Əlaqə Arxiv
news Image
2019.01.16
11:25
| A A A
İfrat təhlükəli hidrometeoroloji hadisəyə hansı qurum necə hazırdır?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı  bütün qurumlara xəbərdarlıq edib. Hətta Nazirliyin aparatında və Milli Hidrometeorologiya Departamentində gözlənilən hava şəraiti ilə bağlı Qərargahlar da yaradılıb.  Məlumata görə, nazirliyin Aparatında yaradılan Qərargahdan dövlət qurumları və Nazirliyin regional idarələri arasında koordinasiyanın daha da gücləndirilməsi məqsədilə operativ faktiki hava məlumatları təqdim olunacaq. Milli Hidrometorologiya Departamentində yaradılan Qərargahdan müşahidə olunan proseslə bağlı ətraflı məlumatlar – yağıntılar, küləyin sürəti, istiqaməti, dənizdə dalğanın hündürlüyü ilə bağlı məlumatların hər üç saatdan bir aidiyyəti dövlət orqanlarına ötürülməsi təmin ediləcək və ictimaiyyətə KİV vasitəsilə məlumatlar canlı və yazılı veriləcək.


Proqnozlardan bu gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Bəs görəsən aidiyyatı qurumlar gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisəyə hazırdırlarmı?


Movqe.az saytının əməkdaşı bu sualla ilk növbədə “Azəriqaz” İstehsalat Birliyinə (İB) müraciət edib. Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalıyev bildirib ki, havanın kəskin dəyişəcəyi ilə bağlı “Azəriqaz” İB tərəfindən bir sıra zəruri tədbirlər həyata keçirilib: “Birliyin 104 və 185 Çağrı Mərkəzinin iş fəaliyyəti gücləndirilib və qaz təsərrüfatında qaz təhcizatını məhdudlaşdıracaq hər hansı bir planlı işlərin görülməsi nəzərdə tutulmayıb. Baş verəcək qəza hallarının dərhal aradan qaldırılması məqsədilə “Azəriqaz” İB-nin Təmir Tikinti İdarəsi lazımı maşın, alət, avadanlıqlarla təmin olunub. Qeyd edim ki, hava soyduqca təbii qaza tələbat artır. Tələbat artdıqca təbii qazın verilişi də artırılır. Hal-hazırda ümumi sərfiyyat respublika üzrə 32 milyon kub metrin üzərindədir. Ötən iki günə nəzər salsaq 628 min kub metr təbii qazın verilişində artım var. Havalar daha da soyduqda tələbat artacaqsa, təbii qazın verilişi də artırılacaq”.


“Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də təmsil etdiyi qurumun hava şəraitinin kəskin dəyişməsi ilə bağlı elektrik enerjisi verilişinin tam təmin olunması məqsədilə gücləndirilmiş iş rejimində çalışacağını söylədi. Onun sözlərinə görə, qurumun qəza xidmətinin əməkdaşları növbətçilik rejimində işləyəcəklər: "Əlavə material və maşın mexanizmi ayrılacaq, işçi heyyətinin qəza baş verən yerlərdə qəzanı aradan qaldırmağa tam hazır vəziyyətdə olacaqlar. Bundan əlavə 199 Çağrı Mərkəzi 24 saat fəaliyyət göstərir. Hava şəraitinin ifrat təhlükəli surətdə dəyişəcəyi ilə bağlı xüsusi xəbərdarlığa uyğun olaraq Azərenerji ASC-nin mərkəzi aparatında və bütün müəssisələrində gücləndirilmiş xüsusi iş rejimi təşkil edilməsi üçün Səhmdar Cəmiyyətin rəhbərliyi tərəfindən müvafiq əmr verilib. Qeyd edim ki, şəbəkəmiz tam hazır vəziyyətdədir. Fərdi qaydada da problem yaranarsa, Çağrı Mərkəzi ilə əlaqə yaradıldıqdan sonra qəza halı aradan qaldırılacaq”.
T. Mustafayev bildirib ki, ifrat təhlükəli hidrometeoroloji hadisənin baş verəcəyi proqnozlaşdırılan günlərdə fors-major halı olarsa “Azərenerji” ASC qəzanı aradan qaldırmağa tam hazırdır.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov isə deyir ki, hələ payız-qış mövsümü başlamazdan əvvəl Bakı Şəhərinin bütün icra hakimiyyətləri rəhbərləri ilə şəhər icra hakimiyyətində qışa hazırlıqla bağlı geniş müşavirə keçirilib, əlavə tapşırıqlar verilib: “Bununla bağlı tədbirlər planı hazırlanıb, növbətçilik qrafiki təmin edilib. Şəhər Mənzil Kommunal Təsərrüafat Depatamentinin qrajında olan xüsusi texnikalar hazır vəziyyətə gətirilib, qum, duz hazırlığı təmin edilib. Həmin tədbirlər planında göstərilən kimi, hava kəskin dəyişən kimi qrafikə uyğun şəkildə, hər kəs bölgüyə əsasən öz vəzifəsinin öhdəsindən gələcək. İfrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı verilən xəbərdarlığa əsasən Bakı şəhərinin icra hakimiyyətlərində müşavirələr keçirilib”. 


 Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri  Anar Nəcəfli də bildirilib ki, payız-qış mövsümünə hazırlıqla bağlı texnikaların hazır vəziyyətə gətirilməsi, işçilərin isti geyimlərlə təmin olunması, qum, duz ehtiyatlarının,  yanacaq sürtgü materiallarının toplanması işlərini artıq yekunlaşdırılıb: “Qarlı hava şəraiti Bakı şəhərində hiss olunmasa da, artıq dağlıq regionlarda qarın yağması, yolların buzlaşması, müşhidə olunduğundan, bizim əməkdaşlar həmin əraziyə cəlb olunmaqla yolların təmizlənməsi işləri aparılır. Bakı şəhərində isə 300-ə yaxın maşın texnika hazır vəziyyətə gətirilib. Bizim idarəmizin tabeliyində növbətçilik qurulub, hər hansı yolda problem yaranacağı təqdirdə əməkdaşlarımız dərhal həmin əraziyə cəlb olunacaqlar. Xüsusi riskli ərazilər var ki, onlar hava şəraitinə uyğun olaraq əvvəlcədən nəzarətə götürülür. Həmin ərazidə növbətçilik təmin olunur”.
A.    Nəcəfli bildirib ki, bu il Bakı şəhərində yolların qar və buzdan təmizlənməsi işinin Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə həyata keçirilməsi ilə bağlı tədbirlər planı hazırlanıb: “Bu plana uyğun olaraq Bakı şəhərinin əsas mərkəzi küçələri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən, şəhərin əsas prospektləri və şəhər ətrafı bütün yollar isə Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qardan və buzdan təmizlənəcək. Amma yenə də lazım gələrsə bu tədbir qarşılıqlı şəkildə aparılacaq. Ehtiyac yaranarsa biz Bakı Şəhər İcra Hakimiyyətinə və onlar bizə bu işdə  kömək edəcəklər”.  

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz