Əlaqə Arxiv
news Image
2019.01.22
12:59
| A A A
Dövlət Miqrasiya Xidmətinin səlahiyyətləri azalıb? - Qurumdan AÇIQLAMA

Bir neçə gün bundan öncə Prezident İlham Əliyev Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmanın 5-ci hissəsinə uyğun olaraq, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin və Milli Arxiv İdarəsinin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətlərini bilavasitə icra edən bölmələrinin ştat vahidlərinin ümumi say həddi daxilində həmin dövlət orqanlarının işçilərinin ümumi say həddinin azaldılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Bu fərmandan sonra Dövlət Miqrasiya Xidmətində nə kimi dəyişikliklər gözlənilir.

Fərmanın icrası vətəndaşların qəbul prosesinə nə dərəcədə təsir edib? 
 

Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəis müavini, miqrasiya xidməti müşaviri Elnur Kələntərov Modern.az-a açıqlamasında yaranan suallara aydınlıq gətirib. 

“Bildiyiniz kimi,  “ASAN Xidmət” mərkəzlərində  bütün qurumların nümayəndələri fəaliyyət göstərir. Harada “ASAN Xidmət” mərkəzləri varsa, həmin yerlərdə  fərmanın icra olunması qüvvədədir. Hansı rayonlarda ki “ASAN Xidmət”  yoxdur, əvvəlki qaydaya uyğun olaraq Dövlət Miqrasiya Xidmətinin strukturları tərəfindən sənədlər qəbul edilir. Burada sırf sənədlərin qəbulu prosesidir. Miqrasiya Xidmətinə aid olan bütün məsələlər həm “ASAN Xidmət”də, həm Xidmətin qəbul şöbəsində, həm Bakı Regional Mərkəzində, həm də Regional Miqrasiya İdarələrində həyata keçirilirdisə, bu fərmandan sonra bir çox sahələr üzrə sənəd qəbulu yalnız “ASAN Xidmət”lərdə olacaq. Bu isə son günlər səslənən “səlahiyyətlərin azaldılması” demək deyil. Çünki orada əyləşən işçilər də bizim nümayəndələrdir”.

Qurumun rəsmisinin sözlərinə görə,  5 bənd üzrə vətəndaşların, sənədlərin və sorğuların qəbulu “ASAN Xidmət” mərkəzlərində həyata keçiriləcək:

“Sərəncama əsasən, bu bəndlər aşağıdakılardır:

əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşaması üçün icazələrin, habelə haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi,  şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması. 
Bu 5 bənd üzrə vətəndaşların, sənədlərin və sorğuların qəbulu yalnız “ASAN Xidmət” mərkəzlərində Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən həyata keçiriləcək. Aidiyatı üzrə də Dövlət Miqrasiya Xidməti tərəfindən də icra olunacaq. Təyin edilmiş müddətdə vətəndaşlar ASAN xidmət mərkəzlərindən hazır sənədlərini götürə biləcəklər. Bir daha qeyd edim ki, yuxarıda sadalanan bəndlər üzrə sənədlərin qəbulu və vətəndaşların müraciətinə baxılması yalnız “ASAN Xidmət”lərdə həyata keçiriləcək”.

Sizin Reklam Yeriniz