news Image
2013.04.24
18:06
| A A A
Əcnəbilərin Azərbaycanda mənzil marağı
Ramil Osmanlı: «Son zamanlar həqiqətən də əcnəbilərin ölkəmizdə ev alması tendensiyası müşahidə olunur» Nüsrət İbrahimov: «Son illər ev satan əcnəbilərin sayı çoxalıb, nəinki alanların»

Azərbaycanın daşınmaz əmlak bazarına əcnəbilərin yenidən xüsusi maraq göstərməsinə dair məlumatlar yayılmaqdadır. "Əmlak bazarı iştirakçıları" İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı son zamanlar bunnula bağlı Mövqe.az-a açıqlamasında bildirib: " Son zamanlar həqiqətən də əcnəbilərin ölkəmizdə ev alması tendensiyası müşahidə olunur. Bunun səbəbi ölkəmizə Gürcüstandan və Cənubi Azərbaycandan, İrandan gələn axın ilə bağlıdır. Konkret desək, avropalıların və yaxud da ki ki, Rusiya vətəndaşlarının kütləvi şəkildə gəlib, məhz Azərbaycanda ev alması tendensiyası mövcud deyil. Son illər Gürcüstandan və İrandan Azərbaycana olan axının təbii ki, müxtəlif səbəbləri var. Mən o siyasi mövzulara şərh vermək istəmirəm. Amma onu qeyd edim ki, bu, bir az da həmin vətəndaşların siyasi azadlığı ilə bağlı olan məsələlərdir. İrandan Azərbaycana gəlib ev almaq istəyən vətəndaşların əksəriyyəti təbii ki, yaşayış səviyyəsindən daha çox, azadlıq ilə bağlıdır.

2011-2012-ci illərdə bu tendensiya əvvəlki illərdən 2-3 dəfə çox artıb. Xüsusən də İrandan gələn əcnəbi vətəndaşların ev alması əvvəlki illərlə müqayisədə daha çox artıb".


"MBA LTD" Qiymətləndirmə və Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimov isə son dövrlər əcnəbilərin ölkəmizdə ev alma tendensiyasının artmadığını,əksinə olaraq azaldığını qeyd edir : "Biz alqı-satqı şirkətiyik. Amma siz dediyiniz tendensiya müşahidə olunmayıb. Əcnəbilərin Azərbaycanda ev alması tendensiyası çoxalıbsa, deməli, hansısa səbəblər var. Bizim şirkətə 2005-2008 ci illərdə daha çox əcnəbilər tərəfindən müraciətlər daxil olurdu. O vaxtlar İrandan, Türkiyədən gələn insanlar ev almaq üçün müraciət edirdilər. Ancaq son illər ev satan əcnəbilərin sayı çoxalıb, nəinki alanların... Bizdə elə bir informasiya yoxdur ki, əcnəbi vətəndaşların ölkəmizdə ev alması prosesi çoxalıb".