news Image
2019.02.12
15:19
| A A A
Azərbaycanda süni ürək əməliyyatı ilk dəfə 6 il bundan əvvəl həyata keçirilib-FOTOLAR
Anar Əmrah: “Mən də təsdiqləyirəm ki, Azərbaycanda ilk süni ürək əməliyyatını Kamran Musayev öz komandası ilə gerçəkləşdirib"

Dünən Azərbaycanda ilk dəfə olaraq Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) xəstəyə süni ürək köçürülməsi barədə məlumat yayıldı. Dünyada ən çətin əməliyyatlardan olan süni ürək köçürülməsinin Azərbaycanda  reallaşması mətbuatda da geniş yer almaqla yanaşı, səhiyyəmizin ilk uğuru kimi təqdim və təqdir olundu. Amma sən demə, süni ürək Azərbaycanda hələ 6 il bundan öncə  köçürülüb. 
Movqe.az-ın əldə etdiyi məlumata görə, 2013-cü ildə Mərkəzi Klinik Xəstəxanada uğurla icra edilən süni ürək köçürülməsi əməliyyatı zamanı xəstəyə ABŞ istehsalı olan “HeartMate 2” süni ürək cihazı implantasiya edilib. Əməliyyatı Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev həyata keçirib. Həmin vaxt mətbuata bu barədə geniş açıqlama verən K. Musayev bildirib ki, bu əməliyyat Mərkəzi Klinik Xəstəxanada 44 yaşlı Balakən sakini İbrahim Mənsurovun üzərində aparılıb. 


Qeyd edək ki, süni ürək köçürülməsi kifayət qədər kompleks bir əməliyyatdır. Amma artıq həyata keçirilən bir əməliyyatın Azərbaycan səhiyyəsində bir ilk kimi təqdim olunması təəccüb doğurur.

Odur ki, Movqe.az saytının əməkdaşı 2019-cu il fevralın 3-də ağır ürək və ağciyər çatışmazlığı diaqnozu təyin edilmiş xəstəyə süni ürək implantasiyası edən ürək-damar cərrahı Anar Əmrahla əlaqə saxlayıb. 
Anar Əmrah da Movqe.az saytının əməkdaşı ilə söhbətində süni ürək implantasiyasının Azərbaycanda ilk müəllifinin Mərkəzi Klinik Xəstəxananın baş həkimi, professor Kamran Musayev olduğunu təsdiqləyib. Bildirib ki,  o, Azərbaycanda ilk dəfə süni ürək əməliyyatını yox, ilk dəfə olaraq, çəkisi 160 qram olan dünyanın ən kiçik süni ürəyi – “HeartWare”ni xəstəyə yerləşdirib: “Mən də təsdiqləyirəm ki, Azərbaycanda ilk süni ürək əməliyyatını Kamran Musayev öz komandası ilə gerçəkləşdirib. Bizim işimizdə ilk olan isə, ən kiçik süni ürəyin xəstəyə qoyulmasıdır”.
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin Marketinq üzrə mütəxəssisi Səadət Hənifəyevaya isə Movqe.az-a açıqlamasında bildirib ki,  Azərbaycanda süni ürək köçürülməsini bir ilk kimi mətbuata onlar təqdim etməyiblər: “Biz də bilirik ki, bu əməliyyat Azərbaycanda ilk dəfə bizim Mərkəzdə həyata keçirilməyib. Sadəcə olaraq, çox kiçik ölçüdə süni ürək implantasiyası  Respublika Müalicəvi Diaqnostika Mərkəzində reallaşdırılıb. Həmin məlumatın Azərbaycanda ilk süni ürək əməliyyatı kimi təhrif olunması mətbuatın günahıdır. Biz bu məlumatı belə təqdim etməmişik. 
Xatırladaq ki, dünən Səhiyyə Nazirliyi  Respublika Müalicəvi Diaqnostika Mərkəzinin ürək-damar cərrahı Anar Əmrah və  yüksək ixtisaslı komandası tərəfindən ölkədə ilk dəfə olaraq, çəkisi 160 qram olan dünyanın ən kiçik süni ürəyinin – HeartWare xəstəyə köçürüldüyü barədə məlumat yayıb.  Anar Əmrah da mətbuata geniş müsahibəsində bunun ilk dəfə həyata keçirildiyini söyləyib. 

https://oxu.az/society/298945

 

Movqe.az-ın araşdırması zamanı isə süni ürək əməliyyatının Azərbaycanda ilk dəfə hələ 2013-cü ildə  Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev tərəfindən həyata keçirildiyi üzə çıxıb. 
Zülfiyyə QULUYEVA