news Image
2019.03.04
18:30
| A A A
Masallıda əhalinin sosial müdafiəsi mövzusunda geniş şura iclası keçirilib

Xəbər verdiyimiz kimi 1 mart 2019-cu il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin iclas zalında geniş şura iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarların Masallı rayonunda icra vəziyyəti barədə məsələ müzakirə edilmişdir. 
Yığıncağı açan Masallı RİH başçısı cənab Rafil Hüseynov qeyd etmişdir ki, ölkəmizin inkişafı üçün var qüvvəsini sərf edən möhtərəm prezidentimiz İlham Əliyevin əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərar və sərəncamları bu sahədə ən böyük islahatlardır ki, bu tədbirlər hər bir Azərbaycan vətəndaşının ürəyindəndir. Humanist və xeyirxah addım ölkə rəhbərinin öz xalqına sevgi və məhəbbətindən doğur. Verilən sərəncamlar 16 sahədə əhalinin sosial müdafiəsinə və rifah halının yüksəlməsinə xidmət edir. Bu islahatlar dövlət büdcəsinin hesabınadır. Azərbaycan müharibə şəraitindədir. Hər il büdcədən hərbi məsələlər üçün xeyli vəsait ayrılır. Ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsi üçün müasir silahlar alınır, əsgər yataqxanaları inşa olunur, hospitallar tikilir. Sənaye və kənd təsərrüfatının inkişafı üçün vəsait ayrılır. Cənab İlham Əliyevin Masallıya səfərini xatırladan RİH başçısı rayonda əlillər üçün yaşayış binası tikilməsini, qadınların iş şəraitinin yaxşılaşdırılmasını, Sənaye Məhəlləsində xalçaçılıq sexinin yaradılmasını gündəmə gətirdi. RİH başçısı bildirdi ki, cənab Prezidentin Masallıya qayğı və diqqətini həmişə hiss etmişik.
Asan Xidmət və Sənaye Məhəlləsinin Masallıda yaradılması minlərlə iş yeri deməkdir. Lakin möhtərəm prezidentin əhalinin rifahı ilə əlaqədar islahatları dünyada misligörünməmiş humanistlikdir. Bütün növ sosial və əmək pensiyalarının artırılması, əmanətlərin ödənilməsi xalqın illərlə davam edən problem və istəklərinin həyata keçirilməsidir. Bu gün ölkənin sürətli inkişafını, əmin-amanlığını, dünyada tanınmasını gözü götürməyən müxalifət bu uğurlara mane olmaq istəyi ilə yenidən müəyyən qüvvələri mitinqlərə sövq edir. Ancaq xalq ötən əsrin 90-cı illərindəki hadisələri yaxşı xatırlayır. Biz xalq üçün yanan, dövlətimizin tərəqqisi üçün çalışan Prezidentimizin ətrafında sıx birləşməliyik.
    Masallı RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəsir Muxtarlı məruzəsində qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əmək haqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, 12 mindən çox şəhid vərəsəsinə 11 min manat birdəfəlik vəsaitin ödənilməsi, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər, verilmiş mühüm göstərişlər Azərbaycan Respublikasının bütün vətəndaşları kimi Masallı sakinləri tərəfindən də çox böyük sevinc və minnətdarlıqla qarşılanmışdır.
Natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə bir sıra Sərəncam və Qərarlar qəbul edildiyini bildirmişdir:
 “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2019-cu il tarixli 489 nömrəli Fərmanında göstərilir ki, şəhid vərəsələrinin bir hissəsinin əvvəlki dövrlərdə sığorta almasına baxmayaraq ümumilikdə 12 mindən çox şəhid ailəsinin hər birinə 11 min manat vəsaitin ödənilməsinə başlanılmışdır. Masallı rayonu üzrə 143 şəhid vərəsəsi birdəfəlik müavinət almaqdan ötrü müvafiq sənədləşmə işlərini aparmışdır. Bunlardan 26 şəhid vərəsəsi 11 min manat vəsaitlə təmin olunmuşdur. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
     1997–2018-ci illər ərzində dövlət tərəfindən Masallı rayonunda 76 çoxmənzilli binada olmaqla, ümumilikdə 88 Qarabağ müharibəsi əlil və şəhid ailələri mənzillə təmin edilmişdir. Hazırda bu kateqoriyadan olan 7 vətəndaş üçün fərdi yaşayış evinin tikintisi ilə əlaqadar sənədləşmə işlərinə başlanılmışdır.
      Qeyd olunan Sərəncam Masallı rayon üzrə 26134 nəfər əmək pensiyaçısına şamil olunaraq aylıq ödənilən pensiyanın məbləği 4,845,595 manata çatdırılmışdır. Bu da əvvəlki ödənilən pensiyaya nisbətdə aylıq 135,831 manat, illik isə 1,629,972 manat çoxdur. 
Bundan əlavə Masallı rayonu üzrə 8372 nəfərin əmək pensiyası 116 manatdan 160 manata çatdırılaraq aylıq ödəniş 1,151,668 manat olmuşdur. Bu da əvvəlki ödənilən pensiyaya nisbətdə aylıq 187,850 manat, illik isə 2,254,200 manat artım deməkdir.
Rayon üzrə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda minimum əmək haqqı ilə çalışan 3135 nəfərin əməkhaqqısı 1 mart 2019-cu il tarixdən 180 manata çatdırılacaqdır. 
Masallı rayonunda fəaliyyət göstərən Regional Kollecdə təhsil alan 456 tələbədən 234 nəfəri təqaüd alır. Qeyd olunan sərəncamdan sonra təqaüd alan tələbələrin aylıq təqaüdləri müvafiq olaraq 42 manatdan 50 manata, 48 manatdan 60 manata və 60 manatdan 75 manata çatdırılmışdır. Bundan əlavə Masallı Peşə məktəbində təhsil alan 71 tələbənin təqaüdü də 42 manatdan 50 manata çatdırılmışdır.

 “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2019-cu il tarixli Sərəncamına əsasən yaşa görə sosial müavinətin məbləği 130 manata, I qrup əlilliyə görə 150 manata, II qrup əlilliyə görə 130 manata, III qrup əlilliyə görə 110 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinətin məbləği 150 manata, ailə başçısını itirməyə görə sosial müavinətin məbləği 80 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına sosial müavinətin məbləği 100 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına sosial müavinətin məbləği 100 manata, beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği hər uşaq üçün 55 manata, uşağın anadan olmasına görə sosial müavinətin məbləği 200 manata, dəfn üçün ödənilən sosial müavinətin məbləği 300 manata çatdırılmışdır. 
Masallı rayonu üzrə bu kateqoriyadan olan 10366 nəfərin sosial müavinəti artırılaraq aylıq ödəniş 1,363,330 manat olmuşdur. Bu da əvvəlki ödənilən sosial müavinətə nisbətdə aylıq 597,962 manat, illik isə 7,175,544 manat artım deməkdir.
Masallı rayonunda 49 nəfər Əfqanistan veteranının aylıq müavinətinin 55 manatdan 80 manata çatdırılması nəzərdə tutulmuşdur. Bu da aylıq olaraq 1225 manat, illik isə 14700 manat artım deməkdir.
Məruzəçi qeyd etmişdir ki, əhalini ən çox narahat edən məsələrdən biri problemli kreditlədir. Belə ki, 2015-ci ildə manatın devalivasiyası ilə bağlı əhali tərəfindən banklardan xarici valyuta ilə götürülmüş kreditlərin ödənilməsi əhali ilə banklar arasında ciddi problemlərin yaranmasına səbəb olmuşdur. 
Bu problemin birdəfəlik aradan qaldırılması məqsədi ilə 28 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında müvafiq Fərman imzalanmışdır.
Fərman iki hissədən ibarətdir və ümumilikdə təxminən 831 min insanı əhatə edir. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə vətəndaşların sosial işlərə cəlb edilməsinə başlanılmış və bu layihə çərçivəsində Masallı rayonu üzrə 720 nəfərin 180 manat əmək haqqı ilə sosial işlərə cəlb olunması nəzərdə tutulur. Hazırki vaxtadək 535 nəfər işlə təmin edilmiş və prosses davam etdirilir.
Məruzə ətrafında müzakirələrdə ƏƏSMN yanında rayon şöbəsinin müdiri Ərzuman Hüseynov, Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov, məşğulluq Mərkəzinin direktoru Elsevər İmamyarov və başqaları çıxış etmişlər.
İclası yekunlaşdıran Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab R. Hüseynov nitqində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarların bundan sonra da davam etdiriləcəyini göstərmişdir.
Bildirmişdir ki, dövlətin büdcəsini artırmaq üçün biz də səy göstərməliyik. Bu xeyirxahlığa əməli işimizlə cavab verməliyik, torpaqlarımızı əkib-becərməliyik. Yeni obyektlər yaratmalıyıq ki, iş yerləri açılsın. Bir-birimizə arxa-dayaq, humanist olun. Dövlət sizi torpaq vergisindən azad edib ki, bu, dünyanın heç bir ölkəsində yoxdur. Uşaqlarımızın təhsilinə diqqət yetirin. Ölkəmizdəki sakitliyi, əmin-amanlığı qoruyaq. Atalar deyiblər ki, var-dövlət əmin-amanlıq olan torpaqda artar.
Masallı Rayon İcra Hakimiyyətinin növbəti şura iclasında müzakirə edilən məsələ ilə əlaqədar qərar qəbul edilmişdir.

 

Əlihüseyn Şükürov
Həsənağa Əliyev