökumətə təqdim olunub: "Tələblərdən biri də odur ki, 2022-ci ildən etibarən paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri sıxılmış qaz və elektriklə işləyən avtomobillərdən ibarət olsun. Bizim üçün ətraf mühit vacibdir".

Qeyd edək ki, bu məsələdə mütəxəssislərin də fikirləri birmənalıdır. Nəqliyyat məsələləri üzrə hüquqşünas Ərşad Hüseynov bildirir ki, hazırda ölkəmizdə avtobus parkı nisbətən köhnədir: “O  baxımdan avtobus parkında texniki yenilənmələrə ehtiyac var. Bu da ciddi vəsait tələb edir. Elə əsas məsələlərdən biri məhz budur. Ancaq avtobus parkı yenilənərkən, müvafiq yanaşamalara üstünlük verilməlidir. Hərəkət təhlükəsizliyi ilə yanaşı, ekoloji təhlükəsizlik də önə çəkilməlidir. 
Ekoloji təhlükəsizlik dedikdə ictimai nəqliyyat vasitələrinin ətraf mühitə vurduğu ziyan nəzərdə tutulur. Söylənildiyi kimi hazırda ən yaxşı yanaşma elektrik mühərrikli avtobusların istismara buraxılmasıdır. Nəzərə alaq ki, hazıda dünyada bu cür nəqliyyat vasitələrinin istehsalı artmaqdadır. İnkişaf etmiş ölkələr elektriklə işləyən avtomobillərə keçirlər. O baxımdan maddi imkan olarsa, elektriklə işləyən avtobusların istismara verilməsi yaxşı haldır. Amma nəzərə alaq ki, həm elektriklə, həm də sıxılmış qazla işləyən avtobuslar daha bahadır. Odur ki, bu proses tədricilik tələb edəcək. Yəni, prosesin hansı sürətlə getməsi daşıyıcı şirkətlərin və dövlətin sərmayəsindən asılı olacaq”.
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki, bu cür bəyanatlar verilirsə, yaxın illər ərzində avtobus parkı dizellə işləyən avtobuslardan təmizlənəcək: “Bu proses tədricən həyata keçiriləcək. Məlumdur ki, ən çox əhali Bakı şəhərində yaşayır. Bu da ictimai nəqliyyatda sıxlığı şərtləndirən başlıca amildir. O baxımdan paralel şəkildə ölkəyə həmin avtobusları gətirməklə həm sərnişin sıxlığı azalmış, həm də ətraf mühit qorunmuş olar. Çünki elektriklə işləyən avtobuslar dizelə nisbətən ətraf mühitə daha az zərər vurur. 
Nəzərə alaq ki, dizellə işləyən avtobusların  istismardan çıxarılması tendensiyası Avropanın bir çox dövlətlərində həyata keçirilir. Azərbaycanda da ətraf mühitin mühafizəsi nöqteyi-nəzərindən bu perpspektivlər müəyyən edilməlidir. Düzdür, həmin avtobuslar daha çox vəsait tələb edir. Çünki dizellə işləyən avtobusların qiyməti digər növ avtobuslara nisbətən ucuzdur. Ancaq əsas məqsəd ətraf mühitin qorunmasıdır. Ona görə də məsrəfin artması gözləniləndir və qəbulediləndir. Söhbət ətraf mühitin mühafizəsindən, insanların sağlamlığından gedir”.
Mübariz BAYRAMOV