Əlaqə Arxiv
news Image
2019.02.21
15:00
| A A A
Zəlzələdən sonra hansı vulkanlar püskürə bilər? Açıqlama
Adil Əliyev: “Vulkan özü enerjini toplayıbsa zəlzələnin baş verməsi vulkanın baş verməsini sürətləndirə bilər”

Şamaxı və İsmayıllıda baş verən son zəlzələdən sonra ölkəmizdəki palçıq vulkanlarında da aktivləşmə müşahidə edilir. Fevralın 6-da Şamaxıda baş verən zəlzələdən sonra həmin ərazidə yerləşən “Quşçu” vulkanı püskürdü. Bunun ardınca isə Qaradağ rayonu ərazisində "Otmanbozdağ" vulkanın da aktivlik müşahidə olundu. Bəs görəsən zəlzələ digər vulkan ocaqlarında da aktivləşməyə səbəb ola bilərmi? 
AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyir ki, əgər vulkan özü enerjini toplayıbsa zəlzələnin baş verməsi vulkanın baş verməsini sürətləndirə bilər. Həmsöhbətimiz bildirir ki,  vulkan da zəlzələ kimi təbiət  hadisəsi olduğundan nə vaxt aktivləşərək püskürəcəyi barədə proqnoz vermək olmaz: “Vulkanın baş verəcəyini ancaq ehtimal etmək mümkündür. Bunu uzun illər onun fəaliyyətini izləyərək söyləmək olar. Ona görə də mən bu il hansı vulkanların püskürəcəyi barədə öz ehtimallarımı səsləndirirəm. Ötən il ehtimallarıma görə söyləmişdim ki, Azərbaycanda 2019-cu ildə 6 vulkanın püskürəcəyi gözlənilir. Onlardan ikisi, Şamaxıda “Quşçu” vulkanı ilə  Qaradağ rayonu ərazisində "Otmanbozdağ" vulkanı püskürdü. Yerdə qaldı dörd vulkan. Bunlar da Abşeron yarımadasında Bozdağ , Ələt qəsəbəsində Bahar, Qobustanda Şəkixan, Nardaranaxtarma, Ayazaxtarma, Şıxzərli vulkanlarıdır. Bozdağ Qobu vulkanı sonuncu dəfə 1999-cu ildə püskürüb və bu püskürmədən sonra toplanmış enerjinin çıxması üçün imkan yoxdur. Buna görə də həmin vulkanın püskürməsi gözlənilir. Nisbətən zəifləyən Ələt qəsəbəsindəki Bahar vulkanının püskürməsinə isə onun yamaclarından torpaqların qazılaraq daşınması səbəb ola bilər. Bozdağ Qobu və Bahar vulkanlarında püskürmənin güclü ola biləcəyi ehtimalı var”. 
A.Əliyev bildirir ki,bu gün əsas təhlükə ətrafında yaşayış olan vulkanlarla bağlıdır: “Bu gün Boğdağ Qobu vulkanın yanında  evlər inşa edilib. Bu vulkanın püskürməsi ilk növbədə o ərazidə yaşayan insanlar üçün təhlükədir. Biz dəfələrlə qeyd etmişik ki, vulkanların ətrafında yaşayış üçün ev tikmək təhlükəlidir. Buna baxmayaraq bu gün Keyrəki vulkanının ətrafında yaşayış var. İnsanlar az qala vulkanın püskürdüyü dağın ətəyinə qədər ev tikiblər. Bu əlbəttə ki, yolverilməzdir. İlk növbədə insanlar özləri bu təhlükəni dərk etməli, təbiətin ani şıltaqlığı nəticəsində vulkan palçığının altında qala bilmə ehtimallarının olduğunu  anlamalıdırlar”.
Zülfiyyə QULUYEVA  

 

Sizin Reklam Yeriniz