news Image
2019.02.12
13:16
| A A A
Həkimlərdən xəbərdarlıq-Qurd təmizləyən aparatlara inanmayın!

Uşaqlarda qurd invaziyası hər bir valideyni narahat edən məsələdir. Helmintlər uşaqlarda qan azlığı, iştahsızlıq, ürək bulanma, inkişaf geriləməsi kimi problemlərə yol açdığından, valideynlər qurd invaziyaları ilə mübarizə üçün həkimlərin hər tövsiyyəsinə əməl edirlər. İmmunofermet analiz(İFA) yolu ilə qurdun təyin edilməsi üsulundan sonra həkimlər indi də yeni qurdtəmizləmə aparatları ilə müalicəni məsləhət görürlər. Bu müalicə üsulunun tətbiqinə əsasən özəl klinikalarda rast gəlinir. Məlumatlara görə, aparatlar uşaqların bağırsaqlarından qurdları çəkib çıxardır. Bəs görəsən qurd invaziyalarının aparatla bağırsaqlardan xaric olunması mümkündürmü?  

Movqe.az saytının əməkdaşı bu sualları Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin parazitologiya şöbəsinin müdiri Süleyman Məmmədova və K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyevə ünvanlayıb. 


Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin parazitologiya şöbəsinin müdiri Süleyman Məmmədov deyir ki, qurdu törədən parazitlərdir: “ Parazitlər isə insan orqanizmində əsasən bağırsaqlarda yaşayırlar. Qurdların hansısa aparatla təmizlənməsi mümkün olan bir şey deyil. Qurdları bağırsaqlardan təmizləmək üçün bütün dünyada olduğu kimi  Azərbaycanda da müasir dərmanlarla müalicə metodlarından istifadə edilir”. 
S. Məmmədovun sözlərinə görə, qurdların təmizlənməsi üçün uşağın bağırsaqlarının imalə edilməsi də düzgün deyil: “İmalə 12 barmaq bağırsağa gedib çatmır. İmalə ilə düz və yoğun bağırsağın bir hissəsi yuyulur ki, onunla da qurdu təmizləmək olmaz. Nəcis kütləsi daim hərəkətdədir. Onda gərək uşaq hər gün imalə edilsin. Bu isə yolverilməzdir. Bununla bağırsağın mikro florası pozula bilər. Çünki, bağırsaqda qeyri-patogen mikroblar var. Bu mikroblar qida maddələrinin həzminə kömək edir. Biz bağırsağı tez-tez imalə etməklə bağırsağın mikro florasını poza bilərik. Hələ bilmirik ki, bağırsaq hansı maddə ilə yuyulur”.
Şöbə müdiri bildirir ki, uşaqlar qurda görə müayinə edilməli,  hər hansı xəsxtəlik tapılarsa polikilinikada infeksionistlərə müraciət etməklə müalicəyə başlanılmalıdır: “İndiki dövrdə qurdları təbabət üsulu ilə təmizləmək də düzgün deyil. Keçmişdə nənələrimiz sarımsağı əzib südə qatmaqla uşaqları imalə edirdilər ki, qurdu tökülsün. Amma indi müasir dərmanlar var, bu cür xalq təbabət üsullarına ehtiyac yoxdur. Qurdun uşağın bağırsağından aparatla təmizlənməsi isə insanları aldatmaqdan başqa bir şey deyil. Bu gün qurd xəstəliklərinin müalicəsi üçün kifayət qədər dərmanlar var. Qısa müddətdə dərman müalicəsi və gigiyenik qaydalara əməl etməklə qurd invaziyasından qurtarmaq olar. Sadəcə bu müalicədən sonra gigiyenik qaydalara əməl edilməlidir ki, uşaqlar təkrar qurd invaziyasına yoluxmasın”. 

K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliye
K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev də özəl klinikalarda qurdun müalicəsi adı altında aparılan bu cür müayinələrin fırıldaq olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, hal-hazırda təbabətdə elə bir metod yoxdur ki, qurdları aparatla təmizləyə bilsin: “ Uşaqlarda qurd invaziyasının ən etibarlı və obyektiv müayinə üsulu bağırsaq möhtəviyyatının müayinəsidir. Dünyada hələ elə bir aparat icad etməyiblər ki, qurdu bağırsaqdan çəkib çıxartsın. 
İmalə iki cür aparıla bilər. Müalicəvi və diaqnostik. Artıq bu üsullardan da az istifadə edirlər. Bu güm qurdqovucu preparatlarla qurdun müalicəsi aparılır”.
Baş pediatr bildirir ki, qurd invaziyasının diaqnozunu qoymaq üçün ya qurdun özü tapılmalıdır, yaxud da onun yumurtası: “Mədə-bağırsaqda yerləşən qurdların aşkarlanması üçün ən obyektiv üsul, bağırsaq möhtəviyyatı təzə-təzə əldə edilən kimi mikroskopiya olunur və orada hansı qurdun  özünün yaxudda  yumurtasının olduğu aşkarlanır. Bundan əlavə də, həkimin klinik əlamətlərə görə müəyyən etdiyi şikayətlər üst-üstə qoyulur, bundan sonra qərar çıxardılır. Adətən uşaqlarda daha çox rast gəlinən bizquyruq qurd (enterbioz), askarida (askaridoz), lambliya (lyamblioz) deyilən birhüceyrəli orqanizmlərə rast gəlinir. Onların da qurdqovucu preparatlarla müalicəsi tam mümkündür.  Bundan başqa bəzən immunoferment analiz yolu ilə qanını müayinə ilə qurdun təyinini təklif edənlər də var. Bu əsasən özəl klinikalardır. Bu düzgün, obyektiv müayinə üsuslu deyil. Dolayı müayinə üsuludur. Bu üsulun çatışmayan tərəfi ondan ibarətdir ki, bu üsulla nə zaman qurdla kontaktda olan insan olubsa, onu sağlam olmasına baxmayaraq, onun antitelləri bu müayinə ilə  görünə bilər. Hazırda uşaqları xəstəliklərə qarşı peyvənd edirlər.  Yaxud da insan hansısa yoluxucu xəstəlik keçirir, sonradan onda imuntet yaranır. İmmunofermet analizdə (İFA) ömür boyu, nə vaxt qanı yoxlasaq, bu xəstəliklərin nişanələri orada görünəcək. Uşaq beş yaşda qızılca xəstəliyi keçiribsə, onun qanını 45 yaşında da immunoferment analizi ilə müayinə etdikdə o keçirdiyi qızılcanın antitelləri, spesfik qızılcanın immunoqloblinləri orada görünəcək. Bu o demək deyil ki, 45 yaşlı insan qızılca ilə xəstələnib. Bu müayinə üsulları  dolayı və qeyri-dəqiq müayinə üsullarıdır. Ona görə də, klinik praktikada onlardan çox az istifadə olunur. Bunu edənlər əsas etibarilə özəl klinikalardır. Bir neçə il öncə də buna bənzər, dolayı yolla qurdun müalicəsini təşkil edən Gürcüstan və İran vətəndaşlarının fırıldağının üstü bizim güc strukturları tərəfindən açıldı. Onlar  məsuliyyətə cəlb olundu. Bizim tövsiyyətimiz ondan ibarətdir ki, uşaqda qurda şübhə olanda dövlət uşaq polikilinikalarının parazitoloji və mədə-bağırsaq şöbələrində müayinə etdirmək lazımdır. Nəcisin mikroskopiyası aparılır, klinik müşahidə ilə birgə qurdun yumurtası, yaxud özü tapıldıqda, bu təsdiq olunmuş hesab olunur. Bundan sonra müvafiq müalicəsinə başlanılır”.

Zülfiyyə QULUYEVA