Əlaqə Arxiv
news Image
2018.12.11
17:28
| A A A
Bilik Fondu bölgələrdə və paytaxtda Ümummilli liderin anım mərasimlərini keçirdi

Movqe.az xəbər verir ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il keçir. Bütün bölgələrdə və paytaxtda Ulu öndərin anım mərasimləri təşkil olunur. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu da bu məqsədlə respublikasının müxtəlif idarə, təşkilat və müəssisələrində konfranslar və "dəyirmi masalar", mühazirələr və təqdimatlar keçirib. Tədbirlər Fondun şəhər və rayonlar üzrə nümayənədələri, Bilk Evlərinin dəstəyi, tanınmış ictimai xadimlərin iştirakı ilə keçirilib.

Dekabrın 10-da Bilik Fondu və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın müasir dövlət quruculuğu” mövzusunda keçirilən tədbir Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında baş tutub.

İcra Hakimiyyətinin təmsiçiləri, bələdiyyələrin ictimai-siyasi və humanitar sektor rəhbərləri, İnzibati ərazi dairələri üzrə nümayəndələr, təhsil, səhiyyə, mədəniyyət sahələrinin əməkdaşları və hakim partiya üzvlərinin iştirakı ilə gerçəkləşən tədbirdən öncə təşkilatın sədri, Milli Məclisin üzvü Hüseynbala Mirələmov Bilik Fondunun nümayəndələri ilə görüşərək, qurumun həyata keçirdiyi layihələri yaxından izlədiyini və əhalinin maarifləndirilməsi işinə dəstək verməyə hazır olduqlarını vurğulayıb.

Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Bilik Fondunun mətbuat katibi Ceyhun Musayev tədbirdə çıxış edərək, Ümummilli lider Heydər Əliyevin xalqın rifahı, vətənin çiçəklənməsi, dövlətin möhkəmlənməsi naminə göstərdiyi böyük xidmətlərindən danışıblar.

Bildirilib ki, Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasının, xalqın dövlətə inamının, ölkədə hökm sürən sabitlik və dinamik inkişafın əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək dövlətimizi beynəlxalq arenada söz sahibinə çevirib.

Görüşdə Fondun Lektorlar Qrupunun üzvü, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribovun ssenari müəllifi olduğu, “Carçıfilm” Yaradıcılıq Birliyinin istehsal etdiyi “Zaman və lider” sənədli filmi nümayiş olunub. Filmin nümayişindən sonra M.Qəribov “Heydər Əliyev və Azərbaycanın müasir dövlət quruculuğu” mövzusunda mühazirə ilə çıxış edib.

Natiq müasir Azərbaycan tarixində, dövlətçiliyimizin qorunub saxlanmasında və Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında Ümummilli liderin xidmətləri barədə ətraflı məlumat verib.

Həmin gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında “Heydər Əliyevin tarixləşmiş şərəfli ömür yolu” mövzusunda elmi-nəzəri konfrans keçirilirilib.

Bilik Fondu və Pedaqoji Universitetin Şəki filialının birgə təşkilatçılığı ilə keçirilmiş konfransda Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film göstərilib.

Filialın direktoru Rafiq Rəsulov, elmi işlər üzrə direktor müavini Nuralı Çələbiyev, Fondun Şəki şəhəri üzrə nümayəndəsi, 7 saylı tam orta məktəbin direktoru Bəkir Xəlilov çıxış edərək, Ümummilli lider Heydər Əliyevin nəsillərə nümunə olan zəngin və mənalı həyat yolundan, onun çoxsahəli fəaliyyətinin ən önəmli məqamlarından bəhs ediblər.

Konfransda, həmçinin, “Heydər Əliyev və davamlı inkişaf strategiyası”, “Azərbaycanın dövlət müstəqilliyinin bərpasında və möhkəmləndirilməsində Heydər Əliyevin tarixi xidmətləri”, “Heydər Əliyev və Azərbaycanda təhsil islahatları”, “Azərbaycanın dünya birliyinə inteqrasiyasında Heydər Əliyevin xidmətləri”, “Heydər Əliyev və Azərbaycanda gənclər siyasətinin təşəkkülü” mövzularında məruzə və çıxışlar dinlənilib.

Ağsu, Astara, Ağdaş Bilik Evlərinin təşkilatçılığı ilə məktəblilər Heydər Əliyev Mərkəzlərinə ekskursiya ediblər. Yerlərdə təşkil olunmuş maarifləndirici mühazirələrdə ziyarətçilərə dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumatlar verilib, sənədli filmlər nümayiş etdirilib. Bilirilib ki, dövlət müstəqilliyinin bərpasından sonra ölkə daxilində siyasi sabitliyin bərqərar olması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, sosial-iqtisadi sahədə qazanılan uğurlar, ölkəmizdə hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi Ulu öndərin adı ilə bağlıdır.

Qarabağ və Ağsrafa Regional Bilik Evlərinin təşkilatçılığı ilə yerli gənclər Ümummilli liderin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Ulu öndərin anım günü ilə əlaqədar açıq dərslər keçirilib. Rayon ziyalılarının iştirakı ilə keçirilən tədbirlərdə Heydər Əliyevin dövlətçilik tariximizdəki yeri, misilsiz xidmətləri yad edilib, müxtəlif mövzularda fikir mübadiləsi aparılıb.

Dahi şəxsiyyətin həyat və fəaliyyətinə, Azərbaycanın inkişafı uğrunda misilsiz xidmətlərinə həsr olunmuş maarifləndirici tədbirlər Bilik Fondunun şəhər və rayon nümayəndələrinin rəhbərlik etdikləri təhsil müəssisələrində də keçirilib.

Bu günlərədə Fondun dəsətəyi ilə Oğuz, Qax, Nardaran və Şəmkir Bilik Evlərində də Ümummilli liderin anım günü ilə bağlı silsilə maarifləndirici mühazirələr, yerli əhali ilə ziyalıların görüşləri təşkil olunacaq, Ulu öndərin əziz xatirəsi ehtiramla yad ediləcək.

Sizin Reklam Yeriniz