Əlaqə Arxiv
news Image
2012.05.01
22:43
| A A A
Sovuşmayan qida təhlükəsi
Nazim Məmmədov:

Bütün ölkələrdə olduğu kimi, Azərbaycana da qida məhsullarının bir hissəsi xaricdən idxal olunur. Bu fonda son illər Azərbaycan cəmiyyətini narahat edən məsələlərdən biri də heç şübhəsiz ərzaq təhlükəsizliyilə bağlı məqamlardır. Nəinki ölkə daxilində istehsal edilən, hətta bir sıra hallarda xaricdən gətirilən məhsulların tərkibinin də mövcud standartlara cavab vermədiyi aşkarlanır.

Belə halda isə həmin məhsullar insan sağlamlığına ziyan vurur. Nəticədə də istehlakçıların hüquqları pozulur. Bir sıra hallarda müvafiq qeydlərdə xaricdən ölkəmizə idxal olunan məhsulların tərkibinin çox təbii olduğu göstərilir. Amma maraqlıdır ki, bəzi hallarda həmin idxal məhsulunun üzərində onun təbii olması ilə bağlı qeydlər olsa da, reallıqda məhsulun tərkibində təbiilikdən əsər-əlamətin olmadığının şahidi oluruq. Bu vəziyyət isə gətirilən həmin məhsulların standartlara cavab vermədiyindən xəbər verir. Amma buna baxmayaraq, nədənsə ölkəmizə yenə də belə saxta məhsullar gətirilməkdə davam edir. Özü də idxal məhsulunun təbii olduğu barədə verilən qeydlərin reallıqla uyuşmaması faktları özünü, əsasən, uşaq qidalarında göstərir.

İqtisadçı alim Nazim Məmmədov xaricdən gətirilən məhsulların bəzilərinin tərkibinin üzərindəki qeydlərlə uyğun gəlməməsinin qarşısını almaq üçün yerli istehsala daha geniş stimul verilməli olduğunu bildirdi: "Azərbaycana kifayət qədər idxal məhsulları gətirilir ki, bunların arasında da yeyinti məhsulları üstünlük təşkil edir. Mövcud qanunvericiliyə görə istənilən yeyinti məhsulunun gigiyenik sertifikatı olmalıdır. Bu sertifikatın alınması da bir çox prosedurlardan keçir. Eyni zamanda ticarət partnyorları olan ölkələrin verdiyi sertifikatlar da bəzən qəbul olunur. Həmin sertifikat əsasında da malın idxal prosesi həyata keçirilir. Əslində bu zaman sertifikatların qarşılıqlı tanınması baş verir. Azərbaycana gələn qida məhsullarının elan olunmuş standartlara uyğun olmadığı aşkar olunursa, bu ola bilsin bir sıra hallarda ixracatçı tərəfin bu və ya digər formada standartdan yayınmaqla məhsulu Azərbaycana ixrac etməsinin nəticəsidir. Ola da bilsin məhsulların üzərində təbii olması ilə bağlı verilən qeydlərlə real tərkibinin düz gəlməməsi həmin məhsulun saxta sexlərdə istehsal olunması ilə bağıldır. Əsas səbəblər adətən bunlar olur. Bir neçə il bundan qabaq İİN müasir laboratoriyanın tikilməsinə girişmişdi. Yəqin ki, artıq yaradıblar. Eyni zamanda gömrük sistemində vahid pəncərə sisteminin həyata keçməsilə sanitar və baytarlıq xidmətinin mütəxəssisləri də gömrük işçilərilə birgə məhsulun monitorinqini aparmalıdırlar. Bütün bunlar vətəndaş və istehlakçıların hüquqlarının qorunmasına yönəlik addımlardır. Onun icra mexanizminin nə qədər dolğun olduğunu isə deyə bilmərik. Amma Azərbaycanın ticarət şəbəkələri hələ də kifayət qədər daxili və xarici saxta məhsullarla doludur. Həmin məhsulların keyfiyyəti isə müəyyən problem yaradır. Hökumət belə halların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməklə yanaşı, idxaldan asılılığı aradan qaldırmaq barədə də düşünməlidir. Yerli və ekoloji təmiz məhsulların istehsalı stimullaşdırılmalıdır. Bunun üçün də fermerlərə dəstək verilməli, yerli məhsulların alınması prosesi xaricdən gətirilənlərlə müqayisədə daha çox təşviq olunmalıdır. Belə halların qarşısını iqtisadi yollarla almaq mümkündür. Hər bir ticarət obyektinin qarşısına bir müfəttiş qoymaqla məsələni aradan qaldıra bilmərik. Daxili istehsal stimullaşdırılmalıdır".

Rüfət NADİROĞLU

MOVQE.AZ

Sizin Reklam Yeriniz