Əlaqə Arxiv
news Image
2019.01.16
15:59
| A A A
Binəqədi qəsəbə bələdiyyəsi hesabat verdi

Ötən dövr ərzində bələdiyyəmiz bir çox istiqamətlərdə - sosial, iqtisadi, humanitar, ekoloji və s. sahələrdə layihələr həyata keçirmiş, abadlıq, məişət tullantılarının daşınması kimi xidmətlər göstərmişdir.

Ötən dövr ərzində sakinlərin çoxsaylı müraciətləri əsasında bir sıra kommunal problemlər aradan qaldırılmış, həlli mümkün məsələlər yerində həll edilmiş, mümkün olmayanlar isə baxılması üçün aidiyyatı qurumlara göndərilmişdir.Qeyd edək ki, bələdiyyəmiz tərəfindən2018-ci il ərzində müxtəlif ünvanlarda 100-dən çox görüş keçirilmişdir. 2018-ci ildə Binəqədi qəsəbə bələdiyyəsinə 436 vətəndaş müraciəti daxil olmuşdur. Bu da keçən ilin müvafiq dövrü ilə müqaisədə 152 vahid, yəni, 26% az olmuşdur. Bunlardan 316-sı ərizə, 120-si şikayət olmuşdur. 117 müraciət isə Rayon İcra Hakimiyyəti Aparatından daxil olmuşdur ki, bunlardan 40-na nəzarət qaydasında baxılmışdır. Vətəndaşların müraciətlərinin 174-ü kommunal xidmət sahələri, 182-si torpaq Sərəncamları, 80-i isə digər mövzularla əlaqədar olmuşdur. Binəqədi qəsəbə Bələdiyyəsində hər bir ərizəyə diqqətlə yanaşılmış və vətəndaşların tələbləri qanun çərçivəsində öz həllimi tapmışdır. Daxil olmuş 436 müraciətlərin 276-sı müsbət, 86-sı qismən həll olunmuş, 31-nə müvafiq izahat verilmişdir. Bundan əlavə, 2018-ci ilin yekunlarında Məhkəmə orqanlarında Hüquqi və Fiziki şəxslərin ərizələrinin baxılması sahəsində 118 mülkü və 50 inzibati iş üzrə məhkəmə iclasında iştirak edilmiş və sakinlərin hüquqları müdafiə edilmişdir.

Binəqədi qəsəbə Bələdiyyəsi Təsərrüfat sahəsində hesabat ilində 6500-dən artıq reys məişət tullantıları daşımış, 60-dan çox ünvanda məhəllə komitələri üzvlərinin iştirakı ilə iməcliklər keçirmiş, I və II mədən, Binəqədi şossesi, Binəqədi–Biləcəri yolu, Binəqədi –Mehdiabad yolu, Binəqədi–Balaxanı yolu və Binəqədi–Novxanı yolu ərazisində müxtəlif ünvanlarda konteynerləri təmir etmiş, bəzi hallarda yenisi ilə əvəzləmişdir. Qış mövsümü ilə əlaqədar öncədən 10 tona yaxın duz tədarükü görülmüş, buzlayacağı təqdirdə yolların buzdan təmizlənməsi istiqamətində dislokasiya hazırlanmışdır. Bundan əlavə, “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Binəqədi-Novxanı yolunun kənarlarına çəmən örtüyü, Gülüstan döngələri, Binəqədi-Mehdiabad yolu boyunca sarmaşıq və həmişəyaşıl şam ağacları, çox sayda alyandr kolları əkilmişdir. Onu da qeyd edim ki, “Beynəlxalq yaşıllaşdırma marafonu həftəsi” çərçivəsində bələdiyyə rəhbərliyi Brüssel şəhərində AB-nin Şərq Tərəfdaşlığı Proqramının iclasında iştirak edərək, görülən işlərin təqdimatını həyata keçirmişdir. Bundan əlavə, bələdiyyəmiz hesabat ilinin iyul ayında Türk Dünyası Bələdiyyələr Birliyinin təşkilatçılığı ilə İstanbulda keçirilən Azərbaycan-Türkiyə bələdiyyələrinin təcrübə mübadiləsi proqramında iştirak etmişdir.

Heç kəsə sirr deyil ki, qəsəbə ərazisində uzun illər mövcud olan bir sıra kommunal problemlər öz həllini tapsa da, son illər qəsəbəmizdə məskunlaşma sayının çoxalması bəzi ünvanlarda problemi yenidən qabartmışdır. Lakin yaxın gələcəkdə bu problemlərin də həlli istiqamətində müvafiq layihələrin icrası nəzərdə tutulur.

Hesabat dövründə bələdiyyəmizin İctimai-humanitar sektoru səmərəli və qarşıya qoyulmuş hədəfə uyğun fəaliyyət proqramı tərtib etmişdir. Belə ki, ötən il müxtəlif bayramlarda sosial aksiyalar keçirilmiş, ərzaq bağlamaları hədiyyə edilmiş, bələdiyyə tərəfindən qeydiyyata alınan ailələrə aylıq bələdiyyə müavinəti verilmişdir. Bundan əlavə, qəsəbə ərazisində yerləşən 179, 182 və 205 saylı tam orta məktəblərin şagirdlərinin iştirakı ilə Beynəlxalq Ana Dili Günü, Beynəlxalq Qadınlar günü, Novruz Bayramı, tarixi abidələrin mühavizəsi günü, Qələbə günü, 28 may Respublika günü, Qurtuluş Günü və s. kimi əlamətdar tarixlərdə müxtəlif maraqlı layihələr keçirilmişdir.

Yerli Demokratiya Həftəsi çərçivəsində qəsəbə ərazisində yerləşən məktəblərin şagirdləri tərəfindən “Dünyanın rəngi” adevizi altında rəsm sərgisi, Qəsəbə ərazisində yaşayan köməyə ehtiyacı olan ailələrlə görüşlərin keçirilməsi məqsədi ilə “Yanınızdayıq” devizi altında humanitar aksiya baş tutmuş, Binəqədi rayonunun beş bələdiyyəsinin birgə təşkilatçılığı ilə Dərnəgül metrosunun çıxışında kütləvi ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada ölkə rəsmiləri, həmçinin qəsəbəmizin ağsaqqaları, məhəllə komitələri iştirak etmiş, nümunəvi vergi ödəyiciləri tərəfimizdən mükafatlandırılmışdır. Ötən ilin ən yaddaqalan layihələrindən biri – qəsəbə məktəblilərinin bələdiyyəmizin təşkilatçılığı ilə Azərbaycanın şanlı ordusunun 2016-cı ilin aprel ayında düşmən işğalından azad etdiyi Cocuq Mərcanlı kəndində öz həmyaşıdlarına, eləcə də səngərdə Vətənimizin ərazi bütövlüyünü qoruyan əsgərlərə göndərdikləri məktublar olmuşdur. Belə ki, qəsəbə şagirdləri öz ürək sözlərini sətirlərdə ifadə etmiş, səmimi arzularını çatdırmışlar.

Hesabat ilində qəsəbəmizin şəhidlərinin xatirəsi dərin ehtiramla yad edilmiş, ailələri ilə görüşlər keçirilmişdir. Bundan əlavə, artıq ənənə halını almış humanitar aksiyalarımız da davam etdirilmiş, qəsəbəmizdə fəaliyyət göstərən bir sıra sahibkarların dəstəyi ilə müqəddəs Ramazan və Qurban Bayramlarında 250-dən çox aztəminatlı ailəyə bayram sovqatı verilmişdir. 28 sentyabr 2018-ci il tarixində qəsəbə ərazisində yaşayan, Ali məktəblərə qəbulda yüksək bal toplayan gənclərlə, həmçinin idmançılarla görüş keçirilmiş, 3 oktyabr 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Bilgəhdə yerləşən “Qocalar evi” ziyarət olunmuş, 31 dekabr Yeni il və Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibət ilə növbəti humanitar aksiya reallaşdırılmışdır.

Qeyd edək ki, məktəblilərimizin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində Bakı Metropoliteninin Deposuna və Xəzər Televiziyasının inzibati binasına ekskursiyalar təşkil olunmuşdur.

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi 2018-ci ildə də yüksək ehtiramla anılmış, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibəti ilə “Ulu bir sərkərdə, Ulu bir Öndər” devizi altında Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilmiş, Ümummilli lider Heydər Əliyevin anım günü çərçivəsində isə məktəblilərin iştirakı ilə Fəxri Xiyaban ziyarət olunmuşdur.

2018-ci il ərzində Binəqədi qəsəbə Bələdiyyəsinin büdcəsinə 239528 manat vəsait mədaxil olsa da, 236934 manat məxaric edilmişdir. Xərclərimizdən 128105 manatı əmək haqqına, 20481 manatı məişət tullantılarının daşınmasına,10000 manatı abadlıq və yaşıllaşdırma işlərinə, 3486 manatı maddi yardıma, 63439 manatı idarənin saxlanmasına, 11423 manatı isə digər xərclərə istidafə edilmişdir. 1 yanvar 2018-ci il tarixinə 4444 manat bələdiyyə büdcəsində qalıq olmuşdur. Hazırda Binəqədi qəsəbə Bələdiyyəsinin 160472 manat debitor, 107983 manat isə kreditor borcu mövcuddur. Fürsətdən istifadə edib, bu zalda iştirak edən qəsəbə sakinlərindən, ziyalılardan bir daha xahiş edirəm ki, bələdiyyə vergilərini, rüsumlarını zamanında ödəniş etsinlər ki, təsərrüfat, sosial və humanitar istiqamətli layihələrin icrası ilə bağlı daha zəngin hesabatla çıxış edə bilək.

Ümidvaram ki, bələdiyyəmiz qarşıya qoyduğu vəzilərin icrasını layigincə həyata keçirməyə çalışmış, bu istiqamətdə sizlərin əvəzsiz dəstəyindən istifadə etmişdir. Bu mənada, sizlərə olan təşəkkürümüz sonsuzdur.

Əminəm ki, öz kökünə, dəyərlərinə, ağsaqqal-ağbirçəyinə sahib çıxan Bineyi-qədim Binəqədi qəsəbəsi bu ili də uğurla başa vuracaq, əldə edəcəyi nailiyyətlərlə öz seçicilərinə yüksək xidmətin nümunəsini qorumuş olacaqdır.

 Aytac Əliyeva

Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin sədri

 (Yazı Binəqədi qəsəbə Bələdiyyəsinin 2018-ci ilin hesabatı əsasında hazırlanıb)

Sizin Reklam Yeriniz