Əlaqə Arxiv
news Image
2012.05.02
21:48
| A A A
Zirzəmi suları daha böyük təhdid yaratmağa başlayır
Telman Zeynalov: “Zirzəmilərdəki su beton evləri daha da möhkəmləndirir, daş evlərinsə uçma ehtimalını artırır” Adil Qeybulla: “Durğunluq suları mikrobların inkişafı üçün əlverişli mühitdir”

Ölkənin paytaxtı Bakı şəhərində bir sıra yaşayış binaları var ki, zirzəmiləri su ilə doludur. Məlumdur ki, zirzəmilərin su ilə dolması və təmizlənməyərək uzun müddət belə qalması nəticəsində binanın təməli öz möhkəmliyini itirməyə başlayır.

Digər tərəfdən isə həmin vəziyyət orada yaşayan insanların sağlamlıqları üçün də mənfi təsir göstərir. Çünki su ilə dolmuş ərazilər həm də mikrob mənbəyidir. Respublika Gigiyena və Epidemologiya Mərkəzi cari ilin 4 ayı ərzində apardığı araşdırmalar nəticəsində paytaxtda 150-dən artıq binada su basmış zirzəminin olduğunu aşkar edib. Həmin zirzəmilərin su ilə dolması bir sıra hallarda yağışdan sonra yaranan qrunt suların qalxmasının nəticəsində meydana gəlib. Eyni zamanda zirzəmilərin suya qərq olmasında kanalizasiya sularının da "xidməti" az deyildir. Bir çox yerlərdə kanalizasiya yollarının bərbad olması oradan axan suların öz məcrasından çıxaraq hətta binaların zirzəmisinə dolmasına rəvac verir. Təəssüf ki, zirzəmilər uzun müddət su altında qalsalar da, onların təmizlənməsi işlərinə nədənsə müvafiq qurumlar elə də ciddi yanaşmırlar. Bunun nəticəsində isə tədricən də olsa binaların uçma təhlükəsi meydana gəlir. Yəni həmin su kütləsi binaların deformasiyaya uğramasına şərait yaradır. Başqa bir tərəfdən zirzəmilərə toplanan su kütləsi qaldıqca əmələ gələn üfunət iyi həmin ərazidə müəyyən xəstəliklərin yaranmasına da gətirib çıxara bilər.

Milli Ekologiya Mərkəzinin rəhbəri Telman Zeynalov bildirdi ki, zirzəmilərdə su yığınının olmasının beton evlərə xeyri var, yalnız daş evlərin fundamenti üçün uçma təhlükəsi yaradır: "Binaların zirzəmilərinin su basdığı ərazilər özünü əsasən Yasamalda və 8-ci kilometr ərazidə göstərə bilər. Epidemoloji nöqteyi-nəzərdən belə bir vəziyyət həmin ərazilərdə ağcaqanadların yaranmasına səbəb olacaq. Bu da müxtəlif xəstəliklərin yayılmasına şərait yarada bilər. Qrunt suları ilə kanalizasiya sularının bir yerdə qovuşması yaxşı nəticə verməyə bilər, burada metan qazının yığılmasına şərait yaradar. Bu qaz isə insan sağlamlığına mənfi təsir göstərir. İkinci bir tərəfdən qeyd edim ki, zirzəmilərdə suyun həddən artıq olmasının, oraları su basmasının betonlu binalar üçün hər hansı bir uçma təhlükəsi yoxdur. Əksinə, burada olan su kütləsi betonu daha da bərkidəcəkdir. Amma daş binalar əhəngdən olduğundan zirzəmilərdəki su yığını onun fundamentini tədricən ovur. Deməli, daş binalar üçün zirzəmilərdəki su yığını uçma təhlükəsi yaradır. Binaların zirzəmilərindəki suyu qurutmaq və ya lazımi yollarla axıtmaq üçün həmin işə baxan müvafiq qurumlar var. Onlar yeraltı kommunikasiya sistemlərində çat aşkar etdikdə həmin an oranı bərkitməlidirlər ki, zirzəmilər su ilə dolmasın".

Tibb elmləri doktoru Adil Qeybulla isə zirzəmilərdəki suyun insan həyatı üçün nə kimi təhlükələr törədə biləcəyinə aydınlıq gətirdi. O qeyd etdi ki, belə durğunluq suları mikrobların inkişafı üçün əlverişli mühitdir: "Bu cür sularda mikrorqanizmlər artıb çoxalmağa başlayır ki, onlar da orqanizmə ziyanlı ola bilər. Bu cür sularda ağcaqanadlar da çoxalır. Onların da içərisində malyariya keçiriciləri olur. Düzdür, belələri Bakı şəhərində azdır, amma olması da mümkündür. Durğunluq suyu binanın betonuna hopmaqla binada həm də nəmlik yaradır. Nəmlik isə artıq xəstəlik deməkdir, belədə də revmatizm, polyaritin, xroniki bronxitlərin, bronxal asmanın, vərəmin inkişafına şərait yaranır. Bu kimi xəstəliyi olan insanlar zirzəmiləri su ilə dolu yaşayış binalarında özlərini pis hiss edir. Ona görə də binanın ümumi gigiyenası üçün zirzəmilərdə olan suların qurudulması vacibdir".

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz