Əlaqə Arxiv
news Image
2019.02.20
11:47
| A A A
BDYP dörd il əvvəl dünyasını dəyişən şəxsin adına cərimə məktubu göndərdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) 4 il bundan əvvəl dünyasını dəyişmiş şəxsin adına bu ilin fevral ayının 1-də cərimə yazıb. Bu barədə Movqe.az-a dünyasını dəyişmiş şəxsin həyat yoldaşı, jurnalist Zakirə Zakirqızı məlumat verib.

Jurnalist bildirib ki, dünən həyat yoldaşı Elxanın adına BDYP-dən məktub gəlib: " Məktubda bildirilib ki, mənim həyat yoldaşım bu ilin fevral ayının 1-də Salyan yolunda sürət həddini aşdığına görə radara düşüb. Sonra da idarə etdiyi NİSSAN PATROL maşını texniki baxışdan keçmədiyi üçün üstəlik 50 manat da cərimələnib. DYP-nin başbilənlərinə deyim ki, mənim yoldaşım 4 ildir rəhmətə gedib və bizim heç vaxt NİSSAN PATROL maşınımız olmayıb. Hətta öz adına belə kimin üçünsə alsaydı xəbərim olardı. İndi məni bir məsələ düşündürür. Birdən bu maşın kimisə vurub, öldürdü... Məsuliyyəti kim daşıyacaq? Mənim 4 il bundan əvvəl dünyasını dəyişmiş yoldaşım?"

Movqe.az məsələyə aydınlıq gətirmək məqsədilə DYPİ ilə əlaqə saxlayıb. DYPİ-dən bildiriblər ki, bu məktubla bağlı vətəndaş DYPİ-ə müraciət etməklə məsələyə aydınlıq gətirilə bilər. 

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə Movqe.az-a açıqlamasında bildirib ki, bu bir halda mümkündür ki, rəhmətə gedən şəxsin o avtomobil üzərində nə vaxtsa hüququ olsun: " Bəlkə də həmin şəxsin baş etibarnamə ilə bağlı hüququ olub, kiməsə idarəetmə ilə bağlı sənəd verib. Belə halda birinci sahiblik hüququ kimdədirsə, cərimə də onun adına gələ bilər. Avtomobilin cəriməsinin dünyasını dəyişmiş şəxsə göndərilməsi  texniki səhv də ola bilər. O şəxsin həyat yoldaşı DYPİ-nin qaynar xəttinə "902" nömrəsinə və dyp.gov.az saytına elektron məktub yazıb avtomobilin nömrəsini göstərməklə problemi bildirə bilər. Belə halda səhv avtomatik olaraq sistemdə düzəldilir".
E. Muradlı dünyasını dəyişən şəxsə cərimənin göndərilməsi məsələsininin vətəndaşların ölümü barədə qeydiyyat aparan qurumun DYPİ -ə bu barədə məlumat verməməsi ilə bağlı olduğunu söylədi. 
Zülfiyyə QULUYEVA  
Sizin Reklam Yeriniz