news Image
2019.01.14
16:22
| A A A
ÜGT və Azərbaycan Gömrük Xidməti arasında səmərəli əlaqələr daha da güclənəcək

Yanvarın 14-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşüb.

Görüş iştirakçıları öncə Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə tər güllər düzüb, sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev qonağı səmimi salamlayaraq Kunio Mikuriyanın yenidən ÜGT-nin Baş katibi seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana etməsindən məmnun olduğunu bildirib. ÜGT ilə Azərbaycan gömrüyü arasında hər zaman səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu deyən Komitə sədri, bu əlaqələrin inkişafına, Azərbaycan gömrüyünə göstərilən dəstəyə görə Kunio Mikuriyaya təşəkkürünü ifadə edib.

Vurğulanıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan gömrüyü bu gün Prezident İlham Əliyevin yüksək idarəçilik qabiliyyəti, həyata keçirdiyi davamlı inkişaf strategiyası nəticəsində dünya gömrük ailəsinin etibarlı üzvü kimi formalaşıb.

Azərbaycan gömrük əməkdaşlarının potensialının artırılmasına xüsusi önəm verildiyini bildirən Səfər Mehdiyev bu istiqamətdə azərbaycanlı gömrükçülərin dünyanın mötəbər elm ocaqlarında təhsil almasına və təcrübə keçməsinə ÜGT və Yaponiya Gömrük Əməkdaşlığı Fondunun dəstək göstərməsini xüsusi vurğulayıb.

ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Fəaliyyətinə də toxunan Səfər Mehdiyev burada həm Azərbaycan gömrükçüləri üçün, həm də regional seminarların keçirildiyini və bu tədbirlərin gömrük işinin təşkilinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Komitə sədri Azərbaycan gömrüyünün ÜGT-nin müxtəlif komitələrində təmsil olunmasını, Dövlət Gömrük Komitəsi əməkdaşının təşkilatda mühüm vəzifələrdən birinə təyin edilməsini iki qurum arasındakı səmərəli əlaqələrin nəticəsi kimi qiymətləndirib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən reallaşdırılan innovativ islahatların gömrük orqanlarında həyata keçirilməsindən bəhs edən Səfər Mehdiyev korrupsiyaya qarşı aparılan mübarizə, şəffaflığın təmin oluması sahələrində mühüm nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb.

O da qeyd olunub ki, fevralın 1-dən tam şəkildə tətbiq olunacaq “Yaşıl dəhliz” buraxılış sistemi idxal-ixrac əməliyyatlarının sürətli və maneəsiz şəkildə həyata keçirilməsinə, ticarətin asanlaşdırılmasına, ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsinə, vətəndaş-

məmur təmasının minimuma endirilməsinə və könüllü riayət prinsipinin formalaşmasına mühüm töhfə verəcək.

Komitə sədri E-TIR, Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulma istiqamətində atılan addımlardan da bəhs edib və bu tədbirlərin risklərin analizi, ticarətin asanlaşdırılması, tranzitin inkişafına mühüm şərait yaradacağını söyləyib.

Səfər Mehdiyev 2019-cu ildə Azərbaycanda narkotiklərlə mübarizə və informasiya texnologiyaları sahəsində beynəlxalq konfransların keçiriləcəyini və bu tədbirlərin təşkilində göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

ÜGT-nin Baş katibi Kunio Mikuriya səmimi qəbula görə minnətdarlığını bildirib, vəzifəsinin icrasına yenidən başlarkən Azərbaycana səfər etməkdən qürur duyduğunu söyləyib. Azərbaycanın ÜGT-nin ən fəal üzvlərindən biri olduğunu deyən Baş katib təmsil etdiyi qurumun bir neçə orqanının Azərbaycanda yerləşməsini qarşılıqlı səmərəli əlaqələrin, Azərbaycan gömrüyünün beynəlxalq səviyyədə gömrük işinə verdiyi töhfələrin nəticəsi kimi yüksək qiymətləndirib.

27 il əvvəl yaranmasına baxmayaraq, Azərbaycan gömrüyünün mühüm nailiyyətlər əldə etdiyini vurğulayan Baş katib, informasiya texnologiyalarının tətbiqi, korrupsiya ilə mübarizə, potensialın və gömrük-biznes əməkdaşlığının gücləndirilməsi sahəsində əldə edilən uğurları diqqətə çatdırıb və Azərbaycan gömrüyünün şəffaflığın təmin olunması sahəsindəki təcrübəsini ÜGT-nin müvafiq komitələrində bölüşməyə çağırıb. ÜGT rəhbəri ticarətin asanlaşdırılması, gömrük nəzarətinin gücləndirilməsi tədbirlərinə paralel olaraq biznes nümayəndələri ilə səmərəli əlaqələrin qurulmasının da təqdirəlayiq olduğunu bildirib.

ÜGT rəhbəri gömrük sahəsində islahatların davam etdiriləcəyinə və təmsil etdiyi qurumla səmərəli əlaqələrin bundan sonra daha da güclənəcəyinə əminliyini ifadə edib.

Daha sonra Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisinin birinci müavini Anar Süleymanov gömrük sistemində aparılan islahatlar, onların əhəmiyyəti və gömrük orqanlarının gələcək hədəflərindən bəhs edən təqdimatla çıxış edib.