Əlaqə Arxiv
news Image
2019.01.12
07:00
| A A A
Parkinq qiymətləri ilə bağlı anlaşılmaz durum
Azər Allahverənov: “Bütövlükdə bu kimi xoşgəlməz hallar yaşanmaması üçün Bakı Nəqliyyat Agentliyi daha qətiyyətli addımlar atmalıdır”

Bakı şəhərində parkinqlərdə qiymətlərin artırılmasına dair məlumat yayılıb. Sürücülər sosial şəbəkələrdə Qış Parkının və Azadlıq Meydanının altında yerləşən parkinqlərdə qiymətlərin 2 dəfə artırıldığını yazıblar. Bildiriblər ki, Qış Parkında yerləşən parkinqdə 9:00-21:00 radələrində maşın saxmalaq üçün aylıq abunə haqqı 30 manatdan 60 manata qaldırılıb. Hökumət Evi yaxınlığında isə parkinqdə aylıq abunə haqqı artıq 40 manat deyil, 80 manatdır.  Bu barədə sürücülər parkinqlərə nəzarət edən qurum olan Bakı Nəqliyyat Agentliyinin feysbuk səhifəsinə də yazıblar. 

BNA-dan Qış Parkının altındakı parkinqlə bağlı məsələnin doğru olduğu, ictimaiyyətə ətraflı məlumat veriləcəyi bildirilib. Ətraflı məlumat üçün əlaqə nömrəsi də qoyulub. Qurumdan bildirilib ki, qiymətlərdə hər hansı dəyişiklik edilməyib. Lakin o da əlavə edilib ki, parkinqlərdəki qiymətlərdə yaxın müddətdə dəyişiklik ediləcək: "Sözügedən parkinqlərdə tariflər nədirsə, odur. Lakin Agentlik tariflərdə dəyişiklik edilməsi üçün Tarif Şurasına müraciət edəcək”.
Qeyd edək ki, yeni qiymətlərdən sürücülər narazılıq edir. Ekspertlərin fikrincə, bu hal Bakının küçə və prospektlərində qanunsuz parklanmaların artımına rəvac verə bilər.
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirir ki, parklanma problemi kökündən həll olunmalıdır: “Hazırda xüsusən Qış Parkında olan parklanmanın qiymətində artım var. Həmin dayancaq yeri əvvəllər Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində idi. Ötən ilin aprel ayından etibarən isə Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verildi və çox qısa müddətdə təhvil-təslim prosesi həyata keçirilməli idi. Lakin təəssüflər olsun ki, bu günə qədər təhvil-təslim prosesi yekunlaşmayıb. Buna görə də Bakı Nəqliyyat Agentliyi qiymətin müəyyən olunması ilə əlaqədar prosesi ləngidir. Problem də məhz bundan qaynaqlanır. Bunun üçün təhvil-təslim prosesi tam başa çatmalı və parklanma üzərində Bakı Nəqliyyat Agentliyinin tam nəzarəti bərpa edilməlidir. Ondan sonra qiymətlə bağlı müvafiq qərar verilə bilər. 
Düzdür, bu gün parklanma yerində kimlərsə tərəfindən pul yığılır. Həmçinin qiymətləri artırıblar. Bu yolverilməzdir. Bunun ilk növbədə qanuni əsasları olmalıdır. Narazı olan sürücüləri başa düşmək olar. Bu günə qədər 30 manat verən sürücülər indi 60 manat parklanma pulu ödəyir. Qiymətlərin artmasına görə sürücülər başqa yollar axtamağa çalışacaqlar. Hətta bəzi qadağan olumuş yerlərdə də avtomobili saxlamağa cəhd edəcəklər. 
Bir neçə gündür Bakı Nəqliyyat Agentliyi müxtəlif küçələrdə xüsusi texniki qurğular vasitəsi ilə müşahidələr aparır. Müəyyən müddət ərzində bir sıra sürücülər dayanma-durma qaydalarını pozduğuna görə cərimələniblər. Sürücülər bunun da çıxış yolunu tapacaqlar. Qadağan olunmuş amma müşahidə kameraları olmayan yerlədə saxlayacaqlar”.
Azər Alalhverənov əlavə etdi ki, bütövlükdə bu kimi xoşgəlməz hallar yaşanmaması üçün Bakı Nəqliyyat Agentliyi daha qətiyyətli addımlar atmalı, təhvil-təslim prosesini başa çatdırmalıdır: “Həmçinin dövlətin nəzdində olan parklanma yerləri qiyməti aşağı salmalıdırlar. Söhbət aylıq abunədən gedirsə bu, daha çox aşağı salınmalıdır. Eyni zamanda saatlıq ödəniş məbləği də münasib olmalıdır. İndi isə qiymətlər çox yüksəkdir. Qiymətlər aşağı salınarsa, çoxsaylı parklanma yerləri yaradılarsa, sürücülər də qaydaları pozmaz, büdcəyə daha çox pul gedər. 
Nəzərə alaq ki, hazırda küçə kənarlarında kimlərsə dayanma və durmaya görə ödəniş tələb edir. Bu qeyri-qanunidir. Ümumiyyətlə, dayanma-durma ilə bağlı qaydalar “Yol hərəkəti haqqında” Qanunla tənzimlənir. Küçələrin avtomobil saxlamaq üçün yerləri də var. Düzdür, vaxtı ilə ora parkomat yerləşdiriblər və orada sürücülərdən pul yığanlar var.  Bunlar qeyri-qanuni hallardır. Çünki həmin yerlərə cavabdehlik Bakı Nəqliyyat Agentliyi daşıyır. Bakı Nəqliyyat Agentliyinin isə bununla bağlı hansısa sərəncamı, qərarı yoxdur. Pulun yığılması üçün yeni aparatlar quraşdırılmalı, işlər yeni qaydalara uyğun təmin edilməlidir”.
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz