Əlaqə Arxiv
news Image
2018.12.18
15:46
| A A A
Yağışlar hansı ərazilərdə sürüşmə təhlükəsi yaradır? Açıqlama

Havaların bir neçə gündür ki, qeyri-sabit keçməsi sürüşmə zonaları ilə bağlı narahatçılığı artırır. Bəs görəsən sürüşməyə meyilli ərazilərdə hazırda vəziyyət nə yerdədir?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Movqe.az-a açıqlamasında bildirib ki, mövsümlə əlaqədar havaların yağmurlu keçməsi sürüşmə təhlükəsini də artırır: “Yağışlardan sonra sürüşmə sahələrində gərginlik yaranır. Buna səbəb atmosfer yağıntılarından sonra suxurların islanmasıdır.  Bundan sonra suxurlar arasında ilişmə qüvvəsi azalır, ağırlıq qüvvəsi nəticəsində həmin ərazidə torpaq öz mövqeyini dəyişir. Ona görə də atmosfer yağıntıları bizdə sürüşmə sahələri ilə bağlı narahatlığı artırır”.
Ə. Qaralovun sözlərinə görə,  bəzi ərazilərdə sürüşmə sahələri bu gün aktiv fazadadır: “Bayıl dərəsində sürüşmə sahəsində vəziyyət stabildir. Badamdar sürüşmə sahəsində isə sürüşmə kütləsi üzərində gərginlik qalmaqdadır”. 
Ekspedisiya rəisi bildirir ki, Bayıl və Teleqüllənin sağ yamacındakı sürüşmə sahələri ilə yanaşı Abşeronun Nübar, Masazır və Zığ qəsəbələrində də yağıntıların normadan artıq düşməsi narahatlıq yaradır: “Bu gün sözügedən ərazilərdə də sürüşməyə təbii amillərlə yanaşı, insan amili də təsir edir.   Yamacın dikinə kəsilməsi torpağın dayanıqlığını zəiflətdiyindən, sürüşməyə meyillik yaranır. Üstəlik o ərazilərdə çirkab suların axıdılması, kanalizasiya sisteminin yoxluğu sürüşməni daha da aktivləşdirir. Belə bir vəziyyətdə havanın qeyri-sabit keçməsi sürüşmə riskini daha da artırır”.
Ə. Qaralovun sözlərinə görə, sürüşmə sahələrində yamacın həddindən artıq yüklənməsi nəticəsində torpağın dayanıqlığı da zəifləyib: “Yağıntılar isə torpaq qatının yuyulması prosesini sürətləndirir. Bu səbəbdən də biz aktiv fazada olan sürüşmə sahələrində hər yağışlardan sonra aşınma və çökmə müşahidə edirik.  Bu gün yağışların yağması demək ola ki, bu prosesi sürətləndirir. Ümumiyyətlə metereoloji amillər həmin sürüşmə sahələrində aktivliyin artmasına səbəb ola bilər”.
 
Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz