Əlaqə Arxiv
news Image
2018.12.11
10:14
| A A A
Alınma sözlərdən istifadəyə meyl hələ də yüksəkdir
Qulu Məhərrəmli: “Dilə daxil olan sözlərin qarşılığını öz dilimizdə tapmağa çalışmalıyıq” Abid Tahirli: “Elmin bütün sahələrini ifadə edə bilən söz ehtiyatımız var”

Araşdırmalar göstərir ki, dilimizdə kifayət qədər qarşılığı olarkən belə alınma sözlərdən istifadəyə meyl yüksəkdir. Mütəxəssislər bunun bəzən zərurətdən meydana gəldiyi deyirlər. Belə ki, qloballaşma ilə əlaqədar beynəlxalq sözlərdən qaçmaq mümkün deyil. Bəzən isə yerli-yersiz alınma, xarici sözlər də işlədilir ki, bunun qarşısını almaq üçün ilk növbədə maarifləndirmə önə çəkilir. 

Filologiya üzrə elmlər doktoru, professor Qulu Məhərrəmli bildirir ki, dilin istənilən mərhələsində vəziyyətdən, ölkədaxili inkişafdan, xarici əlaqələrlə bağlı olaraq alınma sözlər daxil olur: “Dil bunsuz inkişaf edə bilməz. Amma dilə daxil olan sözlərin qarşılığını öz dilimizdə tapmağa çalışmalıyıq. Bu da dil daşıyıcılarının düşüncəsi və intellektual səviyyəsi ilə bağlıdır. 
Vaxtı ilə Üzeyir Hacıbəyov dil mübahisələri olarkən deyirdi ki, mətndə hansı söz daha uyğun gəlirsə, onu işlətmək lazımdır. Lakin bu gün kimlərsə intellektual görünmək üçün alınma sözləri daha çox işlədirlər. Amma bu, doğru yanaşma deyil. Düzdür, indiki şəraitdə alınma sözlərə qarşı çıxmaq da düzgün deyil. Sadəcə, dilimizi sevməli və yaxşı bilməliyik. Dili yaxşı bilməyəndə xaricdən daha çox söz götürürük. Düzdür, alınma sözlər işlənməlidirlər, ancaq onu diqqətlə seçməliyik. Bununla yanaşı, dilin öz sözlərinin işləkliyini artırmağa çalışmalıyıq. Yəni, alınma sözlərin meydanını süni şəkildə genişləndirməməliyik. Bu işdə də hər kəsin üzərinə məsuliyyət düşür. 
İnsanların lazımi qədər mütaliəsi, intellekti, dilə sevgisi olmalıdır. Bunun da nəticəsində dili yaxşı ifadə etməlidirlər. Hər kəsin başının üstündə bir nəzarətçi qoymaq olmaz. Xüsusən də öndə gedən, kütləvi tədbirlərdə iştirak edən insanların dili nümunəvi, obrazlı olmalıdır. Bu onun təfəkküründən, intellektindən irəli gəlir. Çünki, nitq ilə təfəkkür arasında birbaşa əlaqə var. Həmin şəxslərin nitqi nümunəyə çevrilməlidir”.
Professor əlavə etdi ki, dil heç vaxt naqis olmur: “Təfəkkür naqis ola bilər. Elə sahələr var ki, Azərbaycan dili orada çox gözəl işləyir. Ancaq texnologiyada müəyyən çətinliklərimiz var. Bununla yanaşı, onları da ifadə etmək üçün imkanlarımız mövcuddur. Bunu axtarmaq lazımdır. Bəzən dialektlərdə mənalı sözlər olur. Həmin sözləri axtarmalı və onlarla ifadə etməliyik. Düzdür, süni söz düzəltmək yaxşı hal deyil. Amma dilin də üzərində işlər aprılmalıdır. Dil işlək olan zaman onun ifadə imkanları güclənir. Ümumiyyətlə, bütün dillər bu cürdür. Müəyyən sahədə yaxşı, müəyyən sahələrdə isə pis işləyir. Dünyanın ən işlək dili ingilis dilidir. Lakin ingilis dili də başqa dillərdən xeyli söz götürüb. İngilis dilinin bazasının 70 faizi alınma sözlərdi. Yəni, problem dildə yox, düşüncələrdədir. Ona görə də dilin ifadə tərzini qorumalıyıq. Dünyanın ən gözəl elmi əsərləri dilimizdə yüksək səviyyədə ifadə oluna bilir. Odur ki, dildən narazılıq ola bilməz. Problem dilimizdə yox, təfəkkürdə axtarmalıyıq”.
Filologiya elmləri doktoru Abid Tahirli bildirdi ki, bu problemin tarixi var: “Alınma sözlər klassik ədəbiyyatdan bu günə qədər olub. Bu, qloballaşma ilə ilə gələn problemdir. Hər bir sözə fərdi yanaşmaq və onların varsa, qarşılığını tapmaq lazımdır. 
Bəzən problemi özümüz yaradır və həll yolunu axtarırıq. Amma bütün sahələrdə yalnız ana dilindən istifadə etmək də mümkün deyil. Bunun üçün fundamental elmləri özümüz yaradıb özümüz terminlər daxil etməliyik. Bu da mümkün olan iş deyil. Elə sözlər də var ki, beynəlxalq termin kimi işlədilir. Ancaq elə sözlər var ki, onun əvəzini tapmaq mümkündür. Dilin nəyə ehtiycı olduğunu və sözlərin qarşılığını bilməliyik. Hansı sözün yad olması təxminən hər bir azərbaycanlıya məlumdur. 
Nəzərə alaq ki, Azərbaycan dili zəngindir. Xarici sözlərin qarşılığını dialekt, şivələrdə da tapa bilərik. Elmin bütün sahələrini ifadə edə bilən söz ehtiyatımız var. Sadəcə, daha böyük diqqət, qayğı lazımdır. Hansı ki, hazırda bu istiqamətdə işlər gedir, sərəncamlar var. Bundan başqa, maarifləndirmə işini yüksək səviyyədə qurmalıyıq. Maarifləndirmənin zəif olmasının nəticəsidir ki, şəhərimizdə nə qədər xarici dildə reklamlar var”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz