Əlaqə Arxiv
news Image
2013.04.30
14:30
| A A A
Problemli kreditlər kiçik bankları çökdürür
Ruslan Atakişiyev: “Ümumi kredit portfelindən 748 milyon manatı problemli kreditlərdir” Nərmin İbrahimova: “Problemli kreditlərin qarşısını almaq üçün süni bank faizləri ilə mübarizə aparmaq lazımdır” Məlumdur ki, bank fəaliyyətində daim gündəmdə olan məsələlərdən biri də problemli kreditlərin həcmi ilə bağlıdır.Amma bu gün demək olar, elə bir bank yoxdur ki, problemli müştərisi olmasın. Çünki, kredit verilərkən bank mütəxəssisləri tərəfindən müştərinin maliyyə vəziyyətinin düzgün qiymətləndirilməməsi sonradan kredit təşkilatlarını bir çox belə problemlərlə üz-üzə qoyur. Götürülən kredit məbləği borcalanlar tərəfindən geri qaytarılmır, aylıq kredit ödənişləri gecikdirilir, yaxud kredit borcları yığılır və son nəticədə ölkədə problemli kreditlərin həcminin artmasına səbəb olur. Problemli kreditlərin hətta müəyyən bankları ifalasa uğrada biləcəyi də vurğulanır. Bu cür açıqlama ilə Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev çıxış edib. Onun sözlərinə görə, problemli kreditlərin banklara təsiri onların həcmindən asılıdır: "Sözsüz ki, bu, xırda bankların iflasına gətirə bilər".
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Ruslan Atakişiyev bildirir ki, problemli kreditlər dedikdə vaxtı keçmiş kreditlər nəzərədə tutulur: "2013 – cü il yanvar ayının 1- nə olan məlumatına əsasən, ölkə üzrə 12 milyard 720 milyon manat məbləğində kredit verilib. Bunun da 748 milyon manatı problemli kreditlərdir. Problemli kreditlərin olmasının əsas səbəbi onların əksər hissəsinin gecikmələridir. Lakin bu gecikmələr də müəyyən müddətdən sonra ödənildiyinə görə çox vaxtı problemli vəsaitlər sayılmır. Azərbaycanda problemli kreditlər kredit bazarının 10 % miqdarında olarsa, bunu artıq təhlükə kimi qeyd etmək olar. Amma bu gün Azərbaycanda problemli kreditlərin həcmi ümumi kreditlərin 6 % - i olduğuna görə hələlik qorxulu səviyyədə hesab olunmur. Bunun ildən – ilə artması da verilən kreditlərin həcmi ilə bağlıdır. Əsas məsələ risklərin idarə olunmasıdır. Bank vəsait verməkdə maraqlı olur. Vəsait də çox təqdim edildikcə, problemli kreditlər də önə çıxacaq. Ancaq bu gün vəsaitlərin idarə olunmasındakı risklərin azaldılması istiqamətində bir sıra işlər aparılır. Mərkəzi Bankın göstərişi əsasında, banklara cəlb olunmuş vəsaitlərin həmişə müəyyən bir hissəsi ehtiyatda saxlanılır. Bundan əlavə, bankların özlərinin nəzdində də ehtiyat fondu yaradılır. Kreditlərin verilməsində hansısa problemlər baş verərsə də, onların bağlanmasında bu vəsaitlərdən istifadə olunur. Həmçinin bütün dünyada olduğu kimi Mərkəzi Bank bank sektorunun stabil fəaliyyətinin tənzimləməsini həyata keçirməkdədir. Bu gün Azərbaycanda bankların bəziləri likvidlik, borcların idarə olunması məsələlərində müəyyən problemlərlə üzləşirlər. Amma Mərkəzi Bank hansısa bir bankda çətinlik yarandığı zaman müəyyən faiz çərçivəsində həmin banka kreditlər təqdim edir. Bir növ Mərkəzi Bank bir dayanıqlıq rolunu oynayır. Ona görə də problemli kreditlər nəticəsində hansısa bankda böhran yaranmasını qiymətləndirmək bir az çətindir. Amma dünya təcrübəsində "stress testing" adında ölçü proqramı var. Bu, virtual şəkildə bank sektorunda baş verə biləcək böhranlarla bağlı yaradılıb. Onun nəticəsində bankın mövcud vəziyyəti qiymətləndirilir. Azərbaycanda Mərkəzi Bankda da bununla bağlı tədqiqatlar aparılır".
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Nərmin İbrahimovanın sözlərinə görə, problemli kreditlərin artmasında əsas səbəblərdən biri, bəzi bankların qısa müddət ərzində çox pul qazanmaq istəyidir ki, nəticədə bankların təklif etdikləri kreditlərin faiz dərəcələri yüksək olur: "Belə ki, Avropa və Amerikada istehlak kreditləri birrəqəmli faizlə verilir. Azərbaycanda isə istehlak kreditləri 22-30% ilə verilir. Digər bir məsələ isə borcalanın maliyyə resurslarının dəqiq araşdırılmaması və ya girov əsası möhkəm olmadığı halda böyük məbləğdə pul kreditlərinin verilməsidir. Bu isə nəticə etibarilə müştərinin krediti vaxtında ödəyə bilməməsinə, sonuncu hal isə öz növbəsində kredit faizlərinin üst-üstə yığılmasına səbəb olur. Nəticədə müştəri krediti ümumiyyətlə, ödəmə qabiliyyətində olmur və beləliklə, problemli kreditlərin həcmi getdikcə artır. Problemli kreditlərin də təsiri, ilk növbədə kiçik banklara ola bilər. Çünki onların bank aktivləri az olur".
Ekspertin sözlərinə görə, problemli kreditlər həcmi bank aktivlərindən 3% çox olduqda təhlükəli hesab olunur: "Bu zaman banklar kollektor agentliklərin xidmətindən istifadə edir. Belə ki, problemli kreditlərin həcmi böyüyür, bankların isə vaxt baxımından kreditləri yığmaq imkanı olmur. Kollektor agentliklər isə müəyyən faiz müqabilində kreditlərin geri qaytarılması ilə məşğuldur. Azərbaycanda belə agentlik yeni yaranıb, lakin hələlik onun fəaliyyətini tənzimləyəcək hər hansı qanunvericilik aktı müvcud deyil".
Nərmin İbrahimova onu da qeyd etdi ki, problemli kreditlərin həcminin artmaması üçün, ilk növbədə banklar düzgün kredit siyasəti həyata keçirməlidir: "Azərbaycanda bank faizləri sünidir. Bu faizlər real bank sektorunun müəyyən etdiyi bank faizi deyil. Problemli kreditlərin qarşısını almaq üçün süni bank faizləri ilə mübarizə aparmaq lazımdır. Bunun üçün borcalanaların hüquqlarını müəyyənləşdirən və qoruyan qanunvericilik aktı müəyyən edilməlidir".
Sizin Reklam Yeriniz