Əlaqə Arxiv
news Image
2019.02.18
13:38
| A A A
Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün 217 nəfər ərizəsini təsdiqlədib

2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul imtahanında iştirak etmək istəyən namizədlərin sənəd qəbulu internet vasitəsilə aparılır.

DİM-dən Movqe.az-a bildirilib ki, fevralın 18-nə olan məlumata görə, qəbul imtahanında iştirak etmək üçün 217 nəfər (Azərbaycan bölməsi üzrə 198, rus bölməsi üzrə 19) ərizəsini təsdiqlədib. Ərizə qəbulu fevralın 14-dən başlanıb. İmtahanda iştirak etmək üçün namizəd fevralın 21-dək DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov ) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir. Dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra (hərbi tibb fakültəsini bitirənlər istisna olmaqla) əmək fəaliyyətlərini 3 (üç) il müddətində Səhiyyə Nazirliyinin göndərişinə əsasən dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, rezidenturada ikinci dəfə təhsil ödənişli əsaslarla həyata keçirilir.

Xatırladaq ki, rezidenturaya qəbul olunmaq hüququna Azərbaycan Respublikasında baza (əsas) ali tibb təhsili almış şəxslər, yaxud ali tibb sahəsində müəyyən edilmiş qaydada ixtisası nostrifikasiya edilmiş xarici ölkələrdə təhsil almış şəxslər malikdirlər. Baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı aprelin 7-də, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə iyulun 14-də keçiriləcək.

 

Zülfiyyə QULUYEVA

Sizin Reklam Yeriniz