Əlaqə Arxiv
news Image
2019.01.20
16:15
| A A A
Yanvarın 20-də Masallıda da şəhidlərin anım günü rayon mərkəzində və ayrı-ayrı yaşayış məntəqələrində keçirilən tədbirlərlə yadda qaldı

1990-cı ilin 19-20 Yanvarında Bakıya sovet ordusunun hərbi hisələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciə ilə nəticələndi. Bu xalqımıza qarşı soyqırım, haqqa-ədalətə vurulan ağır zərbə, bəşəriyyətə, humanist ideyalara yönələn terror aktı idi.
 Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifələri kimi daxil olmuş həmin faciəli günlərdə öz ölkəsinin, xalqının, azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canından keçərək şəhidlik zirvəsinə yüksəldilər.
Bakı güllə yağışına tutuldu. Dinc sakinlər tank altına salındı, evlər, küçələr, xiyabanlar dağıdıldı, qan su yerinə töküldü. Böyük bir imperiyanın, zoru, sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər xalqımızın əzmini nə qıra bildi, nə də onu azadlıq yolundan çəkindirə bilmədi. Azərbaycanda baş verən qətliam xalqın azadlıq mübarizəsini söndürə bilmədi.
Qanlı Yanvar faciəsindən bir gün sonra xalqımızın ümummilli lideri Heydər Əliyev həyatını təhlükə altına qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, bəyanat verərək xalqımızın kədərini bölüşdü və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə ifşa etdi. Ulu öndərin bu addımı o dövrdə xalqımıza bir dayaq, bir təsəlli oldu. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi.
Ulu öndər Heydər Əliyev bu bəyanatı ilə, əslində, 20 Yanvar hadisələrinə cəsarətlə siyasi qiymət verdi. O, SSRİ və respublika rəhbərliyinin Azərbaycan xalqına qarşı xəyanətkar mövqeyini qətiyyətlə pislədi, totalitar rejimin törətdiyi 20 Yanvar faciəsinin təkcə azərbaycanlılara qarşı deyil, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməl olduğunu bildirdi...
29 il əvvəl, yanvarın 19-dan 20-nə keçən gecə baş verənlər bizə dostumuzla düşmənimizi tanımaq üçün dərs oldu.
 Yanvarın 20-də Masallıda da şəhidlərin anım günü rayon mərkəzində və ayrı-ayrı yaşayış məntəqələrində keçirilən tədbirlərlə yadda qaldı. Hər yerdə şəhidlərin xatirəsinə böyük etiram ifadə edildi.
 Həmin gün kənd və qəsəbələrdən Masallı şəhərinə böyük axın yaşandı. “Qəhrəmanlar park”na gələnlərin əllərində tər çiçəklər, əklillər olan insanları bir amal birləşdirirdi: Azadlığımız, müstəqilliyimiz uğrunda canından keçənlərin xatirəsini yad etmək, onların haqq işinin müdafiəçisi olduğunu bildirmək.
 Müqəddəs and yerimiz, milli qürur ünvanımız olan şəhidlər abidəsinə yol başlanır. Bu yolu qürurla addımlayanların, vətəndaşlıq borcunu yerinə yetirməyə gələnlərin sırası həmrəyliyin, Vətən və xalq yolunda, torpaqlarımızın bütövlüyü naminə şəhid olanlara ehtiramının görüntüsü kimi diqqəti cəlb edir.
 Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov abidə önünə əklil qoyur, sonra aparat işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, müharibə və əmək veteranları, ictimaiyyətin nümayəndələri, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət işçiləri əllərində gül dəstələri abidə önünə yaxınlaşırlar. Onlar da abidə önünə gül dəsatələri düzüb şəhidlərin ruhuna ehtiram göstərirlər. 
Tədbir gün ərzində davam edir. Ziyarətə gələnlərin axını dayanmır.
Xalq Teatrının üzvləri və Masallı Dövlət Regional Kollecinin həvəskar aktyorları şəhidlərin ruhunu şeirlərlə, ədəbi-bəddi kompozisiya ilə yad edirlər. Xalqın böyük inamını ifadə edən kompozisiya aşağıdakı fikirlə həmahəng olur:-Biz düşmən torpağında olan torpaqlarımızı azad edəcəyik!
Rayon ictimaiyyətinin göstərdiyi birlik, mütəşəkkillik bir daha xalqın azadlıq mücahidlərinə böyük məhəbbətini ifadə edir.

Əlihüseyn Şükürov.

Sizin Reklam Yeriniz