Əlaqə Arxiv
news Image
2019.02.15
21:01
| A A A
Sosial şəbəkələrdə müharibə veteranlarına sosial müavinətlərin verilməsi ilə bağlı səslənən fikirlərə-Nazirlikdən RƏSMİ MÜNASİBƏT

Qeyd edirik ki, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş insanların, müharibə əlillərinin və bu döyüşlərdə şəhid olanların ailələrinin, sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. 
Dövlət başçısı tərəfindən imzalanan fərman və sərəncamlar bu istiqamətdə mühüm addımların atılmasına, həmin kateqoriyalardan olan vətəndaşların etibarlı sosial müdafiəsi sisteminin formalaşmasına imkan verməkdədir. 
Təkcə son bir ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil, ümumilikdə isə 6 654 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilmiş və cari ildə azı 800 mənzilin verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda müharibə əlillərinə 265 ədəd, ümumilikdə isə 6 144 avtomobil təqdim edilmişdir. Dövlət başçısının müvafiq Fərmanları ilə 12 268 şəhidin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmuş və onlardan artıq 3 758 şəhid üzrə 5 144 vərəsəyə həmin ödənişlər həyata keçirilmişdir.  
Əlavə olaraq qeyd edirik ki, müharibə əlilləri və şəhid ailələri pensiya və ya sosial müavinətlə bərabər, Prezidentin aylıq təqaüdləri ilə də təmin olunmaqdadırlar. Ötən dövrdə bu sosial ödənişlərin məbləği mütəmadi olaraq artırılıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 30 yanvar tarixli bu sahədə olan son Fərmanı ilə şəhid ailəsi üçün Prezidentin təqaüdünün aylıq məbləği 58 manat artırılaraq 300 manat məbləğinə çatdırılıb. 
Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş insanlar, bu döyüşlərdə şəhid olanların ailələri, müharibə əlilləri digər sahələrdə də dövlətin daimi qayğısı ilə təmin olunurlar. Eyni zamanda, cari ildə əmək haqları və pensiyaların əhəmiyyətli şəkildə artırılması üçün müvafiq sənədlərin imzalanması da sosial sahəyə Dövlətin və Dövlət Başçısının xüsusi qayğısının əyani təzahürüdür. 
Bununla belə, dəfələrlə bu istiqamətdə məlumat və izahat verilməsinə baxmayaraq son günlər sosial şəbəkələrdə və ayrı-ayrı media orqanlarda yuxarıda sadalanan görülmüş işlərə kölgə salınaraq, guya müharibə veteranlarına ədalətsiz yanaşmanın mövcud olduğu barədə cəmiyyətdə yanlış rəy yaratmağa yönələn fikirlər səslənməkdədir. 
Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanına əsasən, aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə bəzi kateqoriya vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilən güzəştlər müvafiq müavinətlərlə əvəz edilmişdir.  
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 2005-ci il 11 iyul tarixli 257 nömrəli Fərmanına əsasən, əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müavinət təyin edilib. Onu da bildiririk ki, hal-hazırda müavinətin məbləği 55 manat təşkil etməklə 52 000 nəfər şəxsə aylıq əsaslarla  “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli 1.1.7-ci yarımbəndinə uyğun olaraq ödənilməkdədir.
2007-ci il 22 yanvar tarixli 514 nömrəli “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanın 3-cü bəndində 2001-ci il 26 dekabr tarixli Fərmanın 1-ci bəndinin 6-cı abzası qüvvədən düşmüş hesab edilmişdir. 
2006-cı ilin yanvar ayının 1-dən qüvvəyə minmiş “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.6-cı maddəsinə əsasən, kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası almaq hüququ olmadıqda təyin olunur. 
Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1.6-cı maddəsinə əsasən, döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçuların əmək pensiyasının sığorta hissəsinə 11 manat məbləğində əlavə nəzərdə tutulub. 
Qeyd olunanlarla yanaşı, bildiririk ki, son zamanlar ölkənin sosial-iqtisadi inkişaf imkanlarına uyğun olaraq bu sahədə qanunvericilik ciddi şəkildə təhlil olunaraq, sosial müavinətlərin unifikasiyası və təkmilləşdirilməsi yönündə müvafiq işlər görülmüşdür. Bu prosesin davam etdirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi üzrə islahatların aparılması qarşıdakı dövrdə də nəzərdə tutulmuşdur.
Son olaraq, vətənpərvərliyini, dövlətçiliyə sadiqliyini keçdikləri həyat yolu ilə sübut etmiş Qarabağ müharibəsi veteranlarını, əsassız iddialar üzərində hökumətə qarşı mənfi fikirlərə kökləyən, açıq şəkildə etiraza təhrik edən bəzi şəxslərə bu cəhdlərindən uzaq olmağı, dövlət qurumlarına qarşı qeyri-etik davranışlardan çəkinməyi tövsiyə edir, ölkə rəhbərinin başçılığı altında Hökümətin gördüyü işlərə kölgə salmağın, eyni zamanda vətənə sevginin təkcə maddi meyarlarla ölçülməsinin yol verilməz olduğunu onların diqqətinə çatdırırıq.

Sizin Reklam Yeriniz