Əlaqə Arxiv
news Image
2019.02.19
17:25
| A A A
Prezidentdən sənədsiz binalarla bağlı inqilabi qərar
Ekspert: “Prezidentin bu fərmanı onlara böyük hədiyyə oldu”

Məlumat verildiyi kimi Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb. Bu fərmanla çoxmənzilli binaların istismarına icazə verildiyi gündən 1 ay müddətində həmin binalar su, kanalizasiya xidməti, eləcə də işıq və qazla təchiz edilməli və belə binalardakı mənzillər “Çıxarış”la təmin edilməlidir.  Bu sənədə əsasən tikinti-quraşdırma işləri başa çatmış və faktiki istifadə edilən çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsi sadələşdirilmiş qaydada həyata keçiriləcək. Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində binaları möhkəmlik baxımından müayinə etməli, müayinənin nəticələri müsbət olduğu halda müvafiq rəy tərtib edib Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim etməlidir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu binanın istismarına icazə verməlidir. “Azərsu” ASC, “Azərişıq” ASC və “Azəriqaz” İstehsalat Birliyi binalarının istismarına icazə verildiyi gündən 1 ay müddətində çoxmənzilli yaşayış binalarının su, kanalizasiya xidməti, işıq və qazla təchiz edilməsini təmin etməlidir.  Əmlak Məsələləri Dövlət Komitəsi isə istismarına icazə verilmiş binalardakı mənzillərə qısa müddətdə Çıxarış verməlidir.

Fərmanda o da qeyd olunur ki, Fövqəladə Hallar Nazirliyinin binanın müayinəsi barədə rəyi mənfi olduqda, aşkar olunmuş konkret çatışmazlıqlar və onların aradan qaldırılması üçün zəruri tədbirlər barədə rəy yaşayış binasının sahibinə təqdim edilməlidir. Rəydə göstərilmiş çatışmazlıqlar 5 ay müddətində aradan qaldırılarsa, müayinənin yenidən aparılması üçün FHN-nə müraciət edilə bilər. Ölkə başçısının imzaladığı fərmana əsasən FHN, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları, “Azərsu” ASC, “Azərişıq” ASC və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu Fərmanın icrası ilə bağlı görülmüş tədbirlər və işlərin gedişatı barədə hər ay Prezidentə məlumat verilməlidir.

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyir ki, bu fərman çoxmənzilli binalarla bağlı uzun illərdir ki, yığılıb qalan problemləri nəhayət ki, həll edəcək: “Bilirsiniz ki, istismar aktı olmadan çoxmənzilli binada qeydiyyat məsələsini həyata keçirmək mümkün deyil. İstismar aktı bunun üçün ən vacib sənəddir. Bu günə qədər Bakı Şəhər İcra Hakimiyyəti ilə Tikinti Kooperativləri arasında bu sahədə çox ciddi və həlli mümkün olmayan problemlər mövcud idi. Hətta FHN-nin tikintiyə yararlı olduğunu təsdiqləyən rəyinə baxmayaraq BŞİH-i müəyyən əsaslar gətirərək çoxmənzilli binaya  istismar aktı verməkdən imtina edirdi. Artıq bu Fərmandan sonra FHN-nin müsbət rəy verdiyi çoxmənzilli binalara BŞİH istismar aktını verməyə bilməz”.

Ekspertin sözlərinə görə, ilkin hesablamalara görə, Bakı şəhərində 100 mindən artıq mənzil var ki, həmin mənzilin mülkiyyətçiləri binada istismar aktına görə qeydiyyatsız qalıblar: “Həmin sakinlər yaşadıqları binaya istismar aktı veriləcəyinə ümidlərini belə itirmişdilər. Çünki binanı inşa edən kooperativlər ərazini tərk etmişdi. Onların bir gün yaşadıqları mənzilə qeydiyyata düşəcəklərinə inamı qalmamışdı. Prezidentin bu fərmanı onlara böyük hədiyyə oldu”. 

R. Osmanlının sözlərinə görə, artıq FHN-nin müsbət rəy verdiyi mənzillərə istismar aktı veriləcək: “Bundan dərhal sonra ƏMDK çoxmənzilli binaların qeydiyyatına başlayacaq. Bu da  dövlət büdcəsinə daxilolmaları artıracaq. Təsəvvür edin ki, əvvəl qeydiyyatsız binalarda aparılan əməliyyatlar zamanı əməliyyat xərcləri qeyri-rəsmi formada MTK-ların cibinə gedirdi. Bundan sonra isə əməliyyatlar zamanı əməliyyat xərcləri dövlət büdcəsinə yönəldiləcək. Vergi ödənişləri formasında, girov əməliyyatlarında, vərəsəlik, bağışlama digər əməliyyatlar zamanı vəsaitlər artıq dövlət büdcəsinə daxil olacaq. Bələdiyyələr həmin ərazilərdən rahat şəkildə əmlak vergisini toplaya biləcəklər”.

Ekspert bildirir ki, çoxmənzilli binaların istismara qəbulu mənzil idarəetməsi sahəsindəki bir sıra problemləri də aradan qaldıracaq: “Əvvəlki halda çoxmənzilli binalarda idarəçilik hələdə MTK-ların səlahiyyətində qalırdı.  Onlar da öz istədikləri kimi binanı idarə edirdilər. Mənzil sakinləri də onlarla mübarizə apara bilmirdi. Çünki sakinlərin bəzi hallarda qeydiyyatı olmadığı üçün imkanları məhdudlaşdırılırdı. Artıq cənab Prezidentin bu fərmanı ilə sadaladığımız problemlər aradan qalxacaq”.

R. Osmanlının sözlərinə görə, indiyə qədər mülkiyyətçilər öz əmlaklarını tam təyinatı üzrə də istifadə edə bilmirdilər: “İstismar aktı verilməyən binalardan mənzil alan şəxslər öz mənzillərini hansısa banka girov qoyub sahibkarlıq fəaliyyətlərini genişləndirə bilmirdilər. Bundan sonra isə onların bu problemi də aradan qalxmış olacaq.  Həmçinin mülkiyyətçilər həmin mənzillərin təyinatını da dəyişdirə bilmirdilər. Ölkə başçısının bir fərmanı illərlə  həllini gözləyən çoxsaylı problemlərin aradan qalxmasına imkan verərək vətəndaşların məmnunluğuna səbəb olacaq”.

Qeyd edək ki, fərman binalarının sakinlərinin mənafelərini və Azərbaycanın sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədi daşıyır. Bu fərman 2020-ci il yanvarın 1-dək qüvvədədir.

Zülfiyyə QULUYEVA

 

Sizin Reklam Yeriniz