Əlaqə Arxiv
news Image
2019.02.19
19:06
| A A A
Masallıda Şəhid Ehtiram Abbasovun anım günü keçirilib

Ağır döyüşlərdən sonra onu evə buraxmışdılar. Vaxtdan istifadə edən valideynləri onu illərlə sevdiyi qızla evləndirmişdilər. İki aydan sonra vuruşduğu hərbi hissədən ona məktub gəlmişdi, birbaşa Füzuli bölgəsinə gəlməyi tapşırmışdılar. 
Ehtiram hərbi hissədə yeni tapşırıqlar aldı. Düşmən 3-4 ay əvvəlkindən də böyük qüvvə ilə, yeni silahlarla hücuma keçirdi. Ancaq hər gün onların həmlələri zərərsizləşdirilirdi. Evdən məktub almışdı. Valideynləri yazırdılar ki, qardaşları Seyran, Sakit və Ruhin də artıq cəbhədədirlər. Yazırdılar ki, ehtiyatlı olsun, evdə gözləyəni var.
Qarşıdakı məktəb binasında düşmənin mövqeyi çox möhkəm idi. Düşmən irəliləməyə imkan vermirdi. Ancaq komandir binaya zərbə endirməyə əmr vermişdi. Komandir təkrar etiraz edəndə Ehtiram döyüşçü dostları ilə minamyotlardan məktəbi atəşə tutdu. Divarlar lay-lay yırğalanıb uçuldu. Düşmən əsgərlərinin çığırtısı açıq eşidilirdi. Əsgərlərimiz bir neçə kilometr irəliləyə bildilər. Bu döyüşdən sonra hamı bu təcrübəli hərbiçinin cəsarətinə inandı.
Bir saat keçməmiş ermənilər daha böyük qüvvə ilə hücuma keçdilər. Komandir hücum əmrini verdi. Ehtiram səngərdən çıxıb irəli atıldı. Bu zaman düşmən gülləsi onu yerə sərdi. Onda 1994-cü il fevralın 16-sı idi. Fevralın 18-də qarlı-çovğunlu bir gündə cənazəsi doğma Mahmudavara gətirilib torpağa tapşırıldı. İndi atası Heybət kişi, anası Şahzeynəb xanım oğul həsrəti ilə yaşayırlar. Ölümün şəhidlik zirvəsinə ucalan Ehtiram Abbasov bu gün kəndin gənclərinə nümunə göstərilir: igidlik, qəhrəmanlıq, şücaət, hünər nümunəsi, kəndin 6 şəhidindən biri olan Ehtiram Abbasovun məzarı həmişə dostlarının, yaxınlarının ziyarət yeridir.
Bu günlərdə şəhid Qüdrət Babayev adına Masallı rayonunun Mahmudavar kənd ümumi orta məktəbində igid Ehtiramın anım günü qeyd edildi. Tədbir iştirakçıları əvvəlcə kəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstəsi qoyub ehtiram göstərdilər. Sonra Böyük Vətən və Qarabağ Şəhidlərinin abidəsi də ziyarət edildi. İzdiham kənd qəbiristanlığına gəlib əvvəlcə Ehtiram Abbasovun, daha sonra burada uyuyan digər şəhidlərin məzarına qərənfillər qoyub, ruhlarına dualar oxundu. 
Anım mərasimi məktəbin akt zalında yarımçıq qalmış ömürləri ədəbi-bədii kompozisiyalı şeir və səhnəciklərlə davam etdirildi.
Dövlət Himnindən sonra aparıcılar Ehtiram Abbasov və başqa şəhidlərin ömür yoluna səyahət etdilər. Bildirildi ki, 1969-cu ildə dünyaya göz açan E.Abbasov orta məktəbi bitirib hərbi xidmətə gedir. Qarabağda müharibə başlananda Ehtiram Rusiyanın şəhərlərinin birində hərbi xidmətdə idi. O, dərhal vətənə qayıdıb cəbhəyə yollanır.
Səhnədə “Şəhidlər” guşəsində 6 şəhidin şəkli asılmış, masa üzərində “Mahmudavarın mərd övladları” kitabları, şəhidlər haqqında məqalə dərc edən qəzetlər düzülmüşdü.
Şagirdlər vətən, torpaq, şəhidlərlə bağlı hazırladıqları ədəbi-bədii kompozisiya təqdim etdilər. Məktəbin müəllimləri Bəsarət Ağayev, Təhmiraz Fərəcov, Elşad Nəsirov, Mahmudavar məscidinin icma sədri Hacı Vəkil Babayev, rayon təhsil şöbəsinin işçisi Abbas Abbaszadə, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Yeni həyat” qəzetinin məsul katibi Həsənağa Əliyev, şəhid Ehtiramın atası Heybət Abbasov, şəhid Mübarizin atası Tofiq Şahbazov çıxış edərək şəhidlərin ömür yolundan danışdılar. Kənd ümumi orta məktəbinin direktoru İsa İbadov şəhid Ehtirama həsr etdiyi şeiri oxuyub, bundan sonra da şəhidlər və vətənpərvərlik mövzularında tədbirlərin həyata keçiriləcəyini gündəmə gətirərək anım gününü yekunlaşdırdı.

Əlihüseyn Şükürov

Sizin Reklam Yeriniz