news Image
2019.01.11
19:36
| A A A
YAP Masallı Rayon Təşkilatı 2018-ci ilin yekunlarını müzakirə edir

11 yanvar 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq tədbir iştirakçılarını salamlamış, geniş məruzə ilə çıxış edərək bildirmişdir: “Ölkəmiz özünün inkişaf mərhələsinin yeni bir uğurlu ilini başa vurdu. Qazanılan bütün müvəffəqiyyətlərdə ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının əməyi vardır. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası həyatımızın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirir. YAP-ın milli maraqlarımıza və ölkəmizin inkişafına xidmət edən fəaliyyəti cəmiyyət tərəfindən daim yüksək dəyərləndirilir. Partiyamızın öz fəaliyyətində söykəndiyi ideologiya onu daim uğurlara aparır. Ötən müddət ərzində YAP özünün dünənin, bu günün və sabahın partiyası olduğunu bir daha sübut etdi”. Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətin bütün sahələrini əhatə edən səmərəli fəaliyyətindən bəhs edən Seyfəddin Əliyev əlavə edib ki, YAP sahib olduğu strateji resurslarla Azərbaycan siyasi sisteminin alternativsiz siyasi güc mərkəzidir: “YAP-ın cəmiyyətə təqdim etdiyi dəyərlər, məqsədlər artıq siyasi ənənə kimi səciyyələndirə biləcəyimiz ideoloji tezislər vasitəsilə Azərbaycan xalqı tərəfindən mənimsənilib”.
Seyfəddin Əliyev qeyd etdi ki, yola saldığımız 2018-ci il müstəqil respublikamız üçün əlamətdar hadisələrlə yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında 2018-ci ili ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyəti ili elan etmişdir. Yeni Azərbaycan Partiyasının qurucusu və memarı, Ümummilli liderimiz Heydər Əliyevin 95 illik yubileyləri ölkəmizin hər yerində olduğu kimi Masallı rayonunda da geniş şəkildə qeyd olundu. 
2018-ci ilin növbəti əlamətdar hadisəsi ölkəmizdə keçirilən növbəti prezident seçkiləri olduğunu bildirən Seyfəddin Əliyev qeyd etdi ki, Azərbaycan seçicilərinin böyük əksəriyyəti bu seçkilərdə fəal iştirak etdi və 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Sonra YAP Masallı rayon təşkilatının fəaliyyətindən danışan sözçü siyasi həmfikirlərinin rayonun inkişafındakı rolundan bəhs etmiş, partiya üzvlərinin ölkənin qüdrətlənməsi yolunda möhtərəm Prezidentimizin ətrafında sıx birləşməsini gündəmə gətirmişdir. O, qeyd etmişdir ki, YAP Masallı rayon təşkilatı 11266 partiya üzvünü özündə birləşdirir. Onlardan 3391 nəfərini qadınlar, 3223 nəfərini gənclər təşkil edir. Təkcə 2018-cı ildə 252 nəfər ərizə ilə müraciət edərək partiyanın sıralarına qəbul olmuşdur ki, onlardan 111 nəfərini qadınlar, 167 nəfərini gənclər təşkil etmişdir. Ümumi tərkibdə partiya üzvlərinin 3470 nəfəri ali təhsilli, 2117 nəfəri orta ixtisas təhsillidir. 
2018-ci il ərzində YAP Masallı rayon təşkilatı özündə birləşdirdiyi ərazi ilk partiya təşkilatlarının sayını artıraraq ilk təşkilatların sayını 106-ya çatdırmışdır. 
Natiq 2019-ci ildə təşkilatın qarşısında duran əsas vəzifələri də tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. 
Çıxış edən Bədəlan ərazi ilk partiya təşkilatının sədri Arif Mehtiyev, Dəfinə lisey ərazi ilk partiya təşkilatının sədri Taleh Əkbərov, Türkoba ərazi ilk partiya təşkilatının sədri Leyla Əzizova və başqaları çıxışlarında ölkədə, eləcə də, rayonda gedən quruculuq və abadlıq işlərindən söz açmış, Yeni Azərbaycan Partiyasının uğurlarından bəhs etmişlər.
Sonda partiya həyatında yaxından iştirak edən bir qrup partiya fəalına YAP Masallı rayon təşkilatının Fəxri Fərmanı və qiymətli hədiyyələr verilmiş, partiya sıralarına yeni daxil olanlara üzvlük vəsiqələri təqdim olunmuşdur.

 

Əlihüseyn Şükürov.