Əlaqə Arxiv
news Image
2019.01.29
16:23
| A A A
Şəhid ailələrinin prezidentlə görüş təəssüratları-"Ürəyimiz dağa döndü"
Dünən prezident İlham Əliyev vaxtilə müavinət almış şəhid ailələrinə də birdəfəlik ödəmənin verilməsi barədə yeni fərman imzaladı. Şəhid ailələri ilə görüşən İlham Əliyev bildirdi ki, şəhid ailələrinin vaxtilə aldığı müavinət indiki məzənnə ilə uyğunluq təşkil etmir. Beləcə dövlət başçısının növbəti humanist təşəbbüsü ilə əlavə olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisimizin vərəsələrinə də birdəfəlik ödəmə veriləcək. Yeni fərmanla birdəfəlik ödəmələr artıq 12268 şəhidin vərəsələrini əhatə edir və ödəniləcək vəsaitin həcmi 135 milyon manata çatır.
Movqe.az saytının əməkdaşı ölkə başçısının yeni fərman ilə müvafiq birdəfəlik ödəmə almaq hüquqları yaranan şəhid vərəsələrlə söhbətləşib onların ölkə başçısı ilə görüşdən sonra təəssüratlarını öyrənib. 
İlk həmsöhbətimiz Əsgərova Ruqiyyə Zahid qızıdır. İmişli rayonundan olan 51 yaşlı bu xanım öz həyat yoldaşını,  Əsgərov Həbib İzzət oğlunu çox erkən, ailə qurduqdan il yarım sonra itirib. El dili ilə desək bir üzü qız, bir üzü gəlin qalan Ruqiyyə xanımın ömür-gün yoldaşı  Həbib Əsgərov  şəhidlik zirvəsinə yüksələndə 23 yaşı olub. Həbib Əsgərov torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərə yola düşəndə qızı Züleyxa isə 10 aylığında olub. Balasının ilk atdığı addıma belə şahidlik edə bilmədən  şəhidlik məqamına yüksələn Həbib Əsgərovun 1993-cü ilin aprel ayının 4-də qara kağızı gəlir. Körpəsi qucağında ömür-gün yoldaşının qara kağızını alan Ruqiyyə  xanımın son təsəllisi də elə bu qızcığaz olur. Çünki, şəhid olan Həbib Əsgərovun  parça-parça olmuş nəşi düşmən əlində əsir qalır. Bu gün Həbibi yad etmək üçün bir məzar yeri belə olmayan Ruqiyyə  ana 26 ildir ki, bir  kağız  parçasını köksünə basaraq xısın-xısın ağlayır: “Qızım mən öz taleyimi danışsam bəlkə də bir kitab yazarsan. Həbib şəhid olanda il yarımın gəlini idim. Qucağımda körpəsi qara kağızı gəldi üstümə. Həbib Füzulinin Horadiz istiqamətində gedən döyüşdə qəhrəmancasına həlak oldu. Atılan bomba onun hər tikəsini bir Vətən daşının yanına atdı. Nəşini belə götürməyə mənfur düşmən imkan vermədi. Bu gün Həbibin bir məzarı yoxdu ki, gedib başında ağlayıb ürəyimi boşaldım.  Qızına anasının adını qoymuşdu. Həbib özü 10 yaşında olanda anası rəhmətə getmişdi. Taleyin qismətinə bax ki, qızı da 10 aylıq olanda özü şəhid oldu. Mən balamı qardaş qoltuğunda böyütdüm. Qızım həmişə atasının yolunu gözləyirdi. Ona əvvəlcə atasını ömürlük görə bilməyəcəyini deməyə dilim gəlmirdi. Deyirdim atan uzaqlardadı gələcək. Amma sonra qohum-əqraba məni danladı ki, uşağın gözünü yollarda qoyma. Indi qızımın bir oğluna yoldaşımın adını qoymuşuq”.
Ruqiyyə Əsgərova prezidentlə görüşdən sonra sanki mənəvi olaraq  özüdə bir güc tapdığını söyləyir: “Prezidentimizin şəhid ailələri ilə dünənki görüşündən sonra elə bilirik ki, kürəyimizi bir dağa söykəmişik. Bizimlə o qədər mehriban, səmimi söhbət etdi ki, o görüşün təsirindən hələdə çıxa bilməmişəm. Sağ olsun prezidentimiz ki, bizi digər şəhid ailələrindən seçmədi. Biz onun Fərmanından, görüşündən sonra bir daha dövlətin qayğısını üzərimizdə hiss etdik. Birinci vitse-prezident Mehriban Əliyeva bizə bir bacı münasibəti göstərdi. Hər birimizi öpüb bağrına basdı. Allah cənab prezidentimizdən, onun ailəsindən razı olsun”.
R. Əsgərova deyir ki, Birinci xanımın sayəsində bu gün sərbəst yeriyə bilir: “Mən bu gün ayaqlarımı yerə basa bilirəmsə buna Mehriban xanımın sayəsində nail olmuşam. Qızım ötən il Mehriban xanıma müalicəmlə bağlı məktub yazmışdı. Bir həftə keçmədi ki, bizə Bakıda xəstəxanadan zəng etdilər ki, Heydər Əliyev Fondu əməliyyatınız üçün lazım olan məbləği köçürüb. Mənim diz qapaqlarıma ötən ilin yanvar ayının 9-da və sentyabrın 6-da protez qoydular. Yoxsa bəlkə də mən dünən cənab prezidentlə görüşə gedə bilməzdim”.
R. Əsgərova 2000-ci ildə Ulu öndər Heydər Əliyevin göstərişi ilə evlə təmin olunsa da 6 ildir ki, evin zirzəmisi su ilə dolduğundan qardaşı evində yaşadığını söyləyir. Şəhid vərəsəsi prezidentlə görüş zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə də görüşdüyünü, bu görüşdən də yüksək təəssüratlarla ayrıldığını söyləyir: “Cənab prezidentlə yanaşı nazir Sahil Babayev də bizim hər bir problemimizlə maraqlandı. İndi istəyim odur ki, cənab nazirlə yenidən görüşə bilim. Özü də mənə söz verdi ki, məni qəbul edəcək. Bu diqqət qayğıya görə başda cənab prezident olmaqla dövlətimizə minnətdaram”.
68 yaşlı Abbasova Qızbəs Hüseyn qızı da ölkə başçısının bu humanist qərarından ağız dolusu danışır. Həmsöhbətim deyir ki, ölkə başçısının bu fərmanını hər bir şahid ailəsi kimi o da gözləyirmiş: “Mən inanırdım ki, cənab prezident şəhid ailələri arasında fərq qoyulmasına razı olmaz. Dünən prezident və onun xanımı bizimlə o qədər xoş ünsiyyət qurdular ki, ürəyim dağa döndü. Bu Vətən yolunda bir övlad şəhid verən ananın maddi dəstəkdən çox mənəvi dəstəyə ehtiyacı var. Prezident və xanımı görüşdən sonra bayırda bizim hər birimizə yaxınlaşaraq problemlərimizlə maraqlandı. Bir daha bizi tək qoymadığını sübut etdi”. 
Ruqiyə Əsgərova kimi  Qızbəs ana da eyni taleyi yaşayır. O da ziyarət etməyə şəhid övladından  bir məzar belə qalmadığını söyləyir. Daşkəsən rayon sakini olan Qızbəs ananın oğlu Anar Mürsəlov 1994 cü ilin aprelin 24-də Ağdamın Şotlanlı kəndində gedən döyüşlərdə şəhid olub. Oğlunun üç döyüşdə şücaət göstərdiyini söyləyən Qızbəs Abbasova Anarın bölük komandiri olduğunu söyləyir.
Həmsöhbətimiz deyir ki, son döyüşdə də qəhrəmancasına döyüşən Anar şəhidlik zirvəsinə yüksəlib: “Bir ana üçün balasının nəşinə belə həsrət qalmağın nə qədər ağır olduğunu sözlə ifadə etmək mümkün deyil. Mən balamın ölüm günündə rayonumuzdakı şəhidlərin məzarlarını ziyarət edirəm. Birdə ki, rayonda özünün təhsil aldığı 2 saylı məktəbə oğlumun adı verilib. Orada oğlumun baralyevi vurulub, büstü qoyulub. Mənim təsəllim ancaq o məktəbdir”. İki oğul, bir qız anası olan Qızbəs Əsgərova nəvəsinin Anarın adını daşıdığını söyləyir.
Ağdaş rayon Şıxlı kənd sakini 78 yaşlı Cəfərova Səriyyə Osman qızı da ölkə başçısı ilə görüşdən məmnun qaldığını, yüksək təəsüratlarla geri qayıtdığını söyləyir: “Elə o görüşün təsirindən hələ çıxa bilməmişəm. Prezidentimizin şəhid analarına necə hörmət etdiyini cümlə aləm gördü. Allah prezidentimizə də onun xanımına da can sağlığı versin. Mən bu Vətən yolunda bir cavan oğul vermişəm. Amma pezidentimiz bizə hər bir şəhid anasının övladı olduğunu sübut etdi. Oğlu Faiq Cəfərovun Füzulinin Horadiz istiqamətində gedən döyüşlərdə şəhid olduğunu söyləyən Səriyyə ana  şəhid ailələrinin daim öz üzərlərində dövlətin qayğısını hiss etdiyini bildirir. 
Şəhid Əmir İbrahimovun varisləri Fatma ana və qızı Aysun da ölkə başçısının humanist addımından razılıq edirlər. Qazağın Daş Salahlı kəndində gedən döyüşlərdə ömür-gün yoldaşını itirən Fatma xanım bu günədək üç qız, bir oğul övladını dövlətin qayğısı sayəsində böyütdüyünü deyir: “Balalarım dövlətimizin qayğısı sayəsində boya-başa çatıb. Həyat yoldaşım şəhid olduqdan sonra aylıq maaşının yarısı qədər pensiya kəsdi dövlətimiz bizə. Eyni zamanda müavinət aldıq. Düzdür, mənəvi çətinliklərimiz çox oldu. Uşaqları atasız böyütdüm. Amma qızlarım əziyyətimi yerdə qoymadı. İkisi Tibb Universitetinə daxil oldu. Kiçik qızım isə atasının təhsil aldığı Bakı Dövlət Universitetinin Mexanika Riyaziyyat fakultəsini bitirdi. Dövlətimiz bizi Qazaxda evlə təmin etdi. O vaxt Qazaxda döyüşlər gedəndə həyat yoldaşım məni üç qızla evdə tək qoyub döyüşə yollandı. Kəndimizdə yaranan orduya qoşuldu. Hərdən buna görə ondan inciyirdim. O zaman yoldaşım rayon Hesablama İdarəsində işləyirdi. Deyirdi ki,  “biz qorumasaq bu torpağı, sən də qızlarla bu evdə otura bilməzsən”. Məni bu qızlarla evdə qoyub iki il qulluq etdi. Oğlum həmin stresli dövrdə dünyaya gəldi. Yoldaşımın qara xəbəri gələndə bildik ki, minaya düşərək şəhid olub. Qurşaqdan aşağı hissəsi ətrafa səpələnibmiş”. 
26 yaşlı Aysun da atası ilə fəxr etdiyini, dünən prezident İlham Əliyevlə görüşə də özünün getdiyini söyləyir: “Mən öz prezidentimizdən özümüzə başqa cür münasibət də gözləmirdim. Bilirdim ki, o hər bir şəhid övladının mənəvi dayağıdır. Dünən ölkə başçısının şəhid ailələri ilə görüşü bunu bir daha sübut etdi. Atam, mən bir yaş on aylıq olanda şəhid olub. Balaca qardaşım isə atamın ölümündən beş ay sonra dünyaya gəlib. Atam bölük komandiri olub. Anam həmişə danışır ki, atamın səhər saatlarında nəşi, axşam isə minaya düşərək ətrafa səpələnən hissələri gətirilib evimizə. Mən atamın ucaldığı zirvə ilə, şəhid övladı olmağımla qürur duyuram.  Bizə öz dəstəyi ilə təsəlli verən prezidentimizə minnətdarıq”.
Zülfiyyə QULUYEVA 
Sizin Reklam Yeriniz