Əlaqə Arxiv
news Image
2019.02.18
12:48
| A A A
"Oğlanların sayı qız uşaqlarına nisbətən iki dəfə yüksəkdir" -Azərbaycanda

"Azərbaycanda bu gün hər doğulan 100 qıza 114 oğlan düşür. Bu da selektiv abortların fəsadlarıdır".

Bu sözləri Movqe.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Demoqrafiya və məşğulluq siyasəti şöbəsinin müdir müavini Rəna Abdullayeva söyləyib.  O, oğlan və qız uşaqlarının cins nisbətinin pozulduğunu söyləyib. Həmsöhbətimiz bildirib ki,  beynəlxalq praktikaya görə, hər doğulan 100 qıza 105-107 oğlan düşməlidir : “Rəqəmlər göstərir ki, Azərbaycanda doğulan oğlan uşaqlarının sayı qız uşaqlarına nisbətən iki dəfə yüksəkdir.  Çox təəssüf ki, bu gün ailələr əsasən oğlan uşaqlarına üstünlük verir. Bu, həqiqətən də problemdir. Nəsilvermə əmsalı var, qızların sayı oğlan uşaqlarının sayından ciddi şəkildə fərqləndikdə nəsilvermə faizi də aşağı düşür. Oğlan uşaqlarının say üstünlüyü 20 ildən sonra oğlanların elə özləri üçün ciddi problemə səbəb olacaq. Oğlanlar ailə qurmağa loru dildə desək, qız tapmayacaq. Əlbəttə ki, oğlanların əcnəbilərlə nikaha daxil olması hallarının artmasına gətirib çıxardacaq. Bu ailələrin də sayının azalmasına gətirib çıxardacaq".
R. Abdullayeva deyir ki, illər keçsə də, hələ də alədə oğlan uşaqlarının əsas işçi qüvvəsi kimi lazım olması fikri dəyişməyib. Bu streotip isə ailələrdə doğulacaq qız uşaqlarının sellektiv abortun qurbanı olmasına gətirib çıxardır: “Hələ də belə təsəvvür var ki, ailəyə gələcəkdə qazanc gətirən, ailəni dolandıran əsasən kişilərdir. Bu isə selektiv abortlara gətirib çıxardır. Ona görə də oğlan uşaqları üstünlük təşkil edir”.
Amma R. Abdullayeva artıq Azərbaycanda bu göstəricinin tədricən azaldığını söyləyir. Həmsöhbətimiz deyir ki, əvvəllər ölkəmizdə oğlanların qızlara nisbəti hər doğulan 100 qıza nisbətdə 116 nəfər idi: “Biz bu rəqəmlə Çindən sonra ikinci yerdə qərarlaşmışdıq. Amma artıq bu nisbətin müsbətə doğru dəyişməsi müşahidə olunur. Biz ildən-ilə qız uşaqlarının say artımında müsbət nəticə ilə rastlaşırıq. Bu isə qadınların əmək bazarında iştirakının artması, sahibkarlıq fəaliyyəti ilə məşğul olması, özünüməşğulluq proqramında qadınların iştirakının daha çox təmin olunması kimi tədbirlərin həyata keçirilməsi ilə bağlıdır. Biz artıq görürük ki,cəmiyyətdə formalaşmış streotiplər aradan tədricən aradan qalxır. Biz bununla yanaşı beynəlxalq təşkilatlarla da bu istiqamətdə iş həyata keçiririk. Məsələn, BMT-nin İnkişaf Fondu, Əhali Fondu ilə birgə silsilə tədbirlər həyata keçiririk. Bu qız uşaqlarının dəyərinin artırılması, xüsusilə kişilər arasında təbliğat işləri, dini nümayəndələrin iştirakı kimi təbliğat kampaniyaları aparılır. Artıq biz əminliklə deyirik ki, bizim qadınlar kişilərlə bərabər əmək bazarında təmsil olunur, evə kişi kimi qazanc aparmaq, ailəni dolandırmaq iqtidarındadır. Bu təcrübə Koreyada da öz müsbət nəticəsini verib. Bu ölkədə oğlan uşaqlarının sayı Çindən də artıq idi. Cins nisbətinin artmasına görə vaxtıilə Koreya  Çini də qabaqlayırdı. Amma 20 il əvvələ nisbətdə bu gün artıq Koreyada belə bir disbalans yoxdur. Onlar da buna qadınların əmək bazarında iştirakı, qadınlara kreditlərin verilməsi kimi məşğulluq yönündə siyasətin aparılması ilə nail oldular. Artıq Koreyada qadınlarla kişilər arasında say nisbəti tam tarazlaşıb”.
Şöbə müdiri deyir ki, Azərbaycan da beynəlxalq ekspertlərin iştirakı ilə BMT-nin Əhali Fondu ilə birgə cins nisbətinin pozulmasının aradan qaldırılması ilə bağlı tədbirlə planı hazılayıb. Burada da iqtisadi məsələlərə, qadınların məşğulluğuna, onların əmək bazarında aktivliyinin artırılması, eləcə də təbliğat məsələləri öz əksini tapıb. 
R. Abdullayevanın sözlərinə görə, bu gün müxtəlif dövlət qurumları,eləcə də təşkilatlar tərəfindən qız uşaqlarının sayının artırılması üçün müxtəlif təkliflər irəli sürülür. Onların arasında doğulan qızlara görə, ailələrə ödənişin verilməsi məsələsi də yer alır: “Amma biz bu cür stimullaşdırıcı tədbirlərdənsə, qadınların məşğulluğunun artırılması, işləmələri üçün bağçaların sayının artırılması, onların təhsilinin stimullaşdırılması, kreditlərin əlçatanlığı kimi məsələlərə üstünlük veririk. Birbaşa hansısa məbləğdə ödənişin verilməsi kimi müzakirələr aparılmır. Ailələrdə qız uşaqlarının dəyərinin artırılması, əmək bazarına cəlb olunması istiqamətində işlər görülür”. 

Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz