news Image
2019.02.12
16:25
| A A A
Göyçay Xəstəxanasının baş həkimi: Qanaxma ilə gələn qadın məcburi abort zamanı ölüb

Göyçay rayon Mərkəzi Xəstəxanası abort zamanı dünyasını dəyişən qadınla bağlı yayılan məlumata münasibət bildirib.

Xəstəxananın baş həkimi Elçin Bilalov Trend-ə açıqlamasında bildirib ki, dünyasını dəyişən 1990-cı il təvəllüdlü Nurlanə Əlikişi qızı Əliyeva Göyçay sakini deyil:

"Qadın Astara sakinidir. Həyat yoldaşı çoban işləyir. Bir neçə gün öncə həyat yoldaşı ilə birlikdə Göyçaya gəlib. Bu gün səhər saatlarında qadın kəskin qanaxma ilə xəstəxananın doğum şöbəsinə daxil olub. Qadın 14 həftəlik hamilə olub. Həkimlər onu məcburiyyət qarşısında abort eləmək qərarı verib. Qadın abort zamanı dünyasını dəyişib".

Baş həkim bildirib ki, qadın bu vaxta qədər bir neçə dəfə qeysəriyyə əməliyyatı olub və uşaqlıq borusu zədələnib:

"Hər dəfə qeysəriyyə əməliyyatı zamanı uşaqlıq borusu zədələnir. Bu qadın da 2-3 dəfə qeysəriyyə əməliyyatı olunub. Bu dəfə də qanaxma ilə daxil olub və abort zamanı dünyasını dəyişib".

E.Bilalov bildirib ki, hazırda faktla bağlı araşdırmalar davam etdirilir.