news Image
2019.03.12
13:37
| A A A
Turistləri Azərbaycandan qaçaq salan səbəb-"Bir şiş kababa beş qat artıq qiymət qoyurlar"

 Azərbaycanda turizmin inkişafına dövlət dəstəyi nəticəsində ölkəmizə gələn turistlərin sayı il-ildən artmaqdadır. Amma son illər otel və iaşə sahəsində xidmət göstərən sahibkarların turistlərə qarşı fürsətcil davranışı onların ölkəmizdən qaçaq düşməsinə səbəb olur. Turizmin inkişaf etdiyi ölkələrdə gələn hər turistə potensial müştəri kimi yanaşılsa da, bizdə sahibkarlar turizmin sabahını düşünmürlər. Bu gün gələn turisti, elə bu gün də “soyub” buraxmaq məqsədi güdən otel, restoran sahibləri həmin turistlərin bir də ölkəmizə gəlməyəcəyindən qəti ehtiyatlanmırlar. Bir şiş kababı gələn turistə maya dəyərindən dəfələrlə baha qiymətə sırıyan fürsətcil sahibkarlar sabah öz obyektlərinin da turist üzünə həsrət qalacağını düşünmək belə istəmirlər. Bunun nəticəsidir ki, Azərbaycan turistlərin yemək xərci baha olan ölkələr siyahısına düşüb. NUMBEO internet portalının bu məqsədlə hazırladığı dünya renkinqində Azərbaycanda iki turistin yemək xərcinin Türkiyədən 40%, Gürcüstandan 20% baha olduğu qeyd edilib. İnternet portalının yaydığı məlumata görə, Gürcüstanda iki nəfərin yemək xərci 18.7 dollara başa gəlir. Türkiyədə  isə bu göstərici 14.7 dollardır. Ümumilikdə, sayt 86 ölkənin reytinqini hazırlayıb. Bu sıralamada Azərbaycan 55-ci, Gürcüstan 69-cu, Türkiyə 77-ci yerdədir.


Turizm üzrə ekpretlər də nəzarət olmasa turizm sahəsində xidmət göstərən sahibkarların çox qazanmaq niyyətinin Azərbayacana üz tutan turistlərin sayının azalmasına gətirib çıxardacağını söyləyirlər.   
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Movqe.az-a açıqlamasında  bildirib ki, Azərbaycanda turizm sahəsində xidmət və qiymət siyasəti ön plandadır. Azərbaycana üz tutan turistlərin internet üzərindən qiymətlərlə tanış olmaq imkanları var. Ölkəmizdə turizmdə xidmət hələki arzuolunan səviyyədə olmasa da, bu sahədə fəaliyyət göstərən sahibkarlar qiyməti xidmətin səviyyəsinə uyğun müəyyənləşdirmirlər : “Otel və restoran sahibləri, yaxud menecerləri naşılıqdanmı, yaxud da bilərəkdənmi nəfslərinə hakim ola bilmirlər. Onların çoxu turizmin incəliklərini dərk etmək istəmirlər. Otellərdə, restoranlarda qiymətlər süni şəkildə şişirdilir. Əgər sahibkar, yaxud menecer qiymət artımı etmək istəyirsə, bunu göstərdiyi xidmətin səviyyəsini, çeşidini, keyfiyyətini artırmaqla etməlidir. İkinci bir məqam qoyulan qiymətlərin maya dəyərindən kəskin fərqlənməsidir. Heç bir sahibkar qiymət siyasətini əsaslandıra bilmir. Kimdən soruşsan bunu elektrik enerjisinə, işçilərin maaşına çəkdiyi xərclə əlaqələndirərək şablon cavab verir. Amma əslində yeməyin maya dəyəri ilə qoyulan qiymət arasında fərq restoran biznesində “marş” adlanır. Qiymət elə olmalıdır ki, bu fərq böyüməsin. Əgər qiymət üçqat, beşqat artırılırsa, məlum olacaq ki, həmin menyuda yeməyin qiymətini restoran sahibi, yaxud da menecer öz kefinə uyğun müəyyən edib. Əgər bazarda pomidorun qiyməti bir manatdırsa, sahibkar onun üzərinə vergini, işçinin əmək haqqını, ərzağın daşınma xərcini və gəlirini əlavə etdikdən sonar beş manata sata bilməz. Bu fərq kəskin böyüyürsə, deməli sahibkar burada çox qazanc əldə etmək niyyəti güdür. Amma düşünmür ki, bu onu az qazancdan da edər. Bu gün ölkəmizə gəlib bu qiymətləri görən turist sabah daha ucuz ölkəyə üz tutacaq. Üstəlik öz ölkəsində Azərbaycana səyahət etmək istəyən həmyerlisini də bu fikirindən daşındıracaq”.
Həmsöhbətimiz deyir ki, bu gün Azərbaycanın turizmin inkişaf etdiyi bölgələrində istirahət və yemək xərci ilə İsveçrədə, Almaniyada gedib dincəlmək olar: “İsveçrənin və digər ölkələrin qiymətlərini Azərbaycanda tətbiq etmək iqtisadi baxımdan da düzgün deyil. Ölkəmizə daha çox turist cəlb etmək üçün qiymətləri münasib etmək lazımdır. Bəzən turizm sahəsində fəaliyyət göstərən sahibkarlar qiymət artımını idxaldan asılılıqla əlaqələndirirlər. Ekzotik yeməklərin, içkilərin, meyvələrin təqdim edildiyi restoranlarda bunu hardasa başa düşmək, qəbul etmək olar. Amma iş orasındadır ki, bu gün öz milli yeməklərimizin təqdim edildiyi restoranlarda da qiymətlər kəllə-çarxdadır. Bu gün hər yerdindən duran turizmlə məşğul olur. Halbuki turizm bir elmdir. Bu sahədə fəaliyyət göstərmək üçün pulu olan insanlar otel, restoran inşa edə bilər. Amma işin başına bu sahəni bilən mütəxəssislər, menecerlər qoymalıdırlar. Pulu olan sahibkarlar bu gün bahalı otellər tikirlər. Amma o otellərin işçilərinin treninqlərdə iştirak edərək bu sahədə püxtələşməsi üçün pul xərcləmək istəmirlər. Halbuki, xidmət sahəsində insan amili çox vacibdir. Bu sahədə xidmət göstərən şəxsin gülər üzü, müştəri ilə davranışı, qurduğu ünsiyyət böyük rol oynayır. Bu həmin otelə gələn turislərin sayının artmasına gətirib çıxardan mühüm amildir. Bu gün iki nəfərin sadə yemək xərcinə 50-60 manat qiymət qoyan restoran və otellər var. Onlar belə düşünür ki, xidmət sahəsinə ingilis dilini bilən kadrların götürülməsi ilə iş bitir. Bu sahənin incəliklərini bilmək, ölkəyə daha çox turist cəlb etməyin yollarını axtarmaq lazımdır. Çox təəssüf ki, bu gün turizm, xidmət sahəsində fəaliyyət göstərən sahibkarları bu məsələ düşündürmür. Onlar fikirləşir ki, bu gün gələn xarici qonağa elə qiymət  deyək ki, yüksək gəlir əldə edək. Belə olanda da təbii ki, onlar da gedib öz ölkələrində Azərbaycanın bahalı ölkə olduğundan danışırlar. Bununla ölkəmizə gəlmək niyyətində olan turistləri də bu fikirdən daşındırırlar. Biz çalışmalıyıq ki, Azərbaycana daha çox turist cəlb edək. Bunun üçün isə probemlər kompleks həll olunmalıdır. Həm turizm və xidmət sahəsinin səviyyəsi qaldırılmalıdır, həmçinin də, qiymətlərə nəzarət edilməlidir. Bu gün dövlətin turizmin inkişafına böyük qayğısı var. Bir tərəfdən sadələşdirilmiş viza məsələsi həyata keçirilir, digər tərəfdən infrastruktur yaradılır. Amma sahibkarlar, menecerlər dövlətin bu dəstəyindən səmərəli istifadə etmirlər. Çox təəssüf ki, hələki biz əksinə prosesin şahidi oluruq. Bəzi sahibkarlar səhv qiymət siyasəti ilə turistləri ölkəmizdən qaçırdırlar”.
M. Ağakərimov deyir ki, bu problemin qarşısı turizmin inkişaf etdiyi qardaş Türkiyə və qonşu Gürcüstanda alınıb: “Azad bazar iqtisadiyyatı şəraitində klassik tərzdə  hər sahibkar bazarda öz rəqabətədavamlılığı ilə qala bilər. Rəqabət də sağlam olmalıdır. Menecementlikdə, idarəçilikdə altı mexanizm var ki, onlardan biri nəzarətdir. Nəzarət olmazsa, həmin yerdə özbaşınalıq, xaos müşahidə olunacaqdır. Biz  dəfələrlə təlkif vermişik ki, mütləq Azərbaycanda turizm şirkətlərinin və otellərin reyesti olsun. Bu reyestr əsasında onların monitorinqi həyata keçirilsin. Bu monitorinq yoxlama və cəzalandırma məqsədi daşımamalıdır. Burada bir tövsiyyə, məsləhət məsələsi önə çəkilməlidir ki, sahibkara məlumat verilsin. Çox təəssüf ki, bizdə nəzarət mexanizmi hələki işlənib hazırlanmayıbdır”.

 Zülfiyyə QULUYEVA