news Image
2019.03.04
17:31
| A A A
Qalmaqallı videoya görə işdən çıxarılan səhiyyə işçilərindən-AÇIQLAMA

Movqe.az saytı Bakının Suraxanı rayonu ərazisində yerləşən 22 saylı Təcili Yardım Stansiyasının işdən çıxarılan sürücülərindən biri ilə əlaqə saxlayıb. İşdən çıxarılmaları ilə bağlı Movqe.az-a danışan sürücü Arif Babayev bildirib ki, sözügedən video ilə bağlı üç yox,  Təcili Yardım Stansiyasının beş əməkdaşı işdən çıxarılıb: "Biz avtomobilin nasazlığını yoxlamaq məqsədilə dövrə vururduq. Bu zaman Təcili Yardım Stansiyasının tibb bacısı Firəngiz Nəzərova ortada dayanaraq şəklinin çəkilməsini istəyib. Həmin an səhvən video çəkilib. Bizim  orada bir günahımız olmayıb. Rəhbərlik isə bunu Təcili Yardım adına təhqir kimi qiymətləndirərək məni,  Təcili Yardım Stansiyasının  digər sürücüləri Zairov Natiqi və Nəbiyev Natiqi işdən azad etdi. Eyni zamanda  tibb bacısı Nəzərova Firəngiz və həmin videonu instaqramda paylaşan dispetçer tibb bacısını da işdən ağır maddə ilə, Əmək Məcəlləsinin 70 və 72 maddələri ilə azad etdilər. Mən 16 ildir ki,  Təcili Yardım Stansiyasında məsuliyyətlə çalışıram. Digər sürücülər də 10-12 ildir ki, bu sistemdə çalışırlar".

Həmsöhbətimiz bildirib ki, tibb bacıları buna görə məhkəməyə müraciət ediblər: "Biz isə cənab nazir Oqtay Şirəliyevin bu məsələyə humanist yanaşmasına ümid bəsləyirik. Çünki, hər zaman çağırışlara operativ şəkildə yetişərək təcili tibbi yardımın göstərilməsinə çalışmışıq". 

Xatırladaq ki, sosial şəbəkələrdə Təcili Tibbi Yardım Xidmətinə məxsus maşınların musiqi sədası altında bir xanımın başına dövr etməsini özündə əks etdirən video yayılıb. ONA-nın xəbərinə görə, görüntülər Bakının Suraxanı rayonu ərazisində 22 saylı Təcili Yardım Stansiyasıın həyətində lentə alınıb.

Həmin görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra, Səhiyyə Nazirliyi tərəfindən araşdırma aparılıb.

Araşdırmaların nəticəsi olaraq təcili yardım avtomobillərinin sürücüləri və videodakı tibb bacısı işdən çıxarılıblar.

Zülfiyyə QULUYEVA